Azərbaycan ŞƏT-in sammitinə qatılacaq, Ermənistan iştirakdan imtina edib

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlət başçılarının assosiasiyanın genişləndirilməsi ilə bağlı bir sıra qərarların qəbul ediləcəyi sammiti keçiriləcək.

“Report” xəbər verir ki, təşkilatın liderləri İran tərəfinin ŞƏT-ə qoşulması ilə bağlı öhdəlikləri haqqında memorandum imzalayacaq, bundan sonra İslam Respublikası müvafiq öhdəlikləri yerinə yetirəcək və rəsmi giriş prosedurunu başa çatdıracaq.

Sammitdə həmçinin Belarusun təşkilata üzvlüyünün qeydiyyatı prosesi başlayacaq və Misir, Qətər və Səudiyyə Ərəbistanı ilə dialoq üzrə tərəfdaşlıq memorandumları imzalanacaq. Səmərqənddə eləcə də Bəhreyn, Küveyt, Maldiv adaları, Myanma və Birləşmiş Ərəb Əmirliklərinə dialoq üzrə tərəfdaş statusunun verilməsi prosedurunun başlanması barədə qərar qəbul ediləcək.

ŞƏT-in baş katibi Çjan Min bildirib ki, çoxlu sayda ölkə ŞƏT-ə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı olmaq arzusunu ifadə edib. O, təşkilatın yeni üzvlərin qəbulu ilə “regional təhlükəsizliyin və sabitliyin qorunmasında, ŞƏT-ə üzv dövlətlərin ümumi maraqlarının dairəsinin genişləndirilməsində, eləcə də qlobal idarəetmənin sistemi ədalətli və ağlabatan istiqamətdə inkişafının təşviqində getdikcə daha mühüm rol oynayacağına ümid etdiyini bildirib.

Son üç ildə ilk dəfə əyani keçiriləcək budəfəki sammitdə ŞƏT-ə üzv dövlətlərin liderlərindən əlavə, üç müşahidəçi ölkə, Belarus, İran və Monqolustan, həmçinin üç ölkə Azərbaycan, Türkmənistan və Türkiyə dəvət olunub. Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilirdi, lakin çərşənbə günü axşam onun səfəri ləğv etdiyi məlum olub.

 

Share: