Atasına həsrət qaldı, ölənə qədər Bakı deyib ağladı, nəvəsi İraqda şəhid oldu

Bu gün müğənni, Əməkdar artist Sona Aslanovanın anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Sona Şahnəzər qızı Aslanova 1924-cü il oktyabrın 4-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Şahnəzər kişi dövrünün sayılıb seçilən, imkanlı insanlarından biri idi. Qohum-qonşuya təmənnasız əl tutan, tanıdığı hər kəsin xeyir-şərində iştirak edən Şahnəzər kişi 1934-cü ildə bolşeviklər tərəfindən həbs olunur və bir də heç vaxt ailəsini görə bilmir.

***

Atası həbs olunanda Sonanın 10 yaşı olur. Anasından gözəllik, məlahətli səs, atasından isə ciddi xasiyyət mənimsəyən Sona hələ uşaqlıq illərindən səsi ilə insanların diqqətini cəlb edir. Üzeyir bəy, bolşeviklərin təbirincə, “tərcümeyi-halı ləkəli” olan bu qızı da digər oxşar taleli tələbələri kimi öz qanadının altına alır, onları repressiyanın qurbanına çevrilməkdən xilas edir. Üzeyir Hacıbəyov onu “səsi ürəkləri fəth edən qadın” adlandırır.

Konservatoriyanı 1952-ci ildə bitirən Sona xanım, Opera və Balet Teatrında çalışmaqla yanaşı, həm də yenicə məzun olduğu sənət ocağında opera ifaçılığı sənətindən dərs deməyə başlayır.

***

Sona xanım 200-dən çox mahnı ifa edib. “Görüş”, “Anlamaq istəyirəm”, “Bizim Cəbiş müəllim”, “Bizim küçə”, “O qızı tapın”, “Ömrün səhifələri”, “Telefonçu Qız” filmlərinə çəkilib. Bir çox filmlərdə, eləcə də “Əhməd haradadır” filmində Ceyran obrazının partiyalarını Sona Aslanova ifa edib.

Opera səhnəsində isə “Arşın mal alan”da Gülçöhrə, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da Nigar obrazını yaradıb.

***

1956-cı il noyabrın 6-da Əməkdar artist adına layiq görülüb. 1959-cu ildə isə “Şərəf Nişanı” ordeni ilə təltif olunub. Müğənninin Qızıl Fondda 50-dək səs yazısı qorunur.

Sona Aslanova rejissorlar Hüseyn Seyidzadə və Yan Fridin quruluş verdiyi, ssenarisini Həsən Seyidbəylinin yazdığı 1954-cü ildə ekranlaşdırılmış ilk rəngli sənədli-bədii film, həm də ilk film-konsert “Doğma xalqımıza” filminin “Koroğlu” bölümündə Nigarı canlandırıb. Bu filmdəki ifası ilə Sona xanım geniş səs diapazonuna malik olduğunu sübut edib.

***

Aktrisaya ən böyük uğuru qazandıran 1955-ci ildə ekranlaşdırılan “Görüş” filmində pambıqçı Firəngiz rolu olub. Manqa başçısı Bilqeysin işləməyən, kənd avarası, ərköyün qardaşı Kamilə aşiq olmuş, öz məhəbbətini gizləməyən, Kamilin zəhləsini tökərək Firəngiz obrazı film ekranlara çıxan gündən tamaşaçıların böyük rəğbətini qazanır.

Sona Aslanova II Dünya Müharibəsinin iştirakçısı olmuş, vaxtilə Layihə İnstitutunun direktoru işləyən Kamal adlı şəxslə tanış olur. Sona xanımın sənətinin pərəstişkarı olan bu şəxs maşınında daim sevdiyi qadının ifalarına qulaq asırmış. Bir müddət sonra onlar ailə qurur. Bu evlilikdən Cahangir və Rüfət adlı oğulları dünyaya gəlir.

***

1992-ci ildə Sona xanımın oğlanlarından biri ABŞ-a köçür. Övladlarına hədsiz bağlı olan müğənni də oğlunun ardınca digər ailə üzvləri ilə birlikdə Amerikanın Los-Anceles şəhərinə köçür. Onun Azərbaycanla bütün əlaqələri elə o vaxtdan kəsilir.

***

Ömrünün ahıl yaşlarında Sona Aslanova həyat yoldaşı ilə birlikdə yaşlı insanların yaşadığı, dövlət tərəfindən maliyyələşən binaya köçüb orada yaşamağa başlayır. Yaşlanan müğənninin ən böyük arzusu Bakıya gəlmək və Xəzər dənizinin kənarında tonqal qalamaq olub.

Ömrünün sonlarına yaxın müğənni iflic keçirir və yataq xəstəsinə çevrilir. 9 mart 2011-ci ildə, 87 yaşında dünyasını dəyişir. Ailəsinin onun Bakıya aparıb orada dəfn etmək imkanı olmadığından, Amerikada isə dəfn üçün yer almaq 15-20 min dollar olduğundan Sona Aslanova ömrünün sonlarına yaxın vəsiyyət edir ki, onun meyitini yandırıb, külünü Sakit okeana səpsinlər.

***

Lakin yaxınlarının dediyinə görə, o, bu vəsiyyəti ürəkdən etmir. Onları əziyyətə salmamaq üçün belə edir. Azərbaycan haqqında ondan soruşanda isə “Bakı üçün burnumun ucu göynəyir” deyib ağlayırmış.

Deyilənə görə, müğənninin nəşinin dövlət tərəfindən Bakıya gətirilib dəfn olunacağını ümidlə gözləyən ailə cənazəni 10 gün xəstəxanada saxlatdırır. Onlar hər gün xəstəxanaya küllü miqdarda pul ödəyir. Amma Azərbaycanda hara müraciət etsələr də, dəfn barədə müsbət cavab ala bilmirlər. Belə olan halda ailə üzvləri Sona Aslanovanın vəsiyyətinə əməl edərək onun meyitini yandırıb külünü okeana səpirlər.

***

Sona Aslanovanın böyük oğlunun iki qızı var. Onlar Amerikada yaşayır və orada təhsil alırlar. Kiçik oğlunun övladı isə ABŞ hərbi hissəsində qulluq edib. O, İraqa göndərilir və orada şəhid olur.

Share: