AYB Beynəlxalq Muğam Mərkəzində xeyriyyə tədbiri keçirdi

Azərbaycan Yazıçılar Birliyi (AYB) Beynəlxalq Muğam Mərkəzində “Bir yumruq, bir ürək, bir can!” devizi ilə xeyriyyə tədbiri keçirib.

Kulis.az xəbər verir ki, AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbərlik etdiyi qurumun ölkəmizdəki bir çox təşkilatlar kimi fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən əziyyət çəkənlərə maliyyə yardımı etdiyini bildirib: “45 mindən çox insan bu zəlzələlər zamanı həyatını itirib. Bu acı həm də bizim acımızdır. Yazıçılar Birliyində qərara alındı ki, belə bir xeyriyyə tədbiri də keçirilsin. Bu ilk növbədə qardaşlıq borcumuzdur”.

Tədbirdə Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev və başqaları türk dünyasının bir araya gəlib qardaş Türkiyəyə dəstək göstərməsindən, Azərbaycanın hər zaman Türkiyənin yanında olmasından söz açıblar.

Həmçinin şairlər öz şeirlərini səsləndiriblər. Gecədə milli və klassik musiqi nömrələri təqdim olunub.

Xeyriyyə tədbirində əldə olunan vəsait zəlzələdən zərərçəkənlərə yardım fonduna yönəldiləcək.

Share: