Azərbaycan əsgərinin şəhid olduğu formada ərgən kimi “like” ardınca qaçan məmur

Məlum olduğu kimi, hazırda Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası dövrü başlayıb. Prosesin sürətli, problemsiz və Azərbaycan Respublikasının qanunları əsasında baş tutmasının tərəfdarı olan Azərbaycan sakinlərə öz təkliflərini edib. Məlumdur ki, gedənlər də Ermənistanda bir o qədər xoş qarsalamırlar. Bunun obyektiv və subyektiv səbəbləri var. Ən azından onu demək olar ki, daxildən parçalanmış Ermənistanda “Qarabağ ermənisi” və “İrəvan ermənisi” qarşıdurması uzun illərdir davam edir. Amma əsas məqam bu deyil. Azərbaycan sülh əlini 30 ildir destruktiv mövqe sərgiləyən Ermənistana uzatmaqda davam edir. Bu, milli kimliyimizin siyasətdə əks olunan simasıdır. Hazırda iki ölkə arasında danışıqlar davam edir. Buna baxmayaraq, ermənilər hər  yerdə öz “tarixi torpaqlarından”, “dədə-baba yurdlarından” qovulduqlarını, deportasiya məruz qaldıqlarını car çəkirlər. Belə bir zamanda  Azərbaycan tərəfi həm səbirlə, həm də məntiqlə öz mövqeyini göstərir. İki ölkə arasında yenidən müharibəni olmaması və tez bir zamanda sülh müqaviləsinin bağlanması üçün addımlar atır. Bu addımlardan vacib olanı isə təbii ki, erməniəsilli vətəndaşların Azərbaycan daxilində qanuni şəkildə, digər millətlər kimi, bu ölkənin vətəndaşlarının hüquqlarına sahib olmaqla yaşamasını təmin etməkdir. 

Belə həssas məqamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov sosial şəbəkələrdə Xankəndidə çəkilmiş fotosunu paylaşıb. Foto şəhərin girişindəki “Nənə və baba” abidəsinin qarşısında çəkilib. Abidənin üzərində Azərbaycan bayrağı vurulub.
Belə bir incə məqamda bu cür paylaşım etmək nə qədər doğrudur? Axı bu abidə ermənilərin gözündə az qala müqəddəs bir ziyarətgahdır. Bu addım kifayət qədər gərgin olan mühiti bir az da alovlandıra bilər. Durduq yerə belə qıcıqlandırıcı post paylaşmağın hansı məntiqi əsası var, anlamaq çətindir sözün düzü. Və ən əsası, bu addım sənə nə qazandırdı? Sosial şəbəkə hesabında “like”? Yoxsa, “hər kəsin şəkili var, mənim niyə olmasın?” prinsipini əldə bayraq tutaraq axmaq qərar vermək bacarığı.  

Üstəlik mülki bir şəxsin hərbi mundir geyinib Xankəndindən şəkil paylaşması nə mənəvi, nə də hüquqi tərəfdən doğrudur. Axı bu günlərdə ölkəmiz keçirdiyi lokal xarakterli antiterror tədbirlərində 204 şəhid verib. O formanı geyinən hər bir şəhid geriyə baxmadan, yağı düşmən üzərində qələbənin xəyalını quraraq canından keçib. Canından keçib ki, həm Qarabağ azad olsun, həm bu torpaqlarda Azərbaycanın müqəddəs üçrəngli Bayrağı dalğalansın, həm də gələcək günlərdə mülki şəxslər bu torpaqlarda 30 il öncəki kimi normal həyatlarını yaşasınlar. O formanı geyinənlər bu ali dəyərlər, bu ulu məqsədlər üçün düşünmədən canlarından keçiblər. İndi belə bir məqamda mülki şəxs olaraq necə formanı geyinib poz verərək şəkil çəkdirə bilirlər? Həm də şəhidlərin qanı qurumamış. 

Bu heç bir halda erməni təəssübkeşliyi deyil, əksinə, bu Azərbaycan əsgərinə verilməli olan dəyərin bir daha ön plana çıxardılmasıdır. Həmçinin orada yaşayan ermənilərə verilən mesajdır ki, necə ki, Azərbaycan Bakının mərkəzində erməni kilsəsini illər boyu toxunulmaz şəkildə saxladı, elə indi də Qarabağdakı tarixi abidələri, kilsələri və sənin üçün dəyərli olan tikililəri qorumağa davam edəcək. Yetər ki, bu absurd iddialardan əl çək və birgəyaşayış normaları çərçivəsində, rahat şəkildə bu torpaqlarda yaşa. Bütün bu çağırışların fonunda kifayət qədər məsuliyyət və siyasi savad tələb edən vəzifədə çalışan birinin belə bir addım atması ən yumşaq tərzdə desək, anlaşılan deyil. 

Onu da qeyd edək ki, öz mənbələrimizdən aldığımız məlumata görə, bu hadisə Prezident Aparatında da olduqca pis qarşılanıb. Təbii ki, bu da anlaşılandır. Dövlətin siyasi xəttini heçə sayan, bu qədər əziyyət və səyləri axmaq bir qərarla puç edən birinə qarşı münasibət başqa cür ola da bilməz. Bununla bağlı ciddi tədbirlərin görüləcəyi bildirilib! 

Qeyd edək ki, Araz İmanov sabiq deputat, AMİP partiyasının sabiq sədr müavini, professor – Nazim İmanovun oğludur.

Share: