“Avroviziya-2019”da final həyəcanı: Çingiz qalib gələcəkmi? – FOTO/VİDEO

Bu gecə bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasında olacaq. Birinci və ikinci yarımfinalı geridə qoyub müsabiqənin əsas final gecəsini izləyəcəyik. Müsabiqə saat 23:00-da başlayacaq və İTV-də canlı yayımlanacaq.

Müstəqil.Az Oxu.Az -a istinadla xəbər verir ki, finalda 26 ölkə birincilik uğrunda mübarizə aparacaq – Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya və İspaniya.

Səsvermədə müsabiqənin münsiflər heyəti ilə bərabər yarışmaya qatılan 41 ölkə də iştirak edəcək.

Hər bir ölkə canlı yayımda 1-dən 12-yə kimi bal verəcək.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Müsabiqəni Azərbaycan tərəfdən aparıcı Murad Arif şərh edəcək.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə “Avroviziya”da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək.

Lakin bu da son deyil, çünki təşkilatçılar “Avroviziya” tamaşaçılarına daha bir sürpriz hazırlayıb.

Belə ki, mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Sənətçi final gecəsi üçün özəl repertuar hazırlayıb.

Bir neçə gündür Tel-Əvivdə olan pop ulduz rəngarəng gecədə 1989-cu ildə hitə çevrilən “Like A Prayer” mahnısını ifa edəcək. O, eyni zamanda repçi Quavo ilə birgə oxuduğu “Future” mahnısını da duet şəklində təqdim edəcək. Sözügedən mahnı isə müğənninin sonuncu “Madame X” albomunda da yer alıb. Madonna “Avroviziya”da çıxışına görə əvvəlcədən 1,5 milyon dollar qonorar alıb.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

Çingizin müsabiqənin ikinci yarımfinalında səhnədə göstərdiyi möhtəşəm perfomansı Avropa tamaşaçısı tərəfindən böyük maraq və rəğbət qazandığı üçün o, finala vəsiqə qazanıb. Bukmeykerlərin verdiyi son proqnoza əsasən ölkəmiz beşinci pillədə qərarlaşıb.

Rəşad Əliyev

Share: