Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” və  “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

Qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.

Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

– magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

– doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

– orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

– elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.

Universitetin nizamnamə fondu 102734549 (yüz iki milyon yeddi yüz otuz dörd min beş yüz qırx doqquz) manatdır.

Digər qərara əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nizamnaməsi təsdiqlənib.

Share: