ATU-da elmi-praktik beynəlxalq konfrans keçirildi

Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda ilk olaraq universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edib.

O bildirib ki, Tibb Universiteti 100 illik tarixi ənənənələrə malik ali təhsil müəssisəsidir:

“Bu gün təşkil olunan beynəlxalq konfrtans universitetin III Cərrahi xəstəlikləri kafedrasının 100 illiyinə həsr olunub. Hansı ki, bu kafedranın universitetin elmi nailiyyətlər qazanmasında və inkişafında rolu böyük olub.

Kafedra ölkəmizdə tibbi kadrların, o cümlədən məşhur alimlərin, cərrahların yetişməsində müstəsna xidmətlərə malikdir. Adıçəkilən kafedraya 51 il akademik Mustafa Topşubaşov rəhbərlik edib. Məhz onun rəhbərliyi sayəsində Azərbaycanda tanınmış alimlər yetişibdir.

Kafedranın əməkdaşları istər II Dünya, istərsə də, I və II Vətən müharibələri dövründə aktiv fəaliyyət göstəriblər.

Kafedranın müdiri, professor Fariz Camalov və kafedranın əməkdaşları Vətən müharibəsində ön cəbhəyə yaxın yerləşən hospitallarda yaralılara vaxtında yardım edib, neçə hərbçini həyata qaytarıbdır”.

III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov da təşkil olunmuş konfransın əhəmiyyətindən danışıb və məruzəçilərin cərrahi xəstəliklərlə bağlı aktual məqamlara toxunacağını qeyd edib.

III Cərrahi xəstəliklər kafedrasının dosenti, qocaman alim Şəfa Əliyev kafedranın tarixi barədə konfrans iştirakçılarına geniş məlumat verib. Kafedraya rəhbərlik edənlər və bir yerdə çalışdığı alimlərlə bağlı kövrək xatirələrini dilə gətirib.

Türkiyə və Rusiyadan təşrif gətirən qonqalar da ATU ilə etdikləri əməkdaşlıqdan, universitetin yetirmələrindən, elmi-təcrübi mübadilələrdən, əldə olunan nəticələrdən fəxarətlə söhbət açbılar.


Share: