Azərbaycan Belarusda XIV “Milli mədəniyyətlər” festivalında təmsil olunub

İyunun 7-dən 9-dək Belarus Respublikasının Qrodno şəhərində XIV “Milli mədəniyyətlər” festivalı keçirildi.

Bu haqda “Diaspornews.az“a Belarusda fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyindən məlumat verilib.

Festivalın əsas məqsədi millətlərarası münasibətlərin daha da möhkəmlənməsi, musiqinin, poeziyanın, xoreoqrafiyanın, incəsənət və sənətkarlıq nümunələrinin, xalqların milli mətbəxinin nümayişinə yönəlmişdi. XIV Respublika Milli Mədəniyyətlət festivalı 36 ölkədən 800-dən artıq iştirakçını  bir araya gətirərək  meydanda yürüşlə şəhərin qonaqlarını və sakinlərini salamladı.  Yürüş ən parlaq məqamlardan birinə çevrilərək, hər zaman ətrafına çoxlu tamaşaçı toplayan və eyni zamanda birlik nümayiş etdirən ən gözəl nümunədir. Yürüşün ilk sırasında azərbaycanlı nümayəndələr gedirdi. Burada Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədr müavinləri Rövşən Əliyev, İlham Hacıyev və Oleq Bədəlov, Konqresin İdarə Heyətinin üzvü Soltan Hacıyev, Konqresin Qrodno şəhəri üzrə nümayəndəliyinin rəhbəri Elxan Bəylərov və digər diaspor nümayəndələri, gənclər təşkilatı  və Belarus Respublikasında yaşayan həmvətənlərimiz var idi.

Festivalın rəsmi hissəsində dövlət qurumlarının nümayəndələri qonaqları və iştirakçıları salamlayaraq onları bayram münasibıti ilə təbrik  etdilər. Daha sonra  konserti açıq elan edildi

Konsertdə Olesya Kosoykinanın, Davud Zakirzadənin rəhbərlik etdikləri “Sarı gəlin”, “Qafqaz” rəqs ansambllarının çıxışları alqışlarla qarşılandı. Festivalın birinci günü atəşfəşanlıqla sona yetdi.

Festivalın ikinci günü ilk növbədə iştirakçılara  Belarus mədəniyyət nazirliyi tərəfindən fəxri fərmanların  verilməsi ilə başladı. Belarusun “Azərbaycan İcmaları Konqresi” fəxri fərmanla  təltif olundu. Şəhərin  mərkəzi hissəsində hər bir ölkənin mədəniyyətini, musiqisini, rəqslərini, mətbəxini  nümayiş etdirmək üçün xüsusi yerlər müəyyən edilib hazırlanmışdı. Burada nümayiş olunan hər bir xalqın özünəməxsus nümunələri heyrətedici idi. Azərbaycana ayrılan  hissədə ölkəmizin, Qarabağın gözəlliklərini təmsil edən tablolar, “Şuşa Azərbaycanın  mədəniyyət mərkəzidir” adlı plakat və milli nümunələri əks etdirən sərgi marağa səbəb oldu.

Qonaqlar Azərbaycan mətbəxi ilə də tanış oldular, müxtəlif çeşidli yeməkləri və şirniyyatları dequstasiya etdilər.

Yeri gəlmişkən, Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov festivalda fəallıqlarına görə soydaşlarımıza təşəkkür edib: “Belarusun “Azərbaycan İcmaları Konqresi” XIV “Milli mədəniyyətlər” festivalında hər zamankı kimi Azərbaycanı layiqincə təmsil edib. Bütün iştirakçılara, eləcə də diasporumuza bu festivalda aktivlik və həmrəylik göstərdiklərinə görə təşəkkür edirik”.

Share: