“AYB Azərbaycan ziyalı mühitinin mayakı olan təşkilatdır”

Yazıçıların XIII qurultayı astanasında sualları AYB-nin katibi İlqar Fəhmi cavablandırır

– İlqar müəllim… Oktyabr ayında Yazıçılar Birliyinin növbəti qurultayının keçiriləcəyi açıqlanıb… İstərdik bu barədə məlumat verəsiniz.

– Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı bir neçə il əvvəl keçirilməliydi və hazırlıq işlərinə də artıq başlanılmışdı. Lakin pandemiya səbəbindən qurultayı təxirə salmağa məcbur olduq. Düzdür, o vaxt qurultayı yığcam şəkildə, onlayn formatda keçirmək fikri də ortaya çıxmışdı. Lakin bu fikir qəbul edilmədi. Yazıçılar Birliyinin hər qurultayı ölkənin mədəni həyatında önəmli rolu olan hadisə olub. Bunu yığcam şəkildə, fərqli formatda keçirmək təşkilatın nüfuzuna xələl gətirə bilərdi. Şükür ki, artıq pandemiyanın ağır mərhələsi arxada qalıb, məhdudiyyətlər aradan götürülüb, kütləvi tədbirlərin keçirilməsinə icazə verilib… Hərçənd ki, o vaxt qurultayın təxirə salınması ilə bağlı sosial şəbəkələrdə müəyyən tənqidlər də oldu. Lakin hamı vəziyyəti bildiyinə görə bizim qərarımız dəstəkləndi.

– Qurultaya hazırlıq işlərilə bağlı fikirlərinizi bilmək istərdik.

– Qurultaya hazırlıq prosesinə ilin əvvəlindən artıq start verilmişdi. İlin birinci yarısında seksiyalar üzrə məruzəçilər və məruzə vaxtları təyin edildi. May ayına qədər nəsr, poeziya, dramaturgiya, ədəbi tənqid, ədəbi publisitika, bölgələrdə ədəbi fəaliyyət və sair seksiyalar üzrə məruzələr dinlənildi. Məruzəçilər Azərbaycan ədəbiyyatının tanınmış simaları idi. Təbii ki, həmişə olduğu kimi, məruzələr ətrafında da polemikalar, müzakirələr getdi. Bəzi yazarlar adlarının məruzələrdə səslənməməsiylə bağlı iradlarını bildirirdilər. Lakin nəzərə almaq lazımdır ki, məruzələrin həcmi məhduddur, bir hesabat xarakterli məruzələrdi, heç də hamının adlarını ora sığışdırmaq mümkün deyil.

– Ənənə üzrə, məruzələr artıq kitab şəklində nəşr olunub…

– Bəli, məruzələr edildiyi həftə ilk olaraq “Ədəbiyyat qəzeti”ndə dərc edilirdi, bundan əlavə, hamısı toplanıb, kitab halında nəşr edilib. Bu işə məsul AYB katibi Elçin Hüseynbəyli idi və fikir var ki, bu kitab qurultayda iştirakçılara paylanılsın.

– Qurultaya nümayəndələrin seçilməsiylə bağlı çox fikirlər bildirilir. Bu prosedur yenə də əvvəlki kimi həyata keçiriləcək?

– Bəli, qurultaya nümayəndə seçimi təşkilatın nizamnaməsinə uyğun həyata keçiriləcək… Qurumun rəhbərliyi, idarə heyəti, Ağsaqqallar Şurasının üzvləri, komissiya və filial rəhbərləri avtomatik nümayəndə hesab olunur. Əsas ağırlıq seksiyaların üzərinə düşəcək, çünki əsas nümayəndə heyəti məhz seksiyalardan seçiləcək. Bundan əlavə, regionlardakı bölmələrdən də nümayəndələr seçiləcək.

– Bölgələrin kurasiyası sizdə olduğuna görə, bu barədə daha geniş danışmağınızı istərdik. AYB-nin regionlardakı bölmələri çoxdur, həm də müxtəlif say tərkibinə malikdir.

– Elədir. Bölmələrin həm say tərkibi, həm də aktivliyi eyni deyil. Məsələn, Gəncə, Lənkəran, Qazax bölmələri hələ sovet dönəmində yaradılıb və Yazıçılar Birliyinin ən aktiv bölmələri olub. Təbii ki, burda toplaşan AYB üzvlərinin sayı çoxdu və burdan qurultaya daha çox nümayəndə seçiləcək. Bununla bərabər elə bölmələr var ki, yeni yaradılıb, orda üzvlərin sayı o qədər də çox deyil, say tərkibinə də uyğun nümayəndələr seçiləcək.

– Bəs regional bölmələrdə nümayəndə seçimi nə formada həyata keçiriləcək?

– Bölmələrin bəzilərində artıq qurultay nümayəndələri seçilib, protokollaşdırılıb, mənə göndərilib. Sentyabr ayının ortalarına qədər bütün bölmələrdə bu proses yekunlaşmalıdı. Prosedur isə belədir ki, bölmənin əsas aktivi iclas keçirir, bölmə rəhbərindən əlavə, hər on nəfərə bir nəfər olmaqla nümayəndələr seçilir. Seçimlər şəffaf, açıq, demokratik aparılır… Bundan əlavə, bəzi yazarlarımız var ki, bölmədə qeydiyyatda olsalar da, Bakıda yaşayır, ədəbi həyatda aktiv iştirak edirlər. Bunlar mərkəzi seksiyalardakı seçimlərə də qatıla bilərlər. Təbii ki, həm regional bölmələrdən, həm də elə yaradıcılıq seksiyalarından qurultaya nümayəndə seçilmək istəyənlər hədsiz dərəcədə çoxdur, lakin hamının istəklərini təmin eləmək də mümkün deyil axı. Proses nizamnamədəki prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bəzən illərlə gözə görünməyən, ədəbi prosesdə iştirak etməyən, AYB üzvü olandan sonra aktiv ədəbi fəaliyyəti olmayan yazarlar hansısa tədbirlərdə, layihələrdə adlarının olmamasıyla bağlı şikayətə gəlirlər, narazılıq bildirirlər. Bu, düzgün ittiham deyil. Yazıçılar Birliyinin tədbir və layihələrində iştirak etməyən, ədəbi prosesdə aktiv olmayan, illərlə ədəbi mətbuatda çıxış etməyən yazarların gəlib nəsə umub şikayət eləməsi heç bir məntiqə sığmır.

– Şikayət və narazılıqları qeyd etdiniz. Son dövrlərdə hər dəfə AYB-nin qurultayı ərəfəsində mətbuatda qurum ətrafında müxtəlif kampaniyalar, tənqidlər nəzərə çarpır. Sizcə, bunlar nədən qaynaqlanır?

– AYB-nin adı ətrafında tənqidlər təkcə qurultaylar dövründə olmur. Həmişə olub. AYB Azərbaycan ziyalı mühitinin mayakı olan təşkilatdır. Burda xalqımızın say-seçmə ziyalıları toplaşıb. Xalqımızın yaxın tarixinin ən gərgin məqamlarında Anar müəllimin rəhbərliyi altında Yazıçılar Birliyi həmişə ön cərgələrdə olub. Ona görə də dövlət tərəfindən qiymətləndirilib, xalq tərəfindən sevilib. Ölkədə azsaylı təşkilatlar var ki, onun üzvü olmaq üçün bu qədər böyük növbələr olsun. Bu da ziyalıların, qələm sahiblərinin Yazıçılar Birliyinə sayqısının nümunəsidir. Lakin uzun illər ərzində Yazıçılar Birliyinin və onun rəhbərliyindəki ağsaqqal qələm sahiblərinin bu nüfuzu və hörməti bir çoxlarını qıcıqlandırıb, illər uzunu qurum ətrafında mütəmadi olaraq çirkin kampaniyalar təşkil edilib… Bəli, məhz təşkil edilib. Bir zamanlar müəyyən qəzetlər bu işdə ön cərgədə idi, əksəriyyəti də müxalifət qəzetləri idi ki, hər yerdə xırda narazılıqları qızışdırıb şişirtməklə özlərini piar edirdilər. Sonradan internet media yaranandan sonra bəzi saytlar da bu işi davam etdirməyə başladılar. Və nəhayət, sosial şəbəkələr dövrü gəldi. Eyni proses sosial şəbəkələrə keçdi. Lakin ölkədəki sağlam ədəbi qüvvələr, haqqı nahaqdan seçən ziyalılar həmişə bu kampaniyalarda Yazıçılar Birliyinin tərəfində olublar, bu böhtan və təhqirlərə lazımi cavab verilib, böhtançılar susdurulub.

– Bəs əsas ittihamlar nəyin üzərində qurulub?

– Bəzən elə gülməli məsələləri şişirdirlər ki, adam cavab verməyi də özünə ar bilir. Məsələn, son dövrlərdə saytlarda AYB ilə bağlı kəskin başlıqlar altında bir neçə tənqidi yazı getdi. Lakin yazının mətninə baxanda gördük ki, bütün yazı yalnız AYB-nin saytında gedən loqonun tənqidinə yönəlib. Gülməlidir, deyilmi? Saytın loqosu təşkilatın fəaliyyətinin tənqidinə nə dərəcədə səbəb ola bilər? Yəni təki nəsə yazım, təki nəyisə tənqid edim. Bu nə məntiqdi? Bir də qorxu məsələsi var. Sanki bəzi dırnaqarası yazarlar öz problemlərinə səbəb olan hansısa başqa qurumları tənqid eləməyə cəsarət etmir, qorxur, əvəzində bütün hirsini, hiddətini AYB-nin üzərinə tökür. Bəzi sayt və qəzetlərdə də oxşar hallar olur. Filan şeyi tənqid edək, yox, olmaz, problem çıxar, filan hadisədən yazaq, yox, lazım deyil, başımız ağrıyar, filankəsi tənqid edək, yox, işimiz düşə bilər. Onda neyləyək? Ən rahatı Yazıçılar Birliyini tənqid etməkdi… İllər əvvəl də, indi də bir çox tənqidi yazıları oxuyanda insanda belə təəssürat yaranır ki, cəmiyyətdəki əksər mənəvi-sosial problemlərin, bütün çatışmazlıqların səbəbkarı yalnız Yazıçılar Birliyidir…

– Yəqin ki, bu tənqidlərdə şəxsiqərəzlik də rol oynayır…

– Əlbəttə… Ən gülməlisi isə bilirsiniz nədir? Yazıçılar Birliyinin üzvü olmayan adamların AYB-dəki proseslərlə bağlı fikir bildirib tənqid etməsi. Tutalım, niyə Anar müəllim neçə ildi AYB-nin sədridi? Sənə nə dəxli var? Sən ki, heç vaxt AYB üzvü olmamısan? Anar müəllimi AYB üzvləri sədr seçib. Biz istəmişik ki, o, qurumun sədri olsun… Bunun qurum üzvü olmayanlara nə aidiyyatı var? Bəyənmirsənsə, gəl əsərlərini təqdim elə, qurumun üzvü ol, sonra fikir bildir. Hələ bir görək sənin yazıların AYB-nin üzvü ola biləcək səviyyədə olacaq, ya yox…

Sosial şəbəkələrdə isə vəziyyət daha bərbaddır. Burda tək AYB ilə bağlı yox, ümumiyyətlə, xalqımızın milli mənəvi dəyərləriylə bağlı elə tükürpədici kampaniyalar aparılır ki… Yeri-yurdu, mənşəyi məlum olmayan onlarca feyk profillər vasitəsilə elə bil məqsədli şəkildə xalqımızın mənəvi simasını təşkil edən insanlar alçaldılır, onlara qarşı kampaniyalar təşkil edilir, nüfuzdan salmağa çalışılır. Yəqin ki, bütün bunlar xaricdən təşkil edilən aksiyalardı, məqsəd də xalqımızın mənəvi qızıl fondunu təşkil edən şəxsiyyətlərin gözdən salınmasıyla xalqı zəiflətmək, mənəvi uçuruma salmaqdır.

– Yenə qurultay mövzusuna qayıdaq… Yəqin ki, nümayəndələrdən əlavə, qonaqların da iştirakı nəzərdə tutulub.

– Bəli. Yazıçılar Birliyinin qurultaylarında ənənəvi olaraq, əlaqədar dövlət qurumlarının nümayəndələri, ölkədəki yaradıcı təşkilatların üzvləri, ictimai təşkilatların nümayəndələri, çoxsaylı media təmsilçiləri iştirak edir ki, bu da AYB-nin ölkədəki nüfuzunun göstəricisidir. Bu qurultayda da çoxsaylı qonaqlar iştirak edəcək. Əvvəlki qurultaylarımızda xarici ölkələrdən də qonaqlarımız olurdu, əgər razılıq alınsa, bu dəfə də xarici qonaqlar dəvət edəcəyik. İstənilən halda əminəm ki, bu dəfə də həmişə olduğu kimi AYB-nin qurultayı yüksək səviyyədə keçiriləcək. Qurultay elə bir hadisədir ki, orda hər şey göz qabağında baş verir, heç nəyi gizlətmək mümkün deyil. Nə seçim olacaqsa, demokratik şəkildə, şəffaf və hamının gözü qarşısında olacaq.

– Uğurlar arzu edirəm.

– Çox sağ olun.

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

(“Ədəbiyyat qəzeti”)

Share: