“Atam, anam, qardaşım, mən və Stalin” tamaşası nümayiş olundu

Ötən gün tənqidçi, ədəbiyyatşünas Azər Turanın yazdığı “Atam, anam, qardaşım, mən və Stalin” dramı əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi eyni adlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa Cəfər Cabbarı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin – Hüseyn Cavidin, Müşkinaz Cavidin, Ərtoğrol Cavidin və Turan Cavidin – Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.

Tamaşanın tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, Rejissor köməkçisi İmaməli İmaməliyevdir.

Səhnə əsərində Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev iştirak ediblər.

Qeyd edək ki, Hüseyn Cavidin 140 illiyinə həsr olunan tamaşanın nümayişi zamanı Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, Mətbuat Şurasının sədri Rəşad Məcid, Xalq artisti Ramiz Həsənoğlu, Hacı İsmayılov, yazıçı Seyran Səxavət, İlqar Fəhmi, Səlim Babullaoğlu eləcə də digər ədəbiyyat və sənət adamları iştirak ediblər.

Share: