Azərbaycan sınaqlar burulğanında

Soylu Atalı

Bu gün Azərbaycanın siyasi çevrəsində aparılan oyunlar qorxunc bir gələcəkdən soraq verir. Bu həyəcanları biz illər öncədən izləyirik. Yəni 30 ildir Azərbaycana, onun özündən qıraqda, siyasi tale hazırlayırlar. Bu prosesi birbaşa quranlar var, bir də onlara yardım edənlər.

Azərbaycanın Ermənistanla apardığı 44 günlük savaş boyunca İranın antiAzərbaycan davranışları, bütün çılpaqlığı ilə, gözlə görüləcək bir düzəyə qalxdı. Öncələr İran, ayrı-ayrı manevrlər eləməklə, qara niyyətlərinin üstünə örtük çəkə bilirdi. Artıq bunu eləmir, eləyə bilmir, eləmək də istəmir. O çağdan bu günə kimi ən alçaq niyyətləri ortalıqdadır. Biz ayrı-ayrı çağlarda bunun nədəninə geniş aydınlıqlar gətirmişik. Toplumun aktiv kəsiminə də  çox şeylər artıq bəllidir. Azərbaycanın siyasi bərpasını dilə gətirənlərimizin sayı da durmadan artmaqdadır. Belə götürəndə bizim istəklərimiz çox doğaldır. Heç kimin torpağını işğal etməyə çağırışlar etmirik ki. Tarixi-milli-mənəvi-siyasi haqqımızı bərpa eləməyin gərəkliyini dilə gətiririk. Söz yox, İran-molla rejimi bunun fərqindədir. Ona görə Azərbaycana qarşı açıq təxribatlar törətməkdən çəkinmir. Ən son Tehrandakı elçiliyimizdə ötən ay törədilən terror olayı İranla bağlı daha qapsamlı düşünmək gərəyi yaradır. Çoxlarımız İranın bölgədə təkləndiyini dilə gətirir, ona görə də onun bu davranışlarına doğal yanaşırıq. Daha doğrusu, onun bu davranışlarının doğal olduğunu düşünürük. Əslində isə bu bölgədə Azərbaycanın özü təklənir. Amerika-Rusiya-İran münasibətlərində çelişkilərin olmasına heç kim güvənməsin. Azərbaycanla bağlı ayrıca planların olduğu göz önündədir. Bu planların üzərində iş gedir. Bu yaxınlarda Avropa parlamenti Laçın yolundakı aksiya ilə bağlı qətnamə qəbul etmişdi. Ermənilər ABD konqresinə antiAzərbaycan layihə sunublar. Qətnamə qəbul olunduğu halda, ABD-nin prezident administrasiyasına 5 önəri sunulacaq. Bunlardan ikincisi “Laçın koridorunda uluslararası izləyicilərin yerləşdirilməsi üçün danışıqların aparılmasıdır”. Kim deyə bilər, bu davranışlar ABD-nin öz planları ilə oluşmur?! Görünən odur, ABD rus “sülhməramlıları”nı özünün, bir də Avropa Birliyinin əvəz eləməsini, ya da hər üçünün orada olmasını istəyir. ABD-nin 30 il ATƏT-in Minsk Qrupunda apardığı oyunlar, məsələlərin çözümünə qarşı göstərdiyi əngəllər boşuna deyildi ki. O çağlar Azərbaycan torpaqlarını, rus qüvvələri ilə birgə, dalbadal işğal edən Erməniyə yardımlar edirdi. İflic durumunda olan Azərbaycana qarşı isə “Azadlığa yardım aktına 907-ci düzəlişi”  gerçəkləşdirirdi. Bütün bunları Rusiyanın Güney Qafqazda  təkbaşına oturuşması, möhkəmlənməsi üçün eləmirdi ki. Dediyimiz kimi, bütün bugünkü oyunlar Batının, Qarabağda təkbaşına oturan Rusiya ilə etkiləri bölüşdürmək, bir az da qabağa getmək istəyindən qaynaqlanır. Dediyimiz kimi, ATƏT-in Minsk qrupu 30 il boyunca təkcə Rusiya üçün çalışmırdı. Bu gün ABD ilə Fransanın bu bölgədə çıxarları ən qabarıq şəkildə gündəmə gəlməkdədir. Fransanın  Makronu özünün jandarm qüvvələrini Ermənistana göndərməyi düşünür. Eyni halda, ABD-nin Qarabağla bağlı özünün barış layihəsini sunacağı gözlənilir. Yuxarıda da vurğuladığımız kimi, Güney Qafqazda ABD ilə Avropa Birliyi üçün həlledici aşamalar başlayır. Ona görə deyirik, çox ola bilər, ermənilərin antiAzərbaycan layihələri ABD-nin “gözvurması” ilə gündəmə çıxarılmış olsun.

Nə yazıqlar, Azərbaycanın bəzi siyasi yorumçuları, “enerji təhlükəsizliyi” məsələsinin önəmini qabardaraq, Azərbaycana qarşı ermənilərin pis niyyətlərinin işləməyəcəyini vurğulayırlar. Ancaq bilmək gərəkdir, ABD də, Avropa Birliyi də həm ermənini Azərbaycandan qoruyacaqlar, həm də Azərbaycanı balaca saxlamaqla, onun enerji olanaqlarından yararlanacaqlar. Guya onlar enerji istəslər Azərbaycan verməyəcək?! Verməmək şansı yoxdur, həm özünün iqtisadi durumu  baxımından, həm də qarşısındakılar güc yiyələri olduğuna görə. Azərbaycan, yandaşları Türkiyə, Pakistan, İsrail dövlətləri ilə birgə, ABD-ni, Fransanı, Rusiyanı durdurası deyil ki…
Ona görə yuxarıda vurğuladıq, Azərbaycanın çevrəsində gedən oyunlar qorxulu gələcək vəd edir. Çünkü sadaladığımız proseslərə start verilib. Fransanın, ABD-nin Qarabağ məsələsinə bunca dərindən girmələri həm Qarabağın qaytarılmasının, həm də Azərbaycanın bütövləşməsinin biryolluq qarşısını almaq niyyəti güdür. Baxın, bizi öz torpaqlarımızı işğal eləmək istəyində suçlayan ermənini, 30 il öz yardımları ilə, Minsk Qrupu dövlətləri necə qoruyurdusa, bu gün də eləcə qoruyur, üstəlik daha aktiv, açıq siyasi dəstəklərini ortaya qoyurlar. Hələ araya canlı qüvvə yerləşdirib terrorçu, təxribatçı ermənini Azərbaycan gülləsindən qorumağı da planlayırlar….
Biz bu yazıda bəlli faktları, rahatsızlıqları dilə gətirməklə pessimist ovqat yaratmaq istəyində deyilik. Sadəcə özümüzü aldatmamaq gərəkdiyini xatırlatmaq istəyirik. Tarixdən dərs götürmək yerinə, yenə də, anlamsız təbliğatlar qurulur, yersiz öygülər, şişirtmələr baş alıb gedir. Mübarizə aparmaq üçün durumu doğru dəyərləndirmək, doğru yöndə ölçü yaratmaq gərəkdir. Toplumun başının altına yastıq qoymaq yox, doğru yöndə maarifləndirmək gərəkdir. Toplumun içərisində, adı çəkilən güclərin buyruğunda durub, antiAzərbaycan davranışları sərgiləyənləri islah eləmək gərəkdir. Bunun üçün ayrı-seçkiliyi ortadan qaldırmaq, toplumun sosial-ekonomik durumuna təminat yaratmaq gərəkdir… Bütün bunları eləmək üçün sağlam Milli-siyasi Hərəkat formalaşmalıdır. Biz Azərbaycanın siyasi səhnədən çıxmasına inanmırıq. Gec, ya tez, qurtuluşu başlayacaq Uluyurd Hərəkatı oluşacaqdır. Bu, OTaydamı başlayacaq, Bu Taydamı, bunun önəmi yoxdur. Önəmi olan odur ki, bu sadəcə bir təsəlli deyil, xalqın varolma olanaqlarını ortaya çıxaracağına inamdır – Mübarizə ruhlu İnam!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun.

13 Köçəri Ayı, 44-cü il. Atakənd.

(fevral, 2023. Bakı).

Share: