Azərbaycan Rəssamlar İttifaqı sərgilər açacaq

Azərbaycan Rəssamlar İttifaqı iyun ayından etibarən avqusta qədər davamlı şəkildə sərgilər açmağı planlaşdırır.

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov deyib.

“Azərbaycan Rəssamlar İttifaqı olaraq gələcək planlarımız çoxdur. İyun ayından etibarən avqusta qədər davamlı şəkildə sərgilər açmağı planlaşdırırıq. Aprel ayında da fərdi sərgilərimiz olacaq. Bu günlərdə diplomat Tural Rzayevin də fərdi sərgisi açılacaq. Bir məqamı da vurğulamaq istərdim ki, biz rəssamlarımızın öz əsərlərini satışa çıxartmağa şərait yaradırıq. Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqı olaraq Xətai Sənət Mərkəzində ilk dəfə olaraq həvəskar rəssamların sərgisini açdıq. Oradan bəzilərini İttifaqa üzv qəbul etdik. Ölkəmizdə xeyli sayda əsərləri olan istedadlı gənc rəssamlar var. Biz onların əsərlərini nümayiş etdirməkdən ötrü mütəmadi olaraq fərdi sərgilər təşkil edirik. Rəssamlıq Akademiyasında yetərincə istedadlı tələbələr yetişdirilir. Bu istiqamət üzrə intensiv işlər görülür. Bildiyiniz kimi bir çox Avropa ölkələrində görkəmli ədiblərimizin, mədəniyyət xadimlərimizin heykəlləri ucaldılıb. Bu heykəllərin müəllifləri azərbaycanlı heykəltəraşlardır. Hətta Almaniyada Xocalı, Brüsseldə isə Dədə Qorqud heykəlini qoymuşuq. Belə heykəllərin sayı çoxdur. Biz Novruz bayramı günlərində bir sıra sərgilər açmağı planlaşdırırıq”, -deyə A.İbrahimov qeyd edib.

AZƏRTAC

Share: