“Atamı o naməlum zəng apardı” – Müsahibə

Bu gün mərhum jurnalist Məmməd Nazimoğlunun 63 yaşı tamam olur. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən onun oğlu, jurnalist Orxan Məmmədli ilə müsahibəni təqdim edir.

– Sizinlə atanız haqqında söhbət etmək istərkən, onunla bağlı ən çox nəyi xatırladınız?

– Siz müsahibə barədə mənə deyən ərəfədə, başqa bir neçə media qurumundan da bu haqda mənə deyilmişdi. Düşündüm ki, yəqin, doğum günü ilə bağlı olduğu üçün yada salırlar, xatırlayırlar. Doğrusu, bir qədər sevindim ki, atam ad günündə təkcə sosial mediada yox, media qurumlar tərəfindən də xatırlanır. Sosial şəbəkələr belədir ki, orada atamın dostları, onu tanıyanlar, onsuz da, şəklini, yazılarını paylaşırlar. Amma belə sizinlə müsahibə janrında söhbət açığı məni təsirləndirdi. Atamla bağlı ilk yadıma düşən o oldu ki, bu gün yaşasaydı, 63 yaşı tamam olacaqdı. Dünyasını dəyişəndə 49 yaşı vardı.

– Orxan bəy, Məmməd Nazimoğlu necə ata idi?

– Yaxşı ata idi. Darıxdığımız, qürur duyduğumuz, haqqında alnıaçıq danışa biləcəyimiz ata idi. Elə atalar olur ki, haqqında danışılanda bir qədər ehmal danışırlar. Yəqin ki, onların bir qədər mənfi məziyyətləri olub, ondandır. Amma mən atam haqqında rahat danışıram. Ona görə də deyirəm ki, yaxşı ata idi. Ondan incidiyimiz anlar da olub. Atam dünyasını dəyişəndə ondan çox incimişdim ki, həyata atılan vaxtda niyə bizi tez qoyub getdi.

– Atanız rəhmətə gedəndə, neçə yaşınız vardı?

– 23 yaşım vardı, əsgərlikdən bir il idi gəlmişdim. Həyata təzə atılan, arzularımın çox olduğu, aşıb daşdığı vaxt idi. Biz üç qardaşıq. Qardaşlarımın biri məndən 3 yaş, bir də 4 yaş kiçik idi. Onların hər ikisi ödənişli təhsil alırdılar, maddi çətinliklərimiz vardı. 23 yaşında bir gəncin başı oxumağa, gündəlik qayğılara, əyləncəyə, eşqə qarışıq olmalıdır. Ancaq həmin ərəfədə artıq mən başa düşdüm ki, evin böyüyü mənəm və atam mənim üstümə böyük bir yük qoyub gedib. Bu yükdən incimədim, atamın özünə olan laqeydliyindən incidim. Hər halda, o vaxtlar mən elə düşünürdüm ki, o, özünə, səhhətinə qarşı laqeyd oldu.

– Sizcə, atanız jurnalist olmağınızı, onun sənətini davam etdirməyinizi istəyərdi?

– Məncə, hə. Çünki tez-tez məni ofisinə dəvət edirdi. Sanki istəyirdi həmin çevrədə olum. Əsgərlikdən gələndən sonra isə ANS-in dublyaj redaksiyasına işə düzəlmişdim. İşimdən də narazı idim, iddialarım böyük idi. Bir neçə dəfə də nadinclik edib işə getməmişdim. Bunu ona xəbər vermişdilər. Onda atam məni həmişəkindən ciddi məzəmmət elədi.

– Valideynlərinizin hər ikisi jurnalist olublar. İki jurnalist evdə bir-biri ilə necə yola gedirdi?

– Çox mehriban vaxtları da olub, çox gərgin vaxtları da. Yəqin ki, bütün ailələrdə elə olub.

– Dominantlıq ən çox kimdə olub?

– Əsasən anam dominant görünürdü. Özüm böyüyəndən sonra gördüm ki, atanın fikri daha çox keçir, önəm daşıyır. Yəni anamın fikirləri qadın kimi, bütün analar kimi səsli-küylü olurdu. Amma atam bilmədən, bəlkə də, bilərəkdən siyasi xətlə gedirdi. Bir kəlmə deyirdi, o bir kəlmə bizə daha çox təsir edirdi.

Misalçün, anam deyə bilərdi ki, Orxan siqaret çəkib gəlmə. Təbii ki, bir, iki gün çəkməzdim, amma sonra yenə çəkib gəlirdim. Amma atam deyirdi ki, Orxan, az siqaret çək. Mən də düşünürdüm ki, deməli siqaret çəkmək olar, amma az. Doğurdan da, bir müddət sonra siqaret çəkməyim azalırdı. Və yaxud da deyirdi ki, Orxan evə on ikidən gec gəlmə. Mən də düz on iki tamamda evə girirdim (gülür). Yəni atamın sözü daha keçərli idi bizim üçün. Bilmirəm, bəlkə, biz ailədə üçümüz də oğlan idik ondan idi.

– Qorxunun rolu vardı?

– Yox. Atam özünə hörmət elətdirirdi. Mən də elə bil hiss edirdim ki, anama qarşı şıltaqlıq edə bilərəm, amma atamla zarafatlaşmaq olmaz. Çünki anam bizdən inciyəndə, tez barışırdı. Amma atam inciyəndə, bu proses xeyli çəkirdi. Hər halda, mən içindəki incikliyi, küskünlüyü hiss edirdim. Həmin müddəti çəkmək məsələsi vardı. Biz də bunu istəmirdik. Atanın nəfəsi soyuq olur. Bu soyuqluq, ağırlıq imkan vermir ki, o, küskün olanda, ona tərəf addım atasan. Ona görə də atam bizdən inciyəndə incik günlər gözümüzə dururdu. Öz-özümüzə deyirdik ki, ən yaxşısı onu hirsləndirməyək, özümüzdən incik salmayaq.

– Sizi döyüb?

– Döyməyib, amma şillə vurub.

– Nə üstündə?

– İnanırsınız ki, xatırlamıram. Amma onu bilirəm ki, hardasa on, on bir yaşım olanda vurub. Bu yaxınlara qədər, bəlkə də, xatırlayırdım, amma indi konkret olaraq nə üstündə olduğunu unutmuşam.

– Ümumiyyətlə, evdə necə adam idi?

– Canı ağrıyan ərəfələrdə çox əsəbi olurdu. Onda artıq mən böyümüşdüm və biz dost idik. Atam öləndə də mənə ən pis təsir edən o oldu ki, niyə bizim dostluğumuz uzun çəkmədi? Gərək mən daha tez böyüyəydim, ya atam məni hazırlayardı. O öləndə elə bildim ki, dostum ölüb. Biz onunla həmin məqamlarda hər şeydən danışa bilirdik. Bircə eşq, məhəbbət mövzularına toxunmurduq. Bu barədə aramızda pərdə vardı. Heç vaxt məndən soruşmayıb ki, kimi sevirsən, kiminlə evlənmək istəyərsən. Ümumiyyətlə, evlilik barədə heç kimə məsləhət verməzdi.

– Ananızla necə tanış olublar?

– Anamla atam eyni universitetdə, eyni qrupda oxuyublar. Bu yaxınlarda jurnalist Araz Zeynalovun dəfninə getmişdim. Ora çatanda, uşaq vaxtı gördüyüm jurnalistlərin, ziyalıların çoxunu orda gördüm. Onların çoxu atamla anamın tələbə yoldaşları idilər. Beş il bir yerdə oxuyublar. Atamla anam bir-birini seviblər. Sonralar da mən bunun şahidi oldum.

– Dostları kimlər idi?

– Dostları çox idi, indi də var. Mənimlə bağlı bir xəbər olanda, atamın ad günündə, anım günündə zəng eləyən, yada salan dostları bu gün də var. Bu adama xoş gəlir. Məclislərdə atamın adı xatırlananda, duyğulu anlar yaşayıram və həmin xatırlayan adamlar mənə digərlərindən bir köynək yaxın olurlar.

Atamın kənarda dostları daha çox idi. Deputatlar, nazir müavinləri, tanınmış adamlar çox idi. Amma indiki halda, atam rəhmətə gedəndən sonra onu ən çox yada salan, xatırlayan İlqar Həsənovdu. Demək olar ki, ayda ən azı iki, üç dəfə mənə zəng vurur, hal-əhval tutur. Ümumiyyətlə, İlqar müəllim tək atama qarşı yox, digər dostlarına qarşı çox mehriban və etibarlı adamdı. Amma onun atama olan xüsusi münasibəti məndə həmişə ruh yüksəkliyi yaradır. Fikirləşirəm ki, ötən bu on beş ildə atamın xatirəsi belə əziz tutulursa, deməli, o boş yerə yaşamayıb. Başqa dostları da var. Hamısının adını özüm bilərəkdən çəkmirəm ki, fərq qoymayım heç kimə. Amma qəbri üstünə gedəndə, məzarlığa nəzarət edən adam mənə deyir ki, Orxan, keçən həftə filankəs gəlmişdi. Özüm də görürəm ki, məzarının üstündə güllər, barmaq izləri var. Bəlkə də, sizə qəribə gələr. Hətta barmaq izlərindən hiss edirəm ki, gələn adam bizim kəndin adamı deyil.

– Məzarının üstünə qadın gəldiyini hiss etmsiniz?

– Olub…

– Nədən bilmisiniz?

– Güllərdən. Çünki bir dostunun bağlatdırıb gətirdiyi gül ilə bir qadının gətirdiyi gül fərqlidir.

– Qadınlara münasibəti necə idi?

– Yaxşı. Qadınlar atamı çox istəyirdilər.

– Bəs atanız?

– Yəqin ki, qarşılıqlı olub (gülür). Düzdür, qəribə zəhmi vardı, amma mehriban adam idi. Atamın işlədiyi redaksiyalara tez-tez gedirdim. Orda qəribə bir ev atmosferi vardı. Onun işdə zəhmli olduğunu da, mehribanlığını da görmüşəm. Hətta hərdən fikirləşirdim ki, atam iş yerindədi, ya harasa qonaq gedib? İş yerindəki xanımlar da onun başına dolanırdılar, çox mehriban idilər. Gəlirdilər tez-tez soruşurdular Məmməd müəllim çay istəmirsiniz? Məmməd müəllim, yemək vaxtıdı və.s.

– Qısqanmırdınız atanızı?

– Uşaq vaxtı olub. “Mentalitet” qəzeti vardı. Bir dəfə ora gedəndə, yadımda deyil, hansı situasiyada isə hiss eləmişdim ki, mən dədəmi anama görə qısqanıram. Elə bil özümü anamın nümayəndəsi kimi hiss edib atamı qısqanırdım (gülür).

– Münasibətlər çox isti olurdu?

– Münasibətlər yox, amma dialoqlar isti, səmimi olurdu. Misalçün, bəzən görürdüm ki, Məmməd müəllim “Mamed müəllim” olur. Onda anamın nümayəndəsi kimi əsəbiləşirdim (gülür). Amma sonralar bunu özüm üçün analiz edəndə, düşünürdüm ki, bu narahatlığımın əsas səbəbi odur ki, birdən atam evə gəlməz.

– O qorxu içinizdə çox olub?

– Olub. Müsahibə xətrinə hər şeyi açıb deyə bilmirəm. Mən böyüyəndən, özüm də ailə başçısı olandan sonra görmüşəm ki, içimdə həmin hiss qorxu hissi çox olub ki, birdən atam evə gəlməz. Bəzən gecə iki, üç, dörd olub atam evə gəlməyib, səhərə yaxın gəlib, deyib Gəncədə qonaqlıqdaydıq və s. Həmin gecələrdə də birdən o, gəlməz qorxusu mənim ürəyimdə olub. Atamdan mənə qəribə bir xasiyyət qalıb. Həmişə bizə deyib ki, düz olun. İndi də eləyəm, hara gedirəmsə, gedim, mütləq həqiqət payı olan hissəni deyirəm.

– Ananız atanızı qısqanırdı?

– Əlbəttə, qısqanırdı.

– Kimlərə, hansı situasiyalarda?

– İş yoldaşlarına qısqandığı olub. Bəzi ailələrdə problemlər maddi məsələlər səbəbindən olur. Bizdə isə problemlərin çoxu burdan, anamın qısqanclığından qaynaqlanırdı. Atam yaraşıqlı, hündürboy adam idi. Amma dünyasını dəyişənə yaxın çox xırdalaşdı. Sanki özünə yığıldı.

– Üç qardaş olmusunuz. Atanızda qız övladının xiffətini hiss etməmişdiniz?

– Atamdan bir neçə dəfə qız adları soruşublar övladlarına yaxınlarına qoymaq üçün. Bir dəfə də kiminsə qızı anadan olmuşdu, atam onda dedi ki, ən çox xoşladığım qız adı Cəmilədi. Amma mənim qızım, olardı, ona bu adı qoyardım kimi sözlər eşitməmişəm. Nəslimizdə də qız uşağı az idi. Amma bir dəfə dayımın qızı Zeynəbin saçını tumarlayanda, nə isə xiffət hiss etmişəm. Zeynəbi atam çox istəyirdi, ona mehriban davranırdı həmişə.

– Sənətini çox sevirdi?

– Çox. Mənə elə gəlir ki, o, özünü başqa sənətdə tapa bilməzdi. Atam həm də zabit olub. O, hərb sahəsində də arzulanan adam ola bilərdi. Amma, məncə o, özünü ancaq jurnalistikada görüb. Yazmağı çox sevirdi. Bəzən bizim dəftərlərimizin ortasından qoşa vərəq çıxarıb yazardı. Ertəsi gün o yazıları oxuyanda mən məətəl qalırdım. On, on beş dəqiqənin içərisində çox maraqlı, demək olar ki, səhvsiz, redaktəyə ehtiyacı olmayan yazılar yazırdı. Üslub məsələsində mən bir az özümü ona oxşadıram. İroniyası, bığaltı gülüşü və s. Hətta bir müddət gördüm ki, onu təqlid edirəm və bu yaxşı alınmır. Onda qərar verdim ki, özüm olsam, daha yaxşıdır. Həm də bu atamın da xoşuna gəlməzdi. Üstəlik, onun dövrü başqa idi, mənim dövrüm başqadı. Onun dövründə gülməli olan şeylərə, mən də gülməli deyildim. Amma canımda var, loru dildə desək, genlərimdə atamın xüsusiyyətləri var. Baxmayaraq ki, atam heç kimi xətrinə dəyməyi sevməzdi, dəymirdi də. Amma mənim adamların xətrinə dəymə ehtimalım çoxdur.

– Sizə xərclik verirdi?

– O vaxtın pulu ilə iki, üç məmməd verirdi. Yaxşı pul idi. Mən də o pula qəzet, bir də ştuçni siqaret alırdım hər səhər. Bəzən elə olurdu ki, kitab alırdım pulum bitirdi. Səhəri gün gözləyirdim. Yəni “pulu ver gedim” janrında baxırdım ona (gülür). Bir dəfə belə olanda, mənə yaxşı bir dərs verdi.

Dedi ki, Orxan, pulum yoxdur. Mən də belə baxdım, dedim, yaxşı bəs dərsə necə gedim? Dedi, bax tutaq ki, sənə artıqlaması ilə pul verirəm, sonrakı gün isə evə gəlmirəm, ya işə tez gedirəm. Sənin də pulun yoxdur, xərcləmisən. Bax həmin gün bu gündür. Niyə o iki, üç şirvanın bir gündə başına daş salmısan?

Yəni adama belə dərs verməyi vardı. Bir dəfə də gecə evə gecikdim. Zəng vurdu mənə ki, Orxan, hardasan? Dedim, dostumun ad günündə. Dedi, dostunun ad günündəsən, eybi yox, amma heç olmasa, bardan çıx, sonra danış. Görünür, mən də spirtli içki qəbul etmişdim həmin vaxt. Yəni adam gənclikdə indiki kimi ağıllı olmur axı (gülür).

– Üç qardaşsınız. İçərinizdə ən çox atanıza kim oxşayır?

– Səs etibarı ilə mən. Atam hündürboy adam olub. Elə bir boydayıq. Atam rəhmətə gedəndən sonra uzun müddət onun telefon nömrəsini işlətdim. Bir dəfə elə söz vaxtına çəkər, atamın ad günü ərəfəsində Latviyadan onun nömrəsinə zəng gəldi. Moris adlı jurnalist dostu idi. O, atamın öldüyün bilmirdi, bir xeyli mənimlə atam kimi danışdı. Məni telefonun bu başında qəhər tutmuşdu, ona deyə bilmirdim ki, mən onun oğluyam, elə salam kalamdan sonra başlamışdı danışmağa.

– Atanızın nömrəsini niyə işlədirdiniz? Bilirdiniz axı ora zənglər gələcək…

– Nə bilim, istəmirdim o nömrə sahibsiz qalsın. O vaxtlar qəribə hallar yaranmışdı məndə. Öz nömrəmdən atamın nömrəsinə zəng edirdim, o nömrədən öz nömrəmə. İndi düşünürəm ki, həmin əlamətlər depressiv əlamətlər olub. Atamın telefonuna o rəhmətə gedəndən sonra iki ilə qədər zəng gəldi. Zəng vuranların da çoxu mənim səsimlə atamın səsini səhv salırdılar. Yəni səs baxımından oxşayırıq. Amma xarakter etibarı ilə oxşar deyilik. Atam müəyyən şeylərdə çox yumşaq olub. Mən onun tam əksiyəm…

– Atanızın yumşaqlığına görə tam əksi oldunuz?

– Yox. Məncə, yox. Mənim öz canımda da var. O, özü də bilirdi ki, hoqqa çıxartmağa, dalaşmağa meylliyəm. Amma dünyasını dəyişəndən sonra bir az özümə gəldim. Evdə böyük olmağın məsuliyyətini hiss edirdim. Həm də düşünürdüm ki, atam sağ olsaydı xoşuna gəlməzdi dalaşqanlığım.

Bir dəfə uşaq idim. Məhəllədə kiminləsə dalaşmışdım. Onun da atası gəlib mənim qulağımı çəkmişdi. Atam evə gələndə, gördü pörtmüşəm, soruşdu nə olub. Dedim, heç nə. Uşaqlardan kimsə bunu atama xəbər verdi. Atam buna çox əsəbiləşmişdi. Gözləmədiyimiz tərzdə həmin adamın dərsini vermişdi.

Bir də əsgərliyə gedəndə, öyrəndim ki, mən Biləcəridə qala bilərəm, onda hələ əsgər formamızı paylamamışdılar. Qayıdıb gəldim evə. Atam məni görüb soruşdu ki, niyə qayıtdın? Dedim, burda asfaltın üstündə xidmət eləmək istəmirəm. Dedi, bəs neynəmək istəyirsən? Dedim, uzağa getmək istəyirəm.

Onda məni möhkəm qucaqladı, dedi, sən mənim oğlumsan, sənə bu günə qədər eləmə demişəm. Amma bu gündən sonra ürəyin nə istəyir elə. Sənin arxanda varam. Həmin məqamda çox təsirləndim. Atam da təsirlənmişdi. Başqa cür qucaqlamışdı məni…

Sonra hərbi xidmətə Naxçıvana getdim. Elə hərbi xidmətdə atamın mənə təlqin etdiyi həmin ruhla yaşadım. Heç nədən qorxmadım, ürkmədim. Düşündüm ki, nə çətinlik olsa, dədəm yanımdadı (gülür). Əslində, mənim hərəkətlərim də özümü qoruma janrında idi. Qardaşlarım məndən balaca idi. Ata, ana daim işdə olurdular, məndən böyük əmioğlu, dayıoğlu da yox idi. Özümü qorumağa məcbur idim.

– Atanıza görə çox ağlamısınız?

– Çox ağlamışam… İndi də ağlaya bilərəm. Nə bilim… (kövrəlir) Atam ağlamalı adam idi, gülməli adam deyildi. Yazısı-pozusu ilə də ağlamalı idi. “Gülməli” bildiniz də nə mənada deyirəm.

– Bildim…

– Amma harasa gedəndə, bir məclisdə, qonaqlıqda atamın sözlərindən lətifəsayağı söhbətlər çıxır. Bir dəfə Nurəngiz Gün atama zəng vurmuşdu. Mənim də dostlarım bizə qonaq gəlmişdi. Atam evdə yox idi. Nurəngiz xanımla sağollaşandan sonra uşaqlar soruşdular kim idi? Dedim, Təhminə. Dedilər hansı Təhminə? Dedim, televizorda görməmisiniz? Kinodakı Təmhinə də. Dedilər, o, öldü axı, yaşamır. Dedim, o kinoda olur, kinonu elə çəkirlər ki, təsirli olsun. Atama indi zəng vuran Təhminə idi. Mənim o vaxtı bildiyimə görə Təhminə Nurəngiz xanımın prototipi idi.

Sonralar o Təhminə atamı unutdu, zəng vuranda, ancaq elə mənimlə danışırdı. Biz Nurəngiz xanımla, bəlkə də, bir ilə yaxın danışdıq. Və özüm üçün o qadını kəşf etdim. Çox maraqlı insan idi. Şeirləri də qəribə idi, səsi də.

– Bildiyimə görə Məmməd müəllim musiqini nə çox sevib. Gitarada, pianoda ifa etmə bacarığı olub.

– Musiqini də çox sevirdi, pianoda, gitarada gözəl ifa edirdi. Mən gitaranı atamın əllərində görüb sevmişəm. İki, üç sevdiyi mahnı vardı. Hər dəfə piano çalanda, sanki onları təkmilləşdirməklə məşğul olurdu. Günlərin birində də hansısa mahnını pianoda yığırdı. Baxdım bu nəsə toy mahnısına oxşayır. Bir az qulaq verəndən sonra gördüm bu “Çal, oynasın, Əjdər əmi” mahnısıdı. Mən bilmirəm, bu mahnı onun hansı vaxtına düşmüşdü ki, onu pianoda çalmaq istəyirdi. Düz iki həftə o mahnını yığdı pianoda. Amma axırda həmin mahnını çox gözəl ifa elədi. Bir də çox gözəl fit çalardı. Mənim anamın da qəşəng səsi olub. Evdə hamı musiqi ifa etməyi bacarırdı. Ddüşünürəm ki, musiqi bizi çox sıx birləşdirən amil ola bilərdi…

– Orxan bəy, atanızın ağır xəstə olduğunu nə zaman öyrəndiniz?


– ANS-də dublyajda işləyirdim. Nadinclik elədim, işə getmək istəmirdim. Qızlarla daha çox vaxt keçirmək, gəzmək, əylənmək istəyirdim. Hiss edirdim ki, orda vaxtım çox gedir və az pul qazanıram. Halbuki daha çox qazana bilərdim. İşdən atama zəng edib şikayət elədilər ki, Orxan işə gəlmir. Onda atam məndən soruşdu ki, Orxan, nə qədər maaş alırsan? Dedim, 242 manat. Dedi, azdı, sən necə çatdıracaqsan… Onda bildim ki, nə isə atam yaxşı deyil, o, öz diaqnozunu bilir və sanki mənim üzərimə bir məsuliyyət qoyur.

– Ona qədər narahatlığı olurdu?

– Olurdu, əlbəttə. Hər axşam atamın əllərini, biləklərini, ayaqlarını ovurdum.

– Xəstəliyi, diaqnozu nə olmuşdu?

– Demişdilər serrozdu. Amma atam o dərəcədə çox içmirdi ki, serroz olsun. Sadəcə onun şəkəri çox yüksək idi. O, dərmanlarını, pəhrizini gözləmirdi. Bu da, deyəsən, ciyərinə təsir eləmişdi. Amma dünyasını dəyişən ərəfədə dedilər ki, Hepatit B xəstəsidir. O vaxtlar da indiki kimi deyildi. Hepatit qorxulu və müalicəsi olmayan xəstəlik idi. Atam hər gün sozalırdı. Onun gün-gündən zəiflədiyini görürdüm, bu da xoşuma gəlmirdi.

Sizə bir söz deyim. Həmin ərəfələrdə mən bir neçə il idmanla məşğul oldum. İdman zalında boks kisələri vardı. Müəllimim mən məşq edəndə fikir verirdi. Bir gün mənə dedi ki, Orxan sənə nə olub? Sən kisələrə yumruq vuranda, elə bil kimisə döyürsən? Dedim yox, heç nə olmayıb. Sonra atam rəhmətə getdi, bir müddət idmana getmədim. Müəllimim məni görəndə, demişdi, atanın xəstəliyinin stressi imiş səni elə edən.

– Atanızın xəstəliyi, bayaq dediyiniz kimi sozalma müddəti nə qədər davam etdi?

– Əsgərlikdən gəlməmişdən eşitmişdim ki, atamın vəziyyəti yaxşı deyil. Bir dəfə əsgərlikdə xəstəxanaya düşmüşdüm. Atam zəng vurdu məni çox pis danladı. Hətta ondan incidim də. Sağollaşdı. Aradan bir az keçdi yenə zəng vurdu. Dedi, Orxan, dostum Babək Hüseynoğlu ölüb. Bilmirəm onun dərdini çəkim, yoxsa sənin haqqında düşünüm. Onda gördüm ki, yox, atam nəsə əvvəlki səbrin yiyəsi deyil. Sonralar da o mənim yanıma Naxçıvana gəlmək istəmişdi, evdən qoymamışdılar. Amma əsgərlikdən gələndən sonra atam bir xeyli yaxşı oldu, xarici səfərlərə gedib gəldi.

– Amma son günlərini səhv etmirəmsə, yataqda keçirib…

– Atam mənim qucağımda komaya düşdü. Yataqda uzun zaman yatmadı. Bir neçə gün oldu. Ağrıyırdı, zarıyırdı. Bu da mənə çox toxunurdu. Düşünürdüm ki, nə əcəb atamla maraqlanan yoxdu. Bilirdim ki, atam hansı ciddi işlər görüb. Bir həftədən sonra atamın ardınca gəldilər, onu Türkiyəyə apardılar müalicəyə. Ordan qayıdandan sonra həkimlər dedilər ki, ona təmiz hava lazımdı. Ondan sonra atam kəndə getdi. Tez-tez yanına gedirdim, qəzetlər aparırdım. Mənimlə sosial mövzularda danışırdı. Yəni sağalmışdı, düzəlmişdi. Mənə elə gəlir ki, zəng edib onu Bakıya çağırmasaydılar, o, sağ qalacaqdı. Çünki nənəm deyir ki, atana zəng gəldi, onu təkidlə Bakıya çağırdılar. O zəngdən sonra atan getdi. Atam kənddən birbaşa ofisə gəlmişdi, orda vəziyyəti pisləşmişdi, onu ofisdən evə gətirmişdilər. Anamgil də qardaşlarımla Gəncəyə toya getmişdilər. Ertəsi gün dərsdən evə gəldim, məşqə getdim. Amma məşqdə nə isə özümü pis hiss elədim. Gəldim evə qapını nə qədər döydüm, açan olmadı. Turbalara dırmaşıb pəncərəmizdən evimizə baxdım, gördüm atam uzanıb. Pəncərələri döydüm, amma atam açmırdı qapını. Şüşələr çartlayana qədər pəncərələrimizi döydüm. Tül pərdələr, qaralan hava, gərək o qədər diqqətlə baxasan ki, onun tərpənib, tərpənmədiyini, nəfəs aldığını görəsən. Arada hiss elədim ki, o, nəsə tərpəndi, onda lap güclü döyməyə başladım. Sonra gördüm atam qalxıb başqa otağa keçdi. Mən evimizə girəndə, o, artıq özündə deyildi. Ona nə sual verdim, cavab vermədi. Hamama aparanda, atam yıxıldı, qucağıma aldım, onda artıq komaya düşdü. Təbii ki, hamımız insanıq. Adam yıxıla da bilər, ürəyi də gedər. Amma atanın belə situasiyada olması bir az çətindir.

– Orxan bəy, bəs atanızı Bakıya çağıran, belə deyək də onu öldürən o naməlum zəng kimdən idi?

– Bilmirəm… Uzun illərdi bu şübhə ilə yaşayıram, amma o zəngin kimdən gəldiyini bilmirəm. Çünki atam dünyasını dəyişəndə, xeyli adam gəlmişdi və pıçıltı ilə xeyli adam danışırdı. Bəzən də istəyirdilər ki, mən o pıçıltıları eşidim, ürəyimə şübhə toxumları düşsün. Nə bilim. Amma bir onu bilirəm ki, o zəng elə-belə zəng olmamışdı.

– Sizcə, işlə bağlı zəng idi?

– Əlbəttə. Başqa heç nədən ötrü nənəm, babam onu Bakıya qoymazdılar. Nə isə baş verib ki, ona təkid ediblər Bakıya qayıtmağı. Atam da işində nəyi isə yarımçıq qoyan adam deyildi, amma nələrisə bilə bilərdi…

– Atanızla dostluğunu olan müddətdə ən çox nələrdən danışırdınız?

– Çox şeydən. Bir dəfə mənə demişdi ki, bir az pulum var, onun üstünü düzəldib, sənə maşın alarıq. Elə sevinirdim ki, üstəlik də, heç kimə demirdim. Düşünürdüm ki, birdən sehr itər. Dədəm mənə maşın alacaq, bu haqda heç kimə deməyib, təkcə mənə deyib. Onunla zarafatımız tuturdu. Əsgərlikdən gələndən sonra mən bir ilə qədər elə bilirdim ki, əsgərlikdəyəm hələ də. Hər səhər saat 5-də, 6-da yuxudan oyanıb qaçırdım. Qardaşlarımı da özümə qoşmuşdum. Bir neçə gündən sonra qardaşlarım etiraz elədilər ki, əl çək bizdən (gülür). Bir gün də bizim səsimizə anam gəldi, ardınca da atam. Atam dedi, Orxan, mən bilən, sən xidməti başa vurmusan axı. Nə vacibdir, hər səhər camaatı oyadıb jim elətdirirsən, qaçırdırsan? Qoy yatsınlar də. Nə etmək istəyirsən, düş özün elə (gülür). O, elə deyəndən sonra bir saat güzəştə gedib yeddidə oyadırdım. İndi fikirləşirəm özümə də qəribə, gülməli gəlir o illər. Amma indi məhəllədə qaçmağa yer yoxdu, olsa, hər səhər ailəlikcə qaçarıq (gülür).

– Atanız belə deyək də nakam köçdü. Heç birinizin toyunu görmədi…

– Mənim həyat yoldaşım tələbə yoldaşım olub. Bir dəfə universitetdə oxuyanda uşaqlarla gəzməyə çıxdıq. Mənə pul lazım oldu. Gəldim atamın iş yerinə. Uşaqlara dedim ki, siz bir az kənarda dayanın, atam görməsin. Yoldaşım da onda orda idi. Atama dedim ki, bahalı kitab alacam mənə pul ver. Amma o, başa düşmüşdü ki, kitab məsələsi deyil. Pulu aldıq getdik gəzməyə. Sonra aradan uzun illər keçdi, öz toyum olanda, qəfildən ağlıma gəldi ki, görəsən, atam həmin gün kənarda dayanan uşaqların içərisindən mənim yoldaşımı görmüşdü? Sonra fikirləşdim ki, məncə, görmüşdü.

– Özünüzü ona ən çox nədə borclu hiss edirsiniz?

– Onun çörəyini yeyirəm. Mənim üçün mayak o olub. Dostları onun bir kitabını çap etdirib. Üzərində atamın şəkli var. O kitab bizim evimizdə şkafdadı. Amma qarşısına başqa kitablar yığmışam ki, o, mənim pis əməllərimi görməsin. Çünki mən əsəbiləşə bilərəm, kiminləsə telefonla danışaram və s. Ancaq özümə lazım olanda, kitabları götürürəm, atamla nəsə danışıram, pıçıldayıram gedirəm.

– Son gününü necə xatırlayırsınız?

– Komaya düşdü, zəng vurdum əmimə, dayıma. Qonşularımız gəldi. Xəstəxanaya apardılar, onu dərhal qəbul eləmədilər. Bir az bayırda qaldı. Yadımda deyil, amma orda kimləsə dalaşdım. Atamın dostlarından kimsə gəldi, ondan sonra əl-ayağa düşüb qəbul elədilər. Elə bil hamı bilirdi ki, o öləcək. Ora o qədər adam gəldi ki. Bir az da özüm hirsləndim ki, bu adamlar bura niyə axışır. Elə bil hamı hazır idi onun ölümünə. Bir saatdan sonra xəstəxananın həyətində iki yüzə yaxın adam yığışdı. Sonra başqa xəstəxanaya köçürdülər. Səhərə qədər dostu ilə mən yanında qaldıq. Səhər gördüm bir həkim tibb bacısının üstünə qışqırır ki, siz yuxulamısınız xəstə ölüb, o ölməyəcəkdi. Bilmədim söhbət mənim atamdan gedir. Yarım saatdan sonra elə həmin həkim gəlib mənə dedi ki, atanız rəhmətə gedib. Onunla da mən dalaşdım. Amma sonra düşündüm ki, atam çox üzülmüşdü, əldən düşmüşdü. Hətta bir müddət sonra dedim, nə yaxşı ki, rəhmətə getdi. Çox zarıyırdı. Gecələr yata bilmirdim, oyanıb onun əlini, ayaqlarını ovxalayırdım. Çox tərləyirdi, dəhşət su içirdi. Sonralar istəmirdi mən oyanım, səs etməməyə çalışırdı. Amma onun hənirini eşidən kimi oyanıb gəlirdim. Deyirdi, Orxan, lazım deyil, yat. Bir müddətdən sonra atamla bir otaqda yatmağa başladım. Həmin ərəfədə anam da əməliyyat olunmuşdu. Atama tək baxırdım, onun əziyyətlərini hiss edirdim. Ona görə də istəmirdim o, çox əziyyət çəksin.

– Atanız rəhmətə getdi, hamı dağılışıb getdi. Tək qaldınız…

– Yaxşı deyildim. Hamı ilə münasibətim korlanmışdı. Özümü pis hiss edirdim. Hamıya qarşı acıqlı idim, heç kimi görmək istəmirdim. Müəyyən şeylər var ki, indi danışmaq istəmirəm. Amma yaxın çevrəmdə də adamlar var ki, onlara qarşı acıqlı, küskün idim. Axırda nevroloji müalicə aldım. Fiziki məşğələlər, musiqi məşğuliyyəti məni ayağa qaldırdı. Amma belə beyin olaraq atamın ruhuna uduzmuşdum. Həmin vaxt bir xanımla tanış olmuşdum, o, xanım mənə çox kömək elədi.

– Ən çox nə zaman gözünüz onu axtardı?

– Həniri üçün həmişə darıxdım. İndi də gözüm axtarır. Nənəmgilə gedəndə, orda onun əl izlərini görürəm. Atam dünyasını dəyişəndə, babam nənəmə dedi ki, biz nə abırsız adamlarıq, o cür oğulu aparıb qoyduq torpağın altına amma özümüz sağıq. İki il sonra nənəm, nənəmdən 25 gün sonra babam rəhmətə getdi.

Ən çox qardaşlarım əsgərə gedəndə, onların toyu olanda, onu axtardım. Nəvələri olanda pis oldum. Ən görməli şeylər ondan sonra oldu. Ona görə deyirəm ki, nakam getdi. Hər nəvəsi onun nə qədər ömrünü uzadardı. Amma qismət olmadı.

Share: