Azərbaycanda 202 dərmanın qiyməti QALXDI

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

Müstəqil.Az  Tarif Şurasına istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Eyni zamanda, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

***

Tarif (qiymət) Şurası bəzi dərman vasitələrinin qiymətlərinin yenidən tənzimlənməsinə aydınlıq gətirib.

Şuradan Müstəqil.Az-a bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

“Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb. Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur” – məlumatda qeyd edilib.

Şuradan vurğulanıb ki, dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər: “Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb”.

Müstəqil.Az

Share: