Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə ilə müsahibə…

Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə ilə müsahibə…

– Nəzrin xanım, rəhbərlik etdiyiniz şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri hansılardır? Azərbaycan İdman Akademiyasında tələbələrin hərtərəfli inkişafının təmin olunmasında şöbənin rolunu necə xarakterizə edərdiniz?
-Təşəkkür edirəm, bu, şöbəmizin missiyasını açmaq üçün çox dəyərli sualdır. Fəaliyyətimizin əsas məqsədi dövlət gənclər siyasətinin prinsiplərini Azərbaycan İdman Akademiyasında uğurla tətbiq etməkdir. Biz çalışırıq ki, tələbələrimiz sadəcə auditoriyada deyil, dərsdənkənar mühitdə də davamlı olaraq inkişaf etsinlər. Prioritetlərimizi üç əsas istiqamətə bölmək olar: Birinci prioritetimiz tələbələrin maraqlarının təmsil olunması və adaptasiyasıdır. Biz tələbələrlə rəhbərlik arasında bir körpü rolunu oynayırıq. Qərar qəbul edilərkən gənclərin səsinin eşidilməsini, fikirlərinin nəzərə alınmasını və təşəbbüslərinin dəstəklənməsini təmin edirik. Həmçinin, yeni qəbul olan gənclərin Akademiya mühitinə rahat və sürətli uyğunlaşması üçün xüsusi iş aparırıq. İkincisi, şəxsi inkişaf və asudə vaxtın səmərəli idarə edilməsidir. Biz tələbələrin boş vaxtına yalnız istirahət yox, yeni bacarıqlar qazanmaq fürsəti kimi yanaşırıq. Onların sosial, intellektual və vətəndaş inkişafını dəstəkləyən layihələr, vətənpərvərlik fəaliyyətləri, mədəni turlar və intellektual yarışlar təşkil edirik. Bütün bu proseslər onlarda güclü vətəndaş mövqeyi formalaşdırmağa xidmət edir. Üçüncü prioritetimiz könüllülük mədəniyyətinin inkişafıdır. Tələbələrimizin ölkəmizdə və Akademiyada keçirilən müxtəlif layihələrdə, irimiqyaslı idman yarışlarında könüllü kimi fəal iştirakını təşviq edirik. Eyni zamanda, Tələbə Gənclər Təşkilatı və klubların fəaliyyətini dəstəkləyərək, gənclərin həm komanda işini öyrənməsinə, həm də gələcək peşəkar həyata praktik olaraq hazırlanmasına şərait yaradırıq. Şöbəmizin Akademiya daxilindəki roluna gəldikdə isə, bizi gənclərin daxili potensialını üzə çıxaran, onların enerjisini inkişafa yönəldən və Akademiyanı tələbələr üçün güclü bir fərdi inkişaf mərkəzinə çevirən əsas hərəkətverici qüvvə kimi xarakterizə edərdim.

–Müasir ali təhsil müəssisələrinin fəaliyyəti yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır. Sizcə, tələbələrin şəxsi inkişafı, sosial fəallığı və liderlik bacarıqlarının formalaşdırılması baxımından universitet mühiti hansı imkanları yaratmalıdır?
-Tamamilə haqlısınız. Düşünürəm ki, müasir ali təhsil müəssisələri tələbələri cəmiyyətə və gələcək peşəkar həyata hazırlayan canlı bir inkişaf ekosistemi olmalıdır. Tələbələr auditoriyada aldıqları nəzəri bilikləri real situasiyalarda tətbiq etməyi öyrənməlidirlər. Universitet asudə vaxtın təşkilini elə qurmalıdır ki, bu qeyri-formal təhsil alətləri ilə dəstəklənən tərbiyəvi və inkişafetdirici bir prosesə çevrilsin. Müxtəlif komanda fəaliyyətləri və sosial layihələr gənclərdə tənqidi düşünməni və praktik idarəetmə bacarıqlarını formalaşdırır. Könüllülük vasitəsilə liderlik və vətəndaşlıq inkişaf edir. Liderlik praktiki iştirakçılıqla qazanılan bir bacarıqdır. Buna görə də, tələbə və könüllülərin şəxsi və sosial inkişafını təşviq edən xüsusi layihələr, proqramlar həyata keçirilməlidir. Könüllülük proqramları gənclərin respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında fəal iştirakını təmin etməklə yanaşı, onların vətəndaş mövqeyini də əhəmiyyətli dərəcədə möhkəmləndirir. Gənclər o zaman təşəbbüskar olurlar ki, onların fikirlərinə dəyər verildiyini və güvənilən bir mühitdə olduqlarını hiss edirlər. Universitet rəhbərliklə tələbələr arasında elə bir sağlam kommunikasiya qurmalıdır ki, tələbələrin maraqları hər zaman təmsil olunsun və qərarvermə proseslərində onların fikirləri mütləq şəkildə nəzərə alınsın. Öz səsinin eşidildiyini bilən gənc daha məsuliyyətli və fəal olur. Bir sözlə, ideal universitet mühiti tələbənin daxili potensialını kəşf etdiyi, öz təşəbbüslərini irəli sürə bildiyi və cəmiyyətə faydalı fərd kimi yetişdiyi güvənli bir inkişaf platforması olmalıdır.

–Könüllülük fəaliyyəti gənclərin ictimai məsuliyyətinin, təşəbbüskarlığının və peşəkar bacarıqlarının inkişafında mühüm vasitə hesab olunur. Bu fəaliyyətin tələbələrin şəxsi və karyera inkişafına təsirini necə qiymətləndirirsiniz?
-Mən könüllülüyə gənclər üçün ən güclü qeyri-formal təhsil və təcrübə platforması kimi yanaşıram. Könüllülük tələbələrdə empatiya və cəmiyyətə faydalı olmaq hissini formalaşdırır. Bu proses gənclərin vətəndaş mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Onlar ictimai işlərdə iştirak etdikcə özgüvənləri artır və ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında daha fəal, şüurlu fərdlər kimi təmsil olunurlar. Müasir əmək bazarı gənclərdən sadəcə diplom deyil, komanda ilə işləmək, vaxtı düzgün idarə etmək, tənqidi düşüncə və effektiv ünsiyyət bacarıqları tələb edir. Könüllülük mühiti gənclər üçün bu bacarıqları inkişaf etdirə biləcəkləri ən təhlükəsiz “sınaq meydançasıdır”. Auditoriyada öyrəndikləri akademik bilikləri burada real həyat təcrübəsinə çevirirlər. Könüllü fəaliyyət tələbələrə müxtəlif qurumların iş prinsipi ilə tanış olmaq və gələcək karyeraları üçün faydalı əlaqələr qurmaq şansı verir. Xülasə, könüllülük gənclərin asudə vaxtını dəyərləndirməsindən çox daha böyük bir missiyadır. Bu, onların gələcək peşəkar həyatının bünövrəsini qoyan, daxili potensialını kəşf etməyə kömək edən və əsl rəqabətədavamlı kadr kimi yetişməsini təmin edən ən təsirli inkişaf alətidir.

– Könüllülük fəaliyyətinə marağın artırılması və gənclərin davamlı iştirakının təmin edilməsi üçün hansı yanaşmalar daha effektivdir? Tələbələrin motivasiyasının qorunmasında təşviq və qiymətləndirmə mexanizmləri hansı rol oynayır?
-Bu, ən çox önəm verdiyim məsələlərdən biridir. Könüllülüyü gənclər üçün sadəcə bir dəfəlik həvəs yox, davamlı bir mədəniyyətə çevirmək üçün mütləq sistemli və fərdi yanaşmalar tətbiq etməliyik. Düzgün hədəfləmə və maraqların nəzərə alınması əsas yanaşmalardan biridir. Hər tələbənin fərqli potensialı var. Biz strateji inkişaf planına uyğun olaraq tələbə və könüllülərin inkişaf istiqamətlərini dəqiq müəyyən etməliyik. Tələbə öz maraq dairəsinə və ixtisasına uyğun layihələrə cəlb edildikdə onun davamlı iştirakı təbii şəkildə artır. Qarşılıqlı fayda və inkişaf mühitinin yaradılması mənim üçün digər əsas yanaşmadır. Könüllülük birtərəfli proses deyil. Gəncləri proqramlara cəlb edərkən, onların şəxsi və sosial inkişafını təşviq edən xüsusi təlim və proqramlar həyata keçirməliyik. Tələbə görməlidir ki, sərf etdiyi vaxtın və enerjinin müqabilində gələcək karyerası üçün çox vacib olan praktik bacarıqlar, komanda işi və sosial kapital qazanır. Tələbələrin passivliyinin əsas səbəblərindən biri məlumatsızlıqdır. Buna görə də Akademiyada və ölkədə keçirilən layihələr haqqında tələbə ictimaiyyətini operativ şəkildə məlumatlandırmaq ən vacib şərtlərdəndir.
Hər hansısa bir gənc dəyər verilməyən yerdə uzun müddət qalmır. Tələbə öz əməyinin rəhbərlik tərəfindən görüldüyünü hiss etməlidir. Biz onların maraqlarını qərar qəbul edən şəxslər qarşısında təmsil edərək səslərinin eşidilməsini təmin edirik. Bu onlarda Akademiya mühitinə qarşı aidiyyət hissi yaradır. Rəsmi təşəkkürnamələr, sertifikatlar, tövsiyələr və karyera yönümlü məsləhətlər ən təsirli qiymətləndirmə alətləridir.
Bir sözlə, gənci bir dəfə layihəyə cəlb etmək asandır, lakin onu əldə saxlamaq və prosesin daimi iştirakçısına çevirmək üçün onun əməyini real olaraq qiymətləndirən və inkişafını dəstəkləyən sağlam bir ekosistem olmalıdır.

– İdman sahəsi komanda işi, intizam, məsuliyyət və liderlik kimi keyfiyyətlərin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan İdman Akademiyasında tələbələrin idman tədbirlərində və könüllülük layihələrində iştirakı onların praktiki bilik və bacarıqlarının formalaşmasına necə təsir göstərir?
-İdman öz təbiəti etibarilə sadəcə fiziki aktivlik deyil, həm də xarakter və intizam aşılayan unikal bir mühitdir. Azərbaycan İdman Akademiyasında gənclərin həm daxili, həm də irimiqyaslı idman tədbirlərində könüllü kimi iştirakı onların praktiki bacarıqlarına bir çox vacib istiqamətdə çox güclü təsir göstərir. İdman tədbirləri çox dinamik və sürətli mühitdir. Orada vəziyyət hər an dəyişə bilər. Tələbələrimiz bu cür layihələrdə könüllü kimi çalışdıqda auditoriyada öyrəndikləri nəzəri bilikləri real vaxt rejimində tətbiq etməyi, stres altında sürətli və doğru qərar verməyi öyrənirlər. Şöbə olaraq bizim əsas məqsədlərimizdən biri məhz tələbələrin şəxsi və sosial inkişafını təşviq edən bu cür praktik mühitlər yaratmaqdır. Heç bir böyük idman tədbiri təkbaşına idarə oluna bilməz. Tələbələr müxtəlif layihələrə cəlb olunduqca böyük bir komandanın vacib parçası olduqlarını hiss edir, fərqli xarakterə malik insanlarla ortaq hədəf üçün çalışmağı öyrənirlər. Bu proses gənclərimizin vətəndaş mövqeyini möhkəmləndirməklə bərabər, onların ölkənin ictimai və sosial həyatında fəal iştirakına birbaşa təsir edir. Gənclərimizin könüllü iştirakı onlara həm təşkilatçılıq işini daxildən görmək, həm də gələcək karyeraları üçün çox dəyərli peşəkar əlaqələr qurmaq fürsəti verir. Azərbaycan İdman Akademiyasında tələbələrimizin könüllü fəaliyyəti onları sadəcə diplomlu məzun kimi deyil, əmək bazarına yüksək intizama malik, məsuliyyətli, liderlik xüsusiyyətləri inkişaf etmiş və komanda işinə tam hazır peşəkar kadrlar kimi yetişdirir.

–Müasir əmək bazarında nəzəri biliklərlə yanaşı, praktiki təcrübə və sosial bacarıqlar da mühüm əhəmiyyət daşıyır. Könüllülük fəaliyyəti tələbələrin gələcək peşəkar fəaliyyətə hazırlanmasına və əmək bazarına inteqrasiyasına hansı töhfəni verir?
-Müasir əmək bazarında işə götürənlər nəzəriyyə ilə yanaşı, real təcrübəyə və “yumşaq bacarıqlar”a (soft skills) xüsusi önəm verirlər. Könüllülük tələbələrə auditoriyada qazandıqları bilikləri real layihələrdə sınaqdan keçirmək fürsəti verir. Tələbələr bu prosesdə komanda ilə işləmək, tənqidi düşünmək, böhran anında sürətli qərar vermək və vaxtı düzgün idarə etmək kimi əmək bazarı üçün həyati əhəmiyyət kəsb edən bacarıqları mənimsəyirlər. Könüllü fəaliyyət gənclərə fərqli qurumların iş prinsipləri ilə daxildən tanış olmaq şansı yaradır. Biz də şöbə olaraq dövlət qurumları, şirkətlər və qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıqları inkişaf etdirərək gənclərimizi bu platformalara cəlb edirik. Bu əlaqələr gələcəkdə onların peşəkar şəbəkəsini formalaşdırır və iş imkanlarına çıxışını asanlaşdırır. Könüllülük təcrübəsi olan gənc artıq iş etikasına, korporativ intizama və məsuliyyətə bələd olur. İşəgötürənlərin gözündə belə namizədlər daha təşəbbüskar, özünəinamlı və öyrənməyə açıq kadrlar kimi dəyərləndirilir ki, bu da onları əmək bazarında digər namizədlərdən bir addım irəli çıxarır.
Ümumiləşdirsək, könüllülük fəaliyyəti tələbə üçün sadəcə ictimai aktivlik deyil, onun ali təhsildən peşəkar əmək bazarına keçidini asanlaşdıran və onu rəqabətədavamlı kadr kimi formalaşdıran ən təsirli körpüdür.

–Tələbələrin təşəbbüslərinin dəstəklənməsi, ideyalarının reallaşdırılması və qərarvermə prosesində iştirakının təmin olunması ali təhsil müəssisəsinin inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu istiqamətdə hansı yanaşmaları vacib hesab edirsiniz?
-Ali təhsil müəssisəsi yalnız bilik ötürən mərkəz deyil, tələbə ilə birgə böyüyən və yenilənən canlı bir sistemdir. Tələbə öz ideyasının dinlənildiyini və reallaşdığını gördükdə, özünü ali təhsil müəssisəsinin ayrılmaz parçası hiss edir. Bu da müəssisəyə olan sədaqəti artırır, onları passiv dinləyicidən fəal təşkilatçıya çevirir. Gənclər müasir trendləri, rəqəmsal imkanları və öz həmyaşıdlarının ehtiyaclarını daxildən daha yaxşı görürlər. Tələbələrin təşəbbüsləri Akademiyada yeni, müasir və maraqlı layihələrin yaranmasına təkan verir.
Tələbələrlə institusional qərar qəbul edən rəhbərlik arasında sağlam kommunikasiya kanalları qurulmalıdır. Şöbə olaraq əsas vəzifəmiz tələbələrin maraqlarını təmsil etmək, onların təklif və ehtiyaclarının qərarvermə proseslərində nəzərə alınmasını təmin etməkdir. Tələbə ideya təqdim edərkən ona yalnız “yaxşı ideyadır” demək kifayət etmir. İdeyanın layihəyə çevrilməsi üçün onlara mentorluq dəstəyi verilməli, aidiyyəti strukturlarla əməkdaşlıq edərək innovativ təşəbbüslərin reallaşmasına şərait yaradılmalıdır. Tələbə Gənclər Təşkilatı (TGT) və digər tələbə birlikləri ilə sıx tərəfdaşlıq şəraitində işləyərək gənclərin təşəbbüslərini vahid strateji xətt üzrə yönləndirmək lazımdır. Təşəbbüs göstərən və layihə icra edən tələbələrin əməyi mütəmadi olaraq rəsmi şəkildə qiymətləndirilməli, onlar müxtəlif yerli və beynəlxalq proqramlara cəlb edilməklə təşviq olunmalıdırlar.
Nəticə etibarilə, tələbələrin fikirlərinə dəyər verən və onların ideyalarını reallaşdıran universitet hər zaman dinamik, rəqabətədavamlı və tələbəyönümlü ali təhsil ocağı kimi öndə olur.

– Rəqəmsallaşma və müasir kommunikasiya vasitələri tələbələrlə işin təşkilinə yeni imkanlar yaradır. Tələbələrin və könüllülərin fəallığının artırılmasında, onların məlumatlandırılmasında və yeni layihələrə cəlb edilməsində bu imkanlardan necə istifadə olunur?
-Müasir gənclər “rəqəmsal nəsil”in nümayəndələridir, bu səbəbdən də tələbələrlə işin effektiv təşkili onların aktiv istifadə etdiyi rəqəmsal kanalların doğru idarə olunmasından birbaşa asılıdır. Rəqəmsallaşma və müasir kommunikasiya vasitələri şöbəmiz üçün həm vaxta qənaət, həm də gənclərlə fasiləsiz, şəffaf əlaqə imkanı yaradır. Tələbə ictimaiyyətini Akademiyada və ölkə miqyasında keçirilən layihələr, tədbirlər və könüllülük proqramları haqqında vaxtında məlumatlandırmaq və onları bu fəaliyyətlərə cəlb etmək üçün sosial media şəbəkələrindən, rəsmi Telegram/WhatsApp kanallarından aktiv istifadə olunur. Bu, məlumatın birbaşa və maneəsiz şəkildə hər bir tələbəyə çatmasını təmin edir. Yeni layihələrə cəlb olunma prosesini asanlaşdırmaq üçün onlayn müraciət formaları tətbiq edilir. Tələbələrin ideyalarını və narahatlıqlarını dinləmək üçün rəqəmsal sorğular və onlayn təklif formaları təşkil edilir. Bu, tələbələrlə rəhbərlik arasında operativ əlaqələndirmə yaratmağa və onların fikirlərini qərarvermə prosesində daha sürətli nəzərə almağa şərait yaradır. Layihələrin və könüllülük fürsətlərinin təşviqi zamanı qısa videoçarxlar, interaktiv posterlər və informasiya qrafiklərindən istifadə olunur. Bu yanaşma gənclərin diqqətini daha tez cəlb edir və onları prosesə qoşulmağa həvəsləndirir. Nəticə etibarilə, rəqəmsallaşma tələbələrlə iş prosesini hər bir tələbə üçün daha əlçatan edir və gənclərin Akademiyanın sosial həyatında daha fəal iştirakına birbaşa təkan verir.

–Azərbaycan İdman Akademiyasında tələbə və könüllülərlə işin daha da təkmilləşdirilməsi istiqamətində əsas hədəfləriniz hansılardır? Gələcəkdə hansı yeniliklərin, layihələrin və əməkdaşlıq imkanlarının reallaşdırılmasını nəzərdə tutursunuz?
-Azərbaycan İdman Akademiyasında tələbə və könüllülərlə işin təkmilləşdirilməsinə konkret tədbir və layihələr toplusu kimi deyil, konseptual və strateji bir vizyon çərçivəsində yanaşıram. Əsas hədəfimiz tələbə və könüllülərlə işi gənclərin fərdi, sosial və vətəndaş inkişafını dəstəkləyən bütöv bir ekosistemə çevirməkdir. Şöbə olaraq baxışımız Akademiyanı tələbənin daxili potensialını reallaşdırdığı, sosial məsuliyyət qazandığı və şəxsiyyət kimi formalaşdığı dinamik bir inkişaf mərkəzi kimi inkişaf etdirməkdir.
Dövlətin gənclər siyasətinin ana xəttini Akademiyanın strateji inkişaf planı ilə tam inteqrasiya edərək, gənclərimizdə sağlam həyat fəlsəfəsini, vətənpərvərlik ruhunu və sarsılmaz vətəndaş mövqeyini möhkəmləndirmək əsas hədəflərimizdən biridir.

–Sonda, tələbəlik həyatını daha səmərəli keçirmək, özünü inkişaf etdirmək və könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Onların gələcək uğurlarının formalaşmasında hansı dəyərlərin və prinsiplərin əsas rol oynadığını düşünürsünüz?
-Tələbəlik illəri insanın öz potensialını kəşf etməsi və gələcək həyatının təməlini qoyması üçün ən qiymətli mərhələdir. Gənclərimizə ilk tövsiyəm odur ki, tələbəliyi sadəcə auditoriya və imtahan çərçivəsi ilə məhdudlaşdırmasınlar.
Gənclərə əsas tövsiyələrimdən biri odur ki, təşəbbüskar olsunlar. Ali təhsil mühiti səhv etməkdən qorxmadan yeni ideyaları sınaya biləcəyiniz ən güvənli platformadır. Şəxsi inkişaf layihələrində, intellektual yarışlarda, sosial və vətənpərvərlik proqramlarında fəal iştirak etsinlər. Könüllülük sadəcə asudə vaxtı dəyərləndirmək deyil, həm də komanda işini, stres altında sürətli qərar verməyi mənimsəmək və zəngin peşəkar əlaqələr (networking) qurmaqdır.
Mənə görə, uğurun formalaşmasında əsas rol oynayan dəyər və prinsiplərə intizam, məsuliyyət, səmimiyyət, empatiya və vətəndaş mövqeyi daxildir. İstedad və həvəs prosesi başladır, lakin insanı uğura aparan və orada saxlayan məhz özünə intizam və cavabdehlik hissidir. İstər könüllülük fəaliyyətində, istərsə də komanda işində uğurun açarı insanlara hörmətlə yanaşmaq və sağlam kommunikasiya qurmaqdır. Etdiyimiz hər bir işin, icra etdiyimiz hər bir proqramın cəmiyyətimizə, Akademiyamıza və ölkəmizə dəyər qatması prinsipini hər zaman öndə tutmalıyıq.

Müsahibəni hazırladı:
Vüsal Baloğlanov

Share: