Azərbaycan millətlərarası dialoqu fəal şəkildə təşviq edir

Sevindirici haldır ki, bu gün bizim gündəliyimiz mədəniyyət mövzusuna həsr olunub.

-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

Əli Əsədov deyib ki, ölkələrimiz mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət üçün böyük potensiala malikdir: “Hər il MDB çərçivəsində mədəniyyət paytaxtlarının və tematik humanitar illərin elan edilməsi Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verir. Fürsətdən istifadə edərək, cari ildə Mədəniyyət paytaxtı statusunda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin MDB ölkələrinin mədəniyyətlərarası dialoqunun inkişafına verdiyi töhfəni xüsusi qeyd etmək istəyirəm. Həmçinin Səmərqənd şəhərinin 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilməsi münasibəti ilə Özbəkistan Respublikasını təbrik edirəm”.

Baş nazir qeyd edib ki, Azərbaycan MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir:

“Ölkəmizdə müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif tədbirlər keçirilir. Azərbaycan artıq bu cür tədbirlərin keçirilməsinin ənənəvi məkanına çevrilib. Əlbəttə, bütün bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə əsaslanır. Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində yaşayırlar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu vətəndaşlarımızdır. Biz, bu gün, bu faktı bu yüksək kürsüdən bir daha bəyan edirik. Ölkəmiz çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası dialoqu fəal şəkildə təşviq edir”.

Share: