Ata olmağın məsuliyyəti -AYGÜL yazdı

Artıq bir müddətdir ki, İctimai TV kanalında yayımlanan və sona çatan, dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı “Əqrəb mövsümü” böyük izləyici auditoriyası qazandı. Gənc yazar Ceyhun Hidayətlinin “Əqrəb” kitabının motivləri əsasında çəkilən filmin rejissoru Emil Quliyev, ssenari müəllifi isə Azər Aydəmirdir.

Zövqünə və mütaliəsinə güvəndiyim bir neçə nəfərin məsləhətindən sonra gecdə olsa bu seriala baxmaq fikrinə düşdüm. 3 gün müddətində “Əqrəb mövsümü”nün yutuba yüklənmiş 12 seriyasının hamısına baxdım. Sosial dram, ailə dramı, detektiv və triller janrlarının xüsusiyyətləri “Əqrəb mövsümü«ndə bir-biri ilə savadlı şəkildə uyğunlaşdırılır. Serialın motivini təşkil edən xəyanət mövzusu bu gün cəmiyyətin ciddi problemidir. Xəyanət edən şəxslər üçün xırda görünən hadisənin əslində necə böyük fəsadlara yol aça biləcəyi haqqında ötürülən ən gözəl mesajdır.
Ailə başçısı Qurban Amanovun tədrici çöküşü, itkiyə reaksiyaları, üzə çıxan günahlarına sirli, çoxmənalı münasibəti fiziki, mənəvi, psixoloji mənada ağır yükdür. Birdən-birə iki oğlunu itirən, bu itkilərin səbəbinin özü olduğunu bilən Qurban Amanovun daxili hayqırtısını bu qədər ört-basdır etməsinin (hətta üzündə bu hayqırtının əlamətləri də görünmür) səbəbi anlaşılan deyil və onun emosional müvazinətinin sabitliyi inandırmır.Əsas sujetdə isə qatilin ailənin lap yaxınında yaşayan, serialda gözə girməyən, nəzərə çarpmayan birinin — ailənin yaxın dostu Elnurun (Qurbanın nigahdankənar oğlunun) olması aydınlaşır. İlk bölümlərdən ortalaradək sadiq dostu oynayan, sakit, mərhəmətli göstərilən personajın sonradan monstra çevrilməsi prosesini, uşaqlıq travmalarından dolayı psixopat səviyyəsinə çatması adamı dəhşətə gətirir..Və “Əqrəb mövüsümü”nün sonunda bəlli olur ki, tikinti maqnatı Qurban müəllimin (aktyor Abbas Qəhrəmanov) qeyri-qanunu zövcəsindən Elnur adında (Qurban) oğlu varmış. O imiş ögey qardaşlarını öldürüb, şaqqalarını ora-bura atan. Motivi isə atasından öc, qisas almaq idi. Bu hadisələrə, qəddarlıqlara bais olan günahkar kimdir?
***
Keçək əsas məsələyə hansı ki, serialı izlədikdən sonra mənə tanış gələn səhnələrin üst-üstə düşdüyünə görə belə bir məqalə yazmağı qərara aldım. ” Əqrəb” əsərinin müəllifi Ceyhun Hidayətli baş verən hadisələrin mövzusunun real həyatdan götürülmədiyini, real hadisələrə əsaslandığını bildirərək hamısı şəxsi təxəyyülün məhsulu olduğunu söyləsədə, həyatda bu kimi acı həqiqətlər az deyil.  Bir neçə müddət bundan öncə Bahar adlı xanımın illər öncə verdiyi müsahibəsini dinlədim .Müsahibə sankı “Əqrəb mövsümü” teleserialında cinayətkar Qurbanın anası Validənin başına gətirilən oyunların həyatda yaşanılmışlığı idi. Bu bədbəxt hadisədə isə universitetin son kursunda praktikaya gələn gənc bir qız müdiri tərəfindən qurbana çevrilmişdi. Müsahibin icazəsi olmadan müsahibəni sosial şəbəkəyə yükləmək istəmirəm. Amma həqiqətən dəhşətdir. Ən dəhşətlisi isə ortada atasıyla eyni adı daşıyan nigahdankənar uşaq, dnt testi müsbət çıxmayana qədər ondan imtina edən “ata” və böyrəyinin birini itirən, artıq işləməyə gücü olmayan kömək üçün yalvarışla müsahibə verən aldadılmış bir qadın var idi. O müsahibədən on ildən çox vaxt keçib o uşaq artıq bir gəncdir. Serialdakı Qurban Amanovun cinayətkar oğlu kimi…
Hazırda ölkədə belə çıxılmaz durumda olan qadınların sayı kifayət qədərdir. Düşünürsünüzmü belə vəziyyətdə anadan olan, tək uşaq böyüdən bədbəxt bir ana və böyüyən bir uşaqlar, gələcəyin gənci özünü nə qədər şanssız, gözdən düşmüş, gərəksiz hiss edir və normal ailələrdə böyüyən uşaqların onlardan yaxşı olduğu qənaətinə gəlirlər. Mütəxəssislər də bildirirlər ki, zamanla bu uşaqlara vurulan psixaloji zərbələrin fəsadları sonradan özünü kəskin büruzə verir, uşaq travmalı böyüyür, çox vaxt davranışı üzərində nəzarəti itirir, özünüqiymətləndirmə aşağı enir, insanlara qarşı inamı, etibarı yox olur, kəskin qorxu hissi baş qaldırır, başqalarına əzab vermək, sadizm meyili yaranır. Bəlkə də həmin uşaqlar “ata” adlanan əslində isə vicdan yoxsulu bu “kişiyə” bu haqda bugun sual vermir, amma əminəm ki, öz dünyasında onu mühakimə edir və xüsusi nifrətlə böyüyür.  Axı heç də bütün uşaqlar özünü sözlərlə ifadə etmir, ya da bunu bacarmır. Deyilməyən sözlərin ağrısı isə daha dəhşətlidir. Bu ağrılar uşaqların içinə yük kimi çökür, zamanla böyük travmaya çevrilirlər.
Uşaqlar, xüsusən də oğlan uşaqları həssas varlıqlardır və neqativ olaylardan sarsılanda hər an sığına biləcəklərini düşündükləri bir qala var- ev, ailə, ata… Əgər bu qala yetərincə möhkəm deyilsə və vaxtilə yaşı az olan anasını tora salıb ona ömürlük “nigahdankənar uşaq” damğası vurub onu isə hec bir neqativdən qoruya bilmirsə, onda necə?
Kim bilir, gələcəkdə bu travmalar hansı problemə yol açacaq, onu həyatının hansı məqamında yaxalayacaq?
Ətrafımızda, yan-yörəmizdə, neçə-neçə “ata” adı daşıyan nigahdankənar Qurbanlar, Bəxtiyarlar var. Uşaqlıqda ətrafındakı həmyaşıdlarına baxıb ata həsrətini çəkən, onları görəcəkləri günü gözləyən uşaqlar…
Məşhur “Karlson” personajının müəllifi Astrid Lindqrenin taleyini incələyəndə oğluyla bağlı fraqment mənə çox təsir etmişdi. Yazıçı oğlunu qanunsuz nikahdan dünyaya gətirmişdi, sonra onu Danimarkada baxıcı anaya etibar etmişdi, özü İsveçdə işləyir, hərdənbir də ona baş çəkirdi. Baxıcı ana xəstələndikdən sonra Lindqren uşağını özüylə İsveçə gətirməli olur. Danimarkada alışdığı rahat evdən, alışdığı vərdişlərdən uzaq düşmüş uşaq dağınıq mehmanxana otağında başını stula söykəyib ağlayır.
“Bu mənim həyatımda ən ağır günlərdən biri idi, – sonralar Astrid xatirələrində yazırdı. Aradan illər keçib, amma mən onun göz yaşlarını unuda bilmirəm və yəqin ki, heç vaxt da unutmayacağam. Bəlkə də həmin o göz yaşlarının səbəbindəndir ki, bürokratlar uşaqların taleyini istədikləri kimi həll etməyə çalışanda mən həmişə uşaqların tərəfini tuturam. Onlar elə hesab edirlər ki, uşaqlar asanlıqla istənilən mühitə alışırlar, amma bu belə deyil. Onlar sadəcə olaraq, zəif olduqları üçün təslim olurlar”.
Bəlkə də Lindqren gələcəyini düşünmədən uşaq dünyaya gətirdiyi üçün ilk dəfə peşmanlıq hissi keçirmişdi.
Uşaq dünyaya gətirmək üçün verilən qərar insanın həyatda verəcəyi ən önəmli qərardır, əfsus ki, bəzən bunun məsuliyyətini anlamırlar.Təəssüf ki, belə hallar ildən-ilə artır. Sözügedən uşaq kimi yaralı böyüyən yüzlərlə, onlarla uşaq var. Onların hamısı uğursuz “atalarının” şah əsəri, qurbanıdır. Çünki müəyyən yaş dövrünə çatmış “ata” öz nəfsinə yiyə çıxa bilmir amma cəzanı, əzabı və hər cür dərdi uşaqlar çəkir.Böyüklərin dünyadan təcrid etdikləri uşaqlar təkdirlər, tənhadırlar, qəzəblə, nifrətlə, kədərlə doludurlar. Qorxu içindədirlər, amma həm də qorxuya qarşıdırlar. Barışmazdılar. Onlar, bəlkə, ömürlərinin sonunadək kin-küdurətlə yaşayacaqlar.Amma onlar gec-tez bu dünyanın həqiqətlərini anlayacaqlar və ilk bələdçilərini – analarına damğa özlərinə isə ömürlük utanc verən sizlərə nifrət edəcək və yaxud cəmiyyətə zərər yetirəcəklər!!!
Cənablar!
Qorxmursunuz ki, bir gün uşaqlarınız sizə sorsun ki: “Axı 10 dəqiqəlik zinanıza görə xoşbəxt edə bilməyəcəyiniz uşaqları niyə dünyaya gətirirsiniz?”. Onda “akademik məqalə” yazan yazar, sadiq məmur, “qeyrət təəsübkeşi” olaraq cavabınız necə olacaq?!
Əgər onlara ata ola bilməyəcəksinizsə, valideynlik məsuliyyətinə qatlanmayacaqsınızsa, onları dünyaya gətirib zalım dünyayla baş-başa buraxmaq nə dərəcədə doğrudur?
Günah deyilmi? Amma bu, günahdan çox pislikdir, böyüklərin uşaqlara etdiyi pislik, uşaqları körpəlikdə aram-aram öldürən, cəmiyyətə isə təhlükə doğuran pislik…
Biçarə bir insan dünyaya gətirməkdən istər Allah qarşısında, istər cəmiyyət qarşısında qorxmalı deyilikmi?!
AJB üzvü
Share: