AZADLIQ HAVASINA KÖKLƏNƏN GÜLLƏR

Faiq Balabəyli son illərdə yazdığı  şeirləri “Yağışdan sonra” kitabında cəm edib, oxuculara ünvanlayıb. Və baxıb görürəm ki, 55 yaşın ərəfəsində o, artıq yetkin bir şair kimi diqqəti cəlb edir. Elə həmin kitaba ön söz yazan Xalq şairi Sabir Rüstəmxanlı da qeyd edir ki, Faiq Balabəyli bir şair kimi daim inkişafdadır, hər yeni kitabında öz mövzularına sadiq qalır, öz poetik tərcümeyi-halını zənginlıəşdirir.
Faiq Balabəyli bir şair kimi özünəməxsusluğu ilə seçilir, – desək, doğru olar. Bunu onun bir kitablıq şeirləırində də görə bilərik. Elə ilk şeirlərindən və ilk şeir kitablarından hiss olunurdu ki, Faiq sözün təzəliyinə can atır, dahi Füzulinin “Ver sözə ehya ki..” kəlamına sadiq qalmağa çalışır.
Hər bir şairin özünəməxsusluğu onda təzahür edir ki, təsvir və tərənnüm etdiyi, yaxud inkar və rədd etdiyi hadisələrə münasibətində ilk növbədə, səmimi olsun. Bu səmimiyyət heç də zahiri görüntü olmasın və Faiq də bu prinsipə əməl etməyə borcludur.
Faiq Balabəyli hər şeirində səmimidir-güllərdən, çiçəklərdən yazanda da, öz doğma kəndini yad edəndə də, böyük Vətənlə bağlı düşüncələrini qələmə alanda da, həbsxana həyatında keçirdiyi ağrı-acıları gizlətməyəndə də, sevgi hisslərini büruzə verəndə də, şeirdən-sənətdən, şairlikdən söz açanda da bu səmimiyyət hissi onu tərk eləmir. Ancaq səmimiyyət o zaman xoş təəssürat oyadar ki, onu poeziya dili ilə ifadə etmək mümkün olsun. Burada artıq istedad məsələsi ortaya çıxır. “Vətənə ağı” şeiri məncə, Faiqin ən səmimi, həm fərdi, həm də ictimai duyğularını ifadə edən bir şeiridir. Və bu şeirdə onun şairliyi ilə “Vətən daşı” (M.Araz) olmağı vəhdət təşkil edir.
“Vətənə ağı” əslində, KÖVRƏLMƏK ÜÇÜN YAZILMAYIB, KƏDƏRƏ BÜRÜNMƏK ÜÇÜN DƏ QƏLƏMƏ ALINMAYIB. O “AĞI”NIN, O KƏDƏRİN İÇİNDƏ ZÜLMƏT YOX, İŞIQ AXTARIR Faiq.
Elə istəyirəm ki,
Sənin üçün ölümə gedəm;
Buna görə yaşamaq istəyirəm,
Yaşamaq!
Yaşamaq yanğısı təkcə şairin öz fərdi duyğuları ilə bağlı deyil, həm də real həyatla, o həyatın həm ağrılarını, həm də sevinclərini duymaqla da maraqlıdır. “Elə bil, bu kəndin yiyəsi yoxdu!” – Faiq Balabəyli vaxtilə özünü bu kənddə xoşbəxt hesab edirdi, indi isə…
Bu bahar ağaclar qısır qalacaq
Yarpaq açmayacaq budaqlarında.
Yuva qurmayacaq hacıleyləklər,
Solacaq çöllərdə otlar, çiçəklər
Lalə bitməyəcək, gül açmayacaq,
Çəmənlik boyunca körpə uşaqlar
Kəpənək qovaraq ta qaçmayacaq –
İndi kəndimizdə kəpənək yoxdu.
Ağır gəlir adama…Amma Faiqin “Arada” adlı başqa bir şeiri də var və o şeirdə bir nəfəslik kədər də yoxdu, təəssüf də. Faiq deyir ki: “Kəndimizin üstündən uçan buluda uzanmaq istəyirəm, əllərim təndirdəymiş kimi qızınım, yağış damlası kimi çırpım özümü ayrılıqların baş verdiyi kənd yollarına”. Bu artıq yaşamaq, doğulduğu kəndi sevmək, əvvəlki kimi görmək duyğusundan yaranır. Ümumiyyətlə, Faiq Balabəylinin şeirlərində bir-birilə təzad təşkil edən belə meyllər diqqətdən yayınmır. Deyir ki: “Mən necə sabaha ümid bağlayım?!” Deyir ki: “Mən bədbəxt adamam, yazıq adamam” və deyir ki: “Mən də öləcəyəm günün birində”-bütün bunlar küskünlük, bədbinlik saçır. Amma təkcə Faiqin deyil, bu, onun bir çox həmyaşıdlarının da şeirlərində nəzərə çarpır. Faiqin “Məhbusun dəftərindən” silsiləsindən olan şeirlərində də bu küskünlük, narazılıq hissləri ifrat dərəcəyə çatır:
Mən həbsxana həyatına
öyrəşə bilmədim,
Çırpındım qəfəsdəki quş tək.
Hər gecə bir şirin yuxu arzuladım,
Gözlədim bayquş tək.
Torağaylar kimi
Yuvamda qalan balamı arzuladım.
Yolumu gözləməkdən
Gözləri çuxura düşən
Anamı arzuladım
Mən yaşamaq istədim,
“Həyat gözəldir” dedim.
“Mən yaşamaq istədim”– bu da ən bədbin görünən şeirdə ən nikbin misradır. Bütün bunlara Faiqi qınamaq olarmı? Zənnimcə, yox! Çünki Sabir Rüstəmxanlının dediyi kimi, Faiq Vətənini, yurdunu sevir, amma onun faciələrinə dözə bilmir, öz şair-vətəndaş mövqeyini bildirməkdən çəkinmir. Öz dərdlərini, ağrı-acılarını belə unudur:
Oğlum,
mən nə deyim, özün bilirsən-
Şuşanın Daşaltı faciəsinə
daş qəlbli insanlar daş olub baxır
onların yerinə daş da utanır!
Nə qədər ağlayıb, səbr etmək olar?!
Axır, gözümüzdə yaş da utanır…
Heç nə dəyişmir!
Amma Faiqin şeirlərində romantik duyğular da yox deyil.
Sənin əlindən tutmaq
Hər şeyi unutmaq
Göz yaşlarını qurutmaq
istəyirəm.
İstəyirə adımı heca-hecə
Eşidim dodaqlarından…
Yaralı quş kimi çırpınan
sinənə sıxılmaq istəyirəm…
Bu şeir həbsxanada yazılıb. Baxın:
Bayıl türməsinin həyətini
azadlığın könül oxşayan havasından
qoruyan,
soyuq və qalın divarlar boyunca əkilən
qızılgüllər
qızıl qana boyanmışdı sanki.
Ləçəkləri qan-qırmızı,
Yaraqları isə yam-yaşıl idi.
Azadlıq havasına köklənmişdi bu güllər…
Faiqin əvvəlki şeir kitablarında təbiətdən gələn notlar az deyildi. Amma bu kitabında belə şeirlərə tək-tük rast gəlirik, əlbəttə, söhbət sırf təbiət şeirlərindən gedir. Amma az olsun, yaxşı olsun! “Axşamkı yağışdanq sonra” şeiri göstərir ki, Faiq Balabəylidə o duyğu heç də əskilməyib. O, təbiətdən yazanda vəsf və tərənnüm yolunu seçmir, hansı gülüsə, çiçəyisə, dağısa, çayısa vəsf eləmir, sadəcə, təbiətin insan hisslərinə təsirini ön plana çəkir:
Axşamkı yağışdan sonra
anamın fikri iki,
gözləri dörd olacaq;
aranı dağa daşıyacaq
dağı arana…
…Axşamkı yağışdan sonra
azadlığa çıxmaq həvəsim
birə beş artdı,
dünya ürəyimə daha da yatdı.
Və bu düşüncələrlə mən
oğlumun alnından öpmək istədim,
qızımın saçından,
anamın ürəyindən.
Kitabda “Tənhalığın şərqisi” silsiləsindən şeirlər də maraq doğurur. Faiqin tənhalığı fərdi həyatının özəlliyindən doğur (həmişə belə olurmu), yoxsa həyatdakı reallıqların, “zəmanənin pis üzünün” ona təsirindəınmi? Hər halda, hər ikisindən…
Titrədi yarpağı bu qovağın da
Budağı əyildi dizinə sarı…
Gəlsəydi yoluna xalı edərdi
Qəribsəmiş ağac bu yarpaqları…
Ağac da qəribsəyir. Təkcə öz tənhalığını deyil, sevdiklərinin də tənhalıq qəhərini yaxşı duyur. Özünün tənhalığında kəndini xatırlayır, içinə çökmüş ağrı-acılarından söz açır və bilirsən ki, tənhalığın fərdi-subyektiv çaları budur.
Sən olmayan məkanda
Hər yer səsszlik içində…
…Yuxusuzluq
yoxsulluq kimi
əlini üstümüzdən çəkmədi heç…
Hələ də səni düşünürəm,
özüm yada da düşmürəm!
Təbii ki, təzə şeirlər kitabında Faiqin yaxşı şeirləri ilə müqayisədə mənim də bəyənmədiyim şeirlər var. Amma mən bunların üzərindən sükutla keçirəm, çox deyil və lap öncədən dediyim sözə qayıdıram: Faiq Balabəyli artıq yetkin şairdir, o, sözünün poetik çəkisini, urvatını bizə çatdıra bilir. Bu qədər.
Vaiqf YUSİFLİ
Filologiya elmləri doktoru, professor
“Ədalət” qəzeti, 12 yanvar, 2019. N: 7 (5471)
Share: