Avropa Şurasının erməni şurasına çevrilməsinə təəssüf edirik

Üzvü olduğumuza görə adı tez-tez mətbuatımızın gündəminə gələn Avropa Şurasının nədən ölkəmizə qarşı qərəzli və açıq ermənipərəst mövqe tutması hər bir azərbaycanlı kimi məni də dərindən narahat edir və düşündürür.

 

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında geniş məzmunlu tarixi nitqi zamanı bu məsələyə çox təfsilatlı şəkildə aydınlıq gətirdi və əslində Avropa Şurasının iç üzünü açıb ortaya qoydu. Bu çıxış Avropa Şurasının bütün parametrlər üzrə ifşası demək idi. Cənab Prezidentimizin çıxışından bir daha aydın oldu ki, ölkəmizin 20 ildir ki, Avropa Şurasının tam və bərabərhüquqlu üzvü olduğu bir müddətdə rəsmi Bakı tərəfindən hər zaman Avropa Şurasının bütün strukturları, o cümlədən, Parlament Assambleyası ilə səmimi əməkdaşlıq niyyətləri ortaya qoyulub. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın bu səmimi, konstruktiv əməkdaşlıq niyyətlərinin əksinə olaraq Avropa Şurası tərəfindən Azərbaycana qarşı davamlı şəkildə düşmən mövqeyi sərgilənib. Bu gün heç kimə sirr deyil ki, Avropa Şurası və xüsusən də bu təşkilatın əsas qurumlarından biri olan Parlament Assambleyası ermənipərəst dairələrin birbaşa təsiri altındadır.

Biz bunu təxminlərimiz, gümanlarımız əsasında demirik. AŞPA-nın ermənipərəst, anti-Azərbaycan mövqeyi bu təşkilatın hər addımından, ölkəmizlə bağlı qəbul etdiyi hər bir sənədindən, açıqladığı bəyanatlardan açıq-aşkar şəkildə görsənir. Prezident İlham Əliyev də Tərtərdəki çıxışında AŞPA-ın Azərbaycana qarşı az qala xroniki hal almış bu düşmən mövqeyinin mahiyyətini izah etdi, açıqladı. Dağlıq Qarabağdakı rejimin qondarma, xunta rejimi olduğunu qeyd edən dövlət başçımız bu rejimin keçirdiyi “prezident” və “parlament” seçkilərini haqlı olaraq şou və təlxəklik tamaşası adlandırdı, eyni zamanda digər beynəlxalq qurumlardan fərqli olaraq Avropa Şurasının bu “seçki” məzhəkəsinə qəribə münasibətini kəskin şəkildə tənqid etdi. İlham Əliyev bildirdi ki, dünyanın heç bir dövləti bu “seçki”lərin nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – ABŞ, Fransa və Rusiya da qondarma xunta rejiminin keçirdiyi “seçki”ləri və bu “seçki”lərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Avropa İttifaqı da eynilə sözügedən “seçki”ləri tanımadığını bildirib. Həmçinin, Avropa Parlamenti , İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bir sözlə, bütün aparıcı beynəlxalq təşkilatlar bu “seçki”ləri qınadı.

Maraqlıdır ki, məsələyə təkcə Avropa Şurası susqun qaldı, münasibət bildirməkdən yayındı və yuxarıda adları qeyd olunan dövlətlərin, beynəlxalq təşkilatların sırasına qoşulmaq istəmədi. Niyə istəmədi? Avropa Şurasını bu cür açıq-aşkar ermənilərin dəstəkçisi, hamisi rolunda çıxış etməyə hansı səbəblər vadar edə bilərdi? Əslində səbəb və hədəf lap çoxdan bəllidir. Çünki bu qurumun və xüsusən də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) öncədən qərəzli mövqe tutmaqla Azərbaycanı ləkələmək, gözdən salmaq, küncə sıxışdırmaq, ölkəmizə dair saxtakarlıq və təhriflərlə dolu məruzələr təqdim etmək, Azərbaycanda yuva salmış “beşinci kolon”u bəsləmək kimi məkrli planları var. Bu plan və hədəflərin başında isə Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini müdafiə etmək niyyəti dayanır. Məhz bu səbəblərdən irəli gələrək Avropa Şurası bu yaxınlarda Dağlıq Qarabağda erməni xuntası tərəfindən keçirilən qondarma “seçki”lərlə bağlı səsini belə çıxarmadı, şübhəli şəkildə susdu.

Maraqlıdır ki, az qala hər fürsətdə, hər məqamda ölkəmizə qarşı öz qərəzini, öz qısqanclığını nümayiş etdirən, Azərbaycanın beynəlxalq nüfuzunun zədələnməsi üçün bütün vasitələrə əl atan, süni ajiotaj yaradan və heç kimə tərəfkeşlik göstərmədən, güzəştə getmədən insan hüquqlarının müdafiəsini təmin etməli olan Avropa Şurası və onun Parlament Assambleyası nədənsə, bu günə qədər hələ birdəfə də olsun işğalçı Ermənistanın təcavüzkar, antiinsani və antibəşəri addımlarına obyektiv və prinsipial qiymət verməyib. Avantürist və qisasçı Paşinyanın “inqilabçı”, bolşevik komandasının at oynatdığı Ermənistanda bu gün istər demokratik dəyərlər, istərsə də insan hüquqları tez-tez tapdalanır, pozulur. İnsanlar məhkəməsiz, sübutsuz həbsə atılır, qətlə yetirilir. Amma AŞPA isə nə hikmətdirsə, bütün bu tükürpərdici faktlara, gerçəkliklərə göz yumur, münasibət bildirmir. Prezident İlham Əliyevin sözləri ilə desək, bax, bu halda hansı obyektivlikdən, hansı ədalətdən, hansı demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər?!

Gün kimi aydındır ki, Avropa Şurası qoca Avropa qitəsində yüz illərdir formalaşan ümumbəşəri, humanist dəyərləri ayaqlar altına ataraq Qarabağda yuva salmış faşist-separatçı xuntanın, Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırım törətmiş Ermənistan hərbi-siyasi elitasının yanında yer alır və onlara hamilik edir. Bu isə açıq-aşkar “ikili standartlar” siyasətinin yürüdülməsi deməkdir. Avropa Şurası bu cür ikiüzlü siyasət yürütməklə təkcə bizə qarşı pislik etmədi, o həm də özünü rəzil etdi, gözdən saldı. Azərbaycandakı əlaltıları, siyasi nökərləri vasitəsi ilə ölkəmizə qarşı olmazın böhtanlar, iftiralar yağdıran Avropa Şurasının bundan sonra ədalətdən, demokratik dəyərlərdən danışmağa heç bir mənəvi haqqı yoxdur.

Xankəndində keçirilən “seçki” oyununu, Şuşada keçirilən “andiçmə” şousunu pisləmək, qınamaq Avropa Şurasının bir nömrəli vəzifəsi idi. Amma AŞPA-nın başbilənləri, strateqləri bunu etmədilər. Onlar növbəti dəfə işğalçıların yanında olduqlarını göstərdilər. Bu isə bir daha AŞPA-nı gerçək simasını, anti-Azərbaycan mahiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Bu, Azərbaycanın dövlət başçısı tərəfindən AŞPA-nın yürütdüyü ədalətsiz siyasətə verilmiş ən sərrast və obyektiv qiymətdir.

AŞPA-nın rüsvayçı siyasəti onu göstərdi ki, demokratiyanın təntənəsi, qanunun aliliyi, ədalətlilik və obyektivlik kimi prinsiplərin hamısı bu təşkilat üçün boş şeydir. Bu prinsiplər, bu ifadələr AŞPA-lı “mister”lərə, “lord”lara, “ağa”lara yalnız və yalnız demaqogiya və siyasi alverçilik üçün lazımdır. Bu qurum insan hüquq və azadlıqları şüarlarını əllərində bayraq edərək bəzi ölkələrin daxilində sabitliyi pozmağa və müstəqil siyasət yürütmələrinə mane olmağa çalışır. Bu gün ABŞ başda olmaqla, əksər Qərb ölkələrində insanlara qarşı polis zorakılığı, döyülmə və öldürmə hallarıtüğyan edir. AŞPA kimi dırnaqarası “ədalət” carçıları isə nədənsə, belə halları görməzdən gəlir və özlərini passiv seyrçi kimi aparır, sanki heç nə baş verməyibmiş kimi susurlar. Lakin Azərbaycanda isə karantin rejimini pozanlara, siyasi sabitliyi pozmağa və anarxiyaya, xaosa çağırış edənlərə dair hər hansı hüquqi tədbirlər görüldükdə isə AŞPA dərhal fəallaşır, insan haqlarının pozulduğunu çar çəkməyə başlayır. Bu hərəkətin adı nədir?

AŞPA-nın bu hərəkəti siyasi fahişəlikdir. Odur ki, Prezident İlham Əliyev də tamamilə haqlı olaraq qeyd etdi ki, AŞPA-nın bizim haqqımızda qəbul etdiyi, hazırladığı hesabatlar bizim üçün kağız parçasından başqa bir şey deyil. Mən istər bir Azərbaycan vətəndaşı kimi, istər Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi, istərsə də siyasi partiya rəhbəri kimi Avropa Şurasının anti-Azərbaycan mövqeyini qətiyyətlə pisləyirəm! Azərbaycan AŞPA kimi ermənipərəst qurumların təzyiq və şantajlarından qorxub geri çəkiləcək qədər aciz və zəif ölkə deyil. AŞPA Azərbaycana görə deyil, öz “ikili standartlar” siyasətinə görə narahat olsa yaxşıdır. Biz Avropa Şurasının erməni şurasına çevrilməsinə təəssüf edirik.

Əlisahib Hüseynov – 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: