Azərbaycanın haqq etdiyi qələbə…

Qırx dörd gün davam edən ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan bu müddət ərzində nəinki 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, həm də çoxsaylı strateji yüksəklikləri azad etməklə işğal faktına son qoydu, düşmən üzərində öz hərbi, siyasi və diplomatik üstünlüyünü göstərdi.

Müharibə dövründə bir çox xarici hərbi ekspertlər ölkə rəhbərliyinin ordunu ən müasir texnika və hərbi avadanlıqlarla təmin etməsini, şəxsi heyətin döyüş ruhunu yüksək qiymətləndirdi. Həqiqətən də, bu iki amilin sayəsində qısa müddətdə düşmənin texnikası tam məhv edildi, ermənilərin canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu sözün həqiqi mənasında darmadağın edildi, düşmənin silahlı birləşmələri atəşkəs ərəfəsində vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamasında ordusunun döyüş qabiliyyətinin xeyli aşağı olmasından gileylənmiş, səfərbərliklə bağlı ciddi problemlərin yarandığını dilə gətirmişdi. Paşinyan üçün müharibənin gedişində ən acı məğlubiyyət Qarabağın incisi sayılan Şuşanın müzəffər Ordumuz tərəfindən azad edilməsi oldu.
Azərbaycan tarixi Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bu gün artıq iki ölkədə fərqli mənzərə yaranıb. Əgər İrəvan etiraz aksiyalarında boğulursa, Bakıda qələbə sevinci yaşanır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi. Kapitulyasiya ilə bağlı saziş erməni tarixinin ən ağır sənədi sayıla bilər. Çünki sənədə məğlub durumda imza atan Nikolun heç bir tələbi yerinə yetirilmədi.
Otuz illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olundu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsinin Azərbaycan Ordusunun nəzarətində olması tarixi nailiyyət sayılmalıdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməz”liyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Azərbaycan güclü dövlət kimi söz sahibi olduğunu sübut etdi.
Yaşasın qüdrətli Azərbaycan və onun layiqli lideri İlham Əliyev!
QARABAĞ AZƏRBAYCANDIR!
 
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan Əbilov.
Share: