“Azəriqaz” əhalini aldadır ?!

 

2012-ci ildən smart tipli qaz sayğacından istifadə edirəm. Düzü, indiyə kimi sayğacla heç bir problemimiz olmayıb. Pulumuzu yükləyib, mavi qazı işlətmişik. Sayğac da (bir-iki koda düşmə istisna olmaqla) normal işləyib.
11.11.2022-ci il tarixdə “Azəriqaz” əməkdaşları ünvana gəlib 2012-ci ildən quraşdırılan bütün sayğacları yenisi ilə əvəz etdiklərini bildirdilər. Sayğacın işlək vəziyyətdə olduğunu desəm də “Müəllim, bu sayğacların istismar müddəti qurtarıb” dedilər. “Qanun şahdır”ı əsas tutub razılaşdım. “Bəs balansımda olan 100 m³ qaz necə olacaq? “Narahat olmayın, aktda qeyd edəcəyik, yeni kartı aktivləşdirəndə balansınıza yüklənəcək”-dedilər.
Sayğac dəyişdirildi, akt yazıldı. Mən də aktı, yeni verilmiş kartı götürüb “Asan kommunal”a getdim. Üç saat gözlədikdən sonra məlum oldu ki, mənim köhnə sayğacımın balansında olan qaz yeni karta yüklənməyəcək. Əməkdaşların tərtib etdiyi akt düzgün deyil. Güya mənim balansım elə bu gün “sıfırlanıbmış”. (Belə “dəqiqliklə” işlədiklərinə qibtə etdim lap).  Hər-hansı şikayətim varsa məhkəməyə müraciət etməyimi məsləhət bildilər. Mən aktda göstərilən halal haqqımı “Asan kommunal”ın əməkdaşı Vüsal Haqverdiyevə başa sala bilmədim ki, mənim yüllədiyim qazın 100 m³nu hələ işlətməmişəm.
Maraqlıdır, heç bir nöqsan, şikayət olmadan sayğac niyə dəyişdirilməlidir? Əgər dəyişdirilməlidirsə onda aktla sayğacda göstərilən balans niyə yeni karta yüklənməməlidir?
Başa düşmürəm, heç nədən abanentlərə problem yaradan “Azəriqaz”ın özbaşnalığına kim nəzarət etməlidir. “Siz şikayət edin, bir ayın ərzində baxılacaq” kimi başdansovdu cavab verməklə xalqı dövlətdən narazı salmaqmı istəyirlər? Onlar yaxşı bilir ki, çoxu şikayət etməyəcək. Vətəndaşların pisxologiyasın biliklərindən bu təklifi rahatlıqla edirlər…
Ola bilsin o 100 m³ qaz kiminçünsə cüzi görsənə bilər. Amma bütövlükdə bu çox böyük rəqəmdi.
Dövlət başçısı həmişə məmurlara xalqa nümunəvi xidmət etməyi tövsiyyə edir. Lakin “Azəriqaz” kimi qurumlar hələ də qulaqlarından pambığı çıxarıb, eşitmək istəmirlər.
Mənsə ailəmiz üçün heç nədən problem yaradanlardan əl çəkməyəcəyəm. Onların yanlış əməllərini sübuta yetirəcəyəm ki, xalqla dövlət arasında olan əlaqə qırılmasın.

Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar birliyinin üzvü. Prezident təqaüdçüsü.

Share: