Azərbaycan–Polşa əlaqələrində Məhəmməd Əmin Rəsulzadənin rolu

Azərbaycan–Polşa əlaqələrində Məhəmməd Əmin Rəsulzadənin rolu

Vəli Xaspoladov

XX əsrin ilk yarısı Şərqi Avropa və Qafqaz üçün siyasi transformasiyalar, imperiyaların süqutu, milli dövlətçilik ideyalarının yüksəlişi və ideoloji qarşıdurmalar dövrü idi.

Bu mürəkkəb geosiyasi şəraitdə həm Azərbaycan, həm də Polşa öz milli dövlətçiliklərini qorumaq uğrunda ağır mübarizə aparırdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra (1920) formalaşan siyasi mühacirət hərəkatı yalnız milli istiqlal ideyasının yaşadılması ilə kifayətlənməmiş, eyni zamanda beynəlxalq siyasi münasibətlər sistemində Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışmışdır. Bu prosesdə Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı.

Rəsulzadə yalnız Azərbaycan milli azadlıq hərəkatının lideri deyildi. O, həm də Sovet ekspansiyasına qarşı formalaşan beynəlxalq siyasi müqavimət şəbəkəsinin mühüm simalarından biri idi. Onun Polşa ilə qurduğu münasibətlər sırf diplomatik əlaqə deyil, həm də ümumi təhlükəyə qarşı ortaq strateji əməkdaşlıq modeli idi. Bu münasibətlər təkcə iki xalq arasında əlaqə deyil, bütövlükdə Şərqi Avropada və Qafqazda anti-bolşevik siyasi platformanın formalaşmasının tərkib hissəsi kimi çıxış edirdi.

Azərbaycanın 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğalı təkcə dövlət müstəqilliyinin itirilməsi deyildi. Bu hadisə eyni zamanda milli siyasi və hərbi elitanın parçalanmasına, ölkənin intellektual potensialının xaricə axınına səbəb oldu. Mühacirətə gedən siyasətçilər, zabitlər və ziyalılar yeni bir siyasi mərhələnin əsas aktorlarına çevrildilər. Onlar anlayırdılar ki, Sovet hakimiyyəti ilə mübarizə yalnız daxildə deyil, beynəlxalq səviyyədə də aparılmalıdır. Bu baxımdan Polşa kimi Sovet təhlükəsini birbaşa hiss edən dövlətlərlə əlaqələr xüsusi strateji əhəmiyyət daşıyırdı.

Polşanın görkəmli dövlət xadimi, marşal Jozef Pilsudski Polşanın müstəqilliyinin qorunmasında daxili təhlükələri aradan qaldırmaqla yanaşı, xaricdən, xüsusən bolşevik Rusiyasından, 1922-ci ilin dekabrından isə SSRİ adlanan imperiyadan həmişə ehtiyatlanırdı. O hesab edirdi ki, Sovet Rusiyasının əsas məqsədi yalnız keçmiş imperiya sərhədlərini bərpa etmək deyil, eyni zamanda Şərqi Avropada ideoloji və siyasi nəzarəti genişləndirməkdir. Bu səbəbdən Pilsudski Sovet İttifaqını Polşa dövlətçiliyi üçün ən böyük təhlükə hesab edir və bu təhlükəyə qarşı yalnız hərbi müdafiənin kifayət etməyəcəyini anlayırdı.

Məhz buna görə də o, bolşevik işğalına məruz qalan xalqların mühacirətdə yaşayan siyasi nümayəndələrinin potensialından istifadə etməyə çalışırdı. Onun məqsədi bu mühacir qrupları vasitəsilə həm siyasi təbliğat aparmaq, həm də gələcəkdə SSRİ daxilində milli azadlıq hərəkatlarını koordinasiya edə biləcək siyasi-hərbi şəbəkələr formalaşdırmaq idi. Burada əsas ideya Sovet dövlətinin daxilində milli parçalanma potensialını gücləndirmək və Moskvanın geosiyasi təsir imkanlarını zəiflətməkdən ibarət idi.

Bu məqsədlə Polşa Xarici İşlər Nazirliyinin Şərq departamenti xüsusi fəaliyyət göstərirdi. Departament Ukrayna, Krım-tatar, İdil-Ural və Qafqaz mühacirləri ilə sıx əməkdaşlıq edir, onların təşkilatlanmasına, mətbuat fəaliyyətinə və beynəlxalq əlaqələrinin genişlənməsinə dəstək verirdi. Bu əməkdaşlıq sırf humanitar xarakter daşımırdı; o, Polşanın təhlükəsizlik strategiyasının mühüm elementi idi. Çünki Polşa rəhbərliyi hesab edirdi ki, SSRİ daxilində milli hərəkatların güclənməsi gələcək müharibə ehtimalında Sovet dövlətini zəiflədə bilər.

1920-ci il Polşa–Sovet müharibəsi Polşa siyasi elitasına göstərmişdi ki, bolşevik ekspansiyası yalnız Rusiyanın daxili məsələsi deyil, bütöv region üçün ciddi təhlükədir. Polşa–Sovet müharibəsi Polşanın siyasi düşüncəsində dərin iz qoymuşdu. Bu savaşdan sonra Pilsudski və onun silahdaşları Şərqi Avropa xalqları ilə Sovet əsarəti altında yaşayan xalqlar arasında ortaq siyasi platforma yaratmaq ideyasını inkişaf etdirməyə başladılar. Sonradan bu yanaşma Prometeyçilik ideologiyasının formalaşmasına gətirib çıxardı.

Prometey hərəkatı Sovet İttifaqı daxilində yaşayan qeyri-rus xalqların milli mübarizəsini dəstəkləməyi qarşısına məqsəd qoyurdu. Azərbaycan mühacirləri bu sistemdə xüsusi yer tuturdu. Çünki Azərbaycan həm geosiyasi mövqeyinə, həm enerji resurslarına, həm də Türkiyə və Qafqazla əlaqələrinə görə strateji əhəmiyyət daşıyırdı. Polşa strateqləri hesab edirdilər ki, Qafqazda baş verəcək milli hərəkatlar SSRİ-nin cənub siyasətinə ciddi zərbə vura bilər.

Məhz bu geosiyasi şəraitdə Azərbaycan mühacirətinin Polşa ilə münasibətləri formalaşmağa başladı. Burada əsas məsələ yalnız humanitar yardım və ya siyasi simpatiya deyildi. Əsas məqsəd Sovet sisteminə qarşı alternativ siyasi və geosiyasi xətt yaratmaq idi. Azərbaycan mühacirləri Polşa üçün həm ideoloji tərəfdaş, həm də SSRİ daxilindəki vəziyyət haqqında mühüm informasiya mənbəyi hesab edilirdi.

Bu dövrdə Polşa dövləti mühacirlərlə əlaqələr şəbəkəsini genişləndirir, SSRİ-nin qeyri-rus xalqlarından olan könüllüləri Polşa ordusuna qəbul edir, onlara hərbi təlim keçir və silahlandırırdı. 1920-ci illərin ortalarından etibarən Polşa ordusunda azərbaycanlı zabitlər də fəaliyyət göstərməyə başlamışdı. Bu əməkdaşlıq təkcə hərbi xarakter daşımırdı. Burada əsas məqsəd gələcək anti-sovet müqavimət potensialını qorumaq idi. Azərbaycanlı zabitlər öz hərbi təcrübələrini itirmir, eyni zamanda Polşa hərbi dairələri ilə yaxın əlaqələr qururdular.

Bu baxımdan M.Ə.Rəsulzadənin Polşa rəhbərliyi ilə münasibətləri xüsusi əhəmiyyət daşıyırdı. Hələ 1920-ci illərin əvvəllərindən başlayaraq o, Polşa rəsmiləri ilə yazışmalar aparırdı. Polşa dövlət arxivlərində Rəsulzadənin Polşa Xarici İşlər Nazirliyi və şəxsən Jozef Pilsudski ilə məktubları qorunub saxlanılır. Bu məktublardan biri azərbaycanlı zabitlərin Polşa ordusunda xidmətə qəbul edilməsi məsələsinə həsr olunmuşdu. Məktub 31 mart 1923-cü ildə İstanbuldan Pilsudskiyə göndərilmişdi.

Bu yazışmalar göstərir ki, Rəsulzadə mühacirəti yalnız ideoloji fəaliyyət kimi deyil, gələcək dövlətçilik perspektivi üçün siyasi və hərbi hazırlıq mərhələsi kimi qiymətləndirirdi. O anlayırdı ki, müstəqillik uğrunda mübarizə yalnız emosional və romantik çağırışlarla deyil, peşəkar siyasi təşkilatlanma və beynəlxalq dəstək vasitəsilə mümkündür.

Rəsulzadənin Polşa ilə əlaqələri təkcə Pilsudski ilə məhdudlaşmırdı. O, Polşa Xarici İşlər Nazirliyinin rəsmiləri olan Tadeuş Qolubko, Edmund Xaraşkeviç və Tadeuş Şetsel ilə də sıx yazışmalar aparırdı. Bu əlaqələrdən görünür ki, Azərbaycan mühacirəti artıq beynəlxalq siyasi şəbəkənin mühüm hissəsinə çevrilmişdi.

1926-cı ildə Parisdə “Prometey” klubu yaradıldıqdan sonra 1928-ci ildə Varşavada Pilsudskinin dəstəyi ilə “Prometey” cəmiyyəti təşkil edildi və azərbaycanlı mühacirlər burada fəal təmsil olundular. Bu təşkilat SSRİ daxilində yaşayan xalqların mühacir nümayəndələrini bir araya gətirən ortaq anti-sovet platforması idi. Burada keçirilən konfranslar, müzakirələr və nəşrlər Sovet sisteminə qarşı ideoloji mübarizənin əsas vasitələrindən biri hesab olunurdu.

1929-cu ildə Polşa Baş Qərargahının II şöbəsinin nəzdində SSRİ-yə qarşı kəşfiyyat fəaliyyəti üçün xüsusi struktur yaradıldı və Rəsulzadə Varşava qrupunun rəhbərlərindən biri kimi fəaliyyət göstərdi. Bu fakt göstərir ki, Polşa rəhbərliyi Azərbaycan mühacirlərini yalnız siyasi simvol kimi deyil, real strateji tərəfdaş kimi qiymətləndirirdi.

1930-cu ildə Rəsulzadə “Prometey” təşkilatının fəaliyyəti ilə bağlı Polşaya gedərək bir müddət Varşavada yaşayır. 1931-ci ildə Türkiyədə mühacir təşkilatlarının fəaliyyətinə məhdudiyyət qoyulduqdan sonra bir sıra azərbaycanlı mühacirlər də onunla birlikdə Varşavaya köçdülər. Beləliklə, Varşava Azərbaycan siyasi mühacirətinin əsas mərkəzlərindən birinə çevrildi.

Bu dövrdə Rəsulzadənin rəhbərliyi ilə Almaniyada “İstiqlal” qəzeti və “Qurtuluş” jurnalı nəşr olunurdu. Bu nəşrlər təkcə informasiya vasitəsi deyil, milli ideyanın qorunması və anti-sovet ideoloji mübarizənin əsas platforması idi. Burada çap edilən məqalələr Sovet hakimiyyətinin milli siyasətini tənqid edir, Azərbaycan istiqlalı ideyasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı.

Mühacirətin ən ciddi problemlərindən biri maliyyə və təşkilati resurs çatışmazlığı idi. Dövlət strukturu olmayan siyasi hərəkat üçün mətbuatın, təşkilatların və diplomatik fəaliyyətin davam etdirilməsi olduqca çətin idi. Bu baxımdan “Yeni Qafqasiya” kimi nəşrlər təkcə jurnal deyil, siyasi mübarizənin ideoloji platforması idi.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin Tadeuş Qolubkoya ünvanladığı məktublardan biri bu çətinlikləri aydın şəkildə göstərir. Məktubda jurnalın nəşri üçün maliyyə problemləri, subsidiyaların gecikməsi və təşkilati çətinliklər barədə məlumat verilirdi. Bu fakt sübut edir ki, mühacirət fəaliyyəti yalnız siyasi deyil, həm də ciddi iqtisadi və təşkilati mübarizə şəraitində davam etdirilirdi.

Rəsulzadənin Polşadakı fəaliyyəti yalnız siyasi təşkilatlanma ilə məhdudlaşmırdı. O, həm də elmi və publisistik fəaliyyətlə məşğul olurdu. Varşavada yaşadığı dövrdə “Panturanizm və Qafqasya problemi” əsərini rus dilində nəşr etdirmişdi. 1938-ci ildə isə onun polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabı çap olunmuşdu. Kitaba giriş sözünü Polşanın tanınmış ictimai xadimi və Şərq İnstitutunun direktoru Stanislav Sedlitski yazmışdı. Bu fakt Polşa intellektual dairələrinin də Azərbaycan məsələsinə maraq göstərdiyini nümayiş etdirirdi.

Rəsulzadənin publisistik fəaliyyətində Polşa mövzusu xüsusi yer tuturdu. O, polyak xalqının azadlıq uğrunda mübarizəsini yüksək qiymətləndirir və bunu Azərbaycan xalqının taleyi ilə müqayisə edirdi. 1933-cü ildə “İstiqlal” qəzetində çap olunan məqaləsində o yazırdı ki, “heç bir xalqda polyaklardakı kimi üsyan ruhu olmamışdır”. Bu yanaşma əslində Polşa və Azərbaycan xalqlarının ortaq tarixi taleyinə verilən siyasi qiymət idi.

1935-ci ildə “Qurtuluş” jurnalında çap edilən Jozef Pilsudski haqqında məqaləsi də mühüm əhəmiyyət daşıyırdı. Bu məqalədə Rəsulzadə Pilsudskini yalnız Polşa dövlət xadimi kimi deyil, milli azadlıq uğrunda mübarizə aparan siyasi lider modeli kimi təqdim edirdi. Burada həm də dolayı şəkildə Azərbaycan mühacirlərinə siyasi mesaj verilirdi: milli azadlıq uzunmüddətli və sistemli mübarizə tələb edir.

Rəsulzadə Varşavada keçirilən “Prometey” tədbirlərinin əksəriyyətində əsas məruzəçi kimi çıxış edirdi. 1938-ci ildə İdil-Ural Millət Məclisinin 20 illiyinə həsr olunan tədbirdə onun çıxışı böyük maraqla qarşılanmışdı. Bu çıxışlar göstərirdi ki, Azərbaycan mühacirəti artıq yalnız milli məsələ deyil, beynəlxalq anti-sovet siyasi platformasının mühüm iştirakçılarından birinə çevrilmişdi.

1938-ci ilin aprelində keçirilən digər tədbirdə polyak alim V. Bonçkovski “Yeni çağların ruhu haqqında” mövzusunda məruzə etmiş, müzakirələrdə Rəsulzadə də çıxış edərək ciddi siyasi və ideoloji fikirlər səsləndirmişdi. Bu tədbirlər Polşa ilə Azərbaycan mühacirləri arasında yalnız siyasi deyil, intellektual əməkdaşlığın da mövcud olduğunu göstərirdi.

Qeyd edilməlidir ki, Rəsulzadənin şəxsi həyatı da müəyyən mənada Polşa ilə bağlı idi. Onun həyat yoldaşı Vanda xanım polyak əsilli idi. Bu fakt yalnız şəxsi münasibət deyil, həm də Rəsulzadənin uzun illər Polşa siyasi və ictimai mühiti ilə sıx əlaqədə yaşamasının göstəricisi kimi qiymətləndirilə bilər.

Bütün bu proseslər göstərir ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan–Polşa əlaqələrindəki rolu təkcə diplomatik münasibətlərlə məhdudlaşmırdı. O, anti-sovet siyasi strategiyanın, mühacir diplomatiyasının və beynəlxalq legitimlik uğrunda mübarizənin əsas simalarından biri idi. Azərbaycan mühacirəti Polşa vasitəsilə Avropa siyasi dairələrinə çıxış əldə edir, öz milli məsələsini beynəlxalq gündəmdə saxlamağa çalışırdı. Polşa isə Azərbaycan və digər qeyri-rus xalqların milli hərəkatlarını Sovet İttifaqına qarşı strateji faktor kimi qiymətləndirirdi.

Beləliklə, Azərbaycan–Polşa münasibətləri həmin dövrdə sırf ikitərəfli əlaqələrdən daha geniş məna daşıyırdı. Bu münasibətlər Şərqi Avropa və Qafqazda Sovet ekspansiyasına qarşı formalaşan beynəlxalq müqavimət sisteminin mühüm hissəsi idi. Rəsulzadənin fəaliyyəti isə sübut edirdi ki, dövlət müstəqilliyi yalnız hərbi güclə deyil, eyni zamanda diplomatiya, ideoloji mübarizə, informasiya siyasəti və beynəlxalq əməkdaşlıq vasitəsilə qorunur və yaşadılır.

Share: