Azərbaycanda 7 pilot qadın kooperativi yaradıldı

Qaxdan Yasəmən, Bərdədən Fatimə, Zaqataladan Nərgiz, Balakəndən Aşıq Sənəm və Lalələr…Bu adlar sizə tanış gəldi?

Cəmi 3-4 il əvvələ qədər onların əksəriyyəti evdar, az təminatlı, hətta kəndlərindən belə kənara çıxmayan kənd qadınları idi. Amma bir araya gələrək, çiyin-çiyinə verib, yaratdıqları qruplar, çəkdikləri zəhmət və əzmkarlıqları sayəsində bunu bacardılar: Tezliklə onlar sadəcə qadın adları kimi deyil, hər biri özündə onlarla kənd qadınının ümidlərini cücərdəcək, ailələrin iqtisadi imkanlarını yüksəldəcək pilot qadın kooperativləri olaraq, tanınacaqlar. Azərbaycan Kənd Qadınları Assosiasiyasının (AKQA) Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Kənd Təsərrüfatı Nazirliyinin texniki dəstəyi ilə həyata keçirdiyi yeni layihə sayəsində… Belə ki, AKQA-nın Qadın İnkişaf və Müəssisə qruplarından 7-si ölkənin hüquqi qeydiyyatı olan ilk qadın kooperativlərinə çevrildi. Bununla kənd qadınlarının resurslara və bazara çıxışı asanlaşacaq və daha çox gəlir əldə edəcəklər.

“Azərbaycanda Pilot Qadın Kooperativlərinin Yaradılması” layihəsinin sonunda- noyabrın 29-da Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində qadın kooperativləri cəmiyyətə təqdim olundu. Sərgidə və tədbirdə Ağdam, Beyləqan, Bərdə, Qax, Zaqatala, Tərtər və Balakən rayonlarından 26 Qadın Qrupu iştirak edirdi. “Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Kooperativlər və Assosiasiyalar şöbəsinin müdiri Fariz Əliyev pilot kooperativlərin sədrlərinə “Kooperativ Quruculuğu” təlumində iştirakla bağlı sertifikat təqdim etdi.”USAİD Özəl Sektorun İnkişafı Layihəsinin siyasət və hüquq eksperti Rəşid Məmmədov kooperativ kimi fəaliyyət göstərəcək qadın qruplarının USAİD/PSA Layihəsi ilə uğurlu əməkdaşlığından və gələcək perspektivlərdən söz açdı.

Qeyd edək ki, indiyə qədər müxtəlif təşkilat və qurumlar tərəfindən kooperativlərin yaradıldığını və onların böyük əksəriyyətinin fəaliyyətini dayandırdığını nəzərə alaraq, layihə çərçivəsində Qaxda “Kooperativlər – ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” seminarı keçirilib. Daha sonra Balakəndə 3, Qaxda 4 şəbəkə görüşü baş tutub. Fatimə, Novruz, Aşıq Sənəm, Lalələr, Yasəmən, Çinar və Nərgiz qruplarının hər birindən təsisçi kimi namizəd olan 5 qadın təlimlərdə iştirak edib. Sentyabrda isə qruplar Qaxda yerləşən “Api Delta” Arıçılıq Kooperativinə təcrübə səfəri ediblər.

Share: