Astraxanbazarlı “urus gədəsi”… – SABİR MİRZƏYEV OLDUĞU KİMİ

  Onun gəlişini rəhmətik Seyid Şuşinski üzünü dövrün ən tanınmış ifaçılarına tutaraq belə müjdələmişdi: “Astraxanbazardan bir urus gədəsi gəlib, hamınızın anasını ağladacaq!”

Bəli, o zamanlar Cəlilabad Astraxanbazar adlanırdı və Sabir Mirzəyev gəncliyində rus kimi sapsarı idi.

Amma özünü cəlilabadlı saymırdı. Deyirdi, mənim əslim İranın Qaradağındandır. Qaradağ Qarabağın Arazın o üzündəki davamıdır və eynən Qarabağ kimi ordan da unikal səslər çıxır.

Sabir Mirzəyev Seyid Şuşinski deyən kimi, bütün çağdaşlarının anasını ağlada bildimi, dəqiq söyləmək çətindir, amma düşünün ki, Xan Şuşinski və Yaqub Məmmədovdan sonra elə onların sağlığındaca böyük ifaçılığa möhür qoymağı bacardı!

Bu sizə asan gəlməsin!

Özü də Xanın, Yaqubun oxuduğu muğamlarda…

Misal üçün, “Çahargah”da…

Onunla yaşlı vaxtı dostlaşmışdıq. Baxışları aslanı xatırladırdı. İfasında da eynən aslan kimi yırtıcı idi. Heç kimi vecinə alan deyildi. Elə həyatda da bu cür idi. Heç kimdən çəkinmirdi. Həmkarlarının riyakarlıqlarını gördükcə onları üzünə də söyürdü, dallarınca da. Deyəsən, incimirdilər. Dəli-dolu kimi ad çıxarmışdı. Guya qoşulmurdular. Amma qoşulsaydılar da heç nə edə bilməyəcəkdilər.

Azərbaycan muğam ifaçılarının çoxu heç bir vicdan əzabı çəkmədən rahatlıqla yalan danışa bilirlər. Məsələn, səsi olmayan, qəzəlin iki misrasını dalbadal deyə və oxuya bilməyən birini verilişdə, görüşlərdə, çay stolu ətrafında ağızdolusu tərifləyirdilər. Jurnalistlər də çox zaman bunların tələsinə düşür, əsl həqiqətdən xəbərsiz qalırdılar. Təbii ki, mətbuat vasitəsi ilə camaat da yalanın güdazına gedirdi.

“Ağrımaz başıma niyə buz bağlayım” – prinsipi təkcə bizim muğamda deyil, ümumən sənət cameəmizdə aparıcı meyar sayılır.

Sabir Mirzəyev istisna şəxslərdən idi. O, nə düşünürdüsə, onu da deyirdi. Elə buna görə 57 yaşına qədər heç bir ad və titul almadı. Sanki onun yaşa dolub “ağıllanacağını” gözləyirdilər. O isə dəyişməz olaraq, idarə olunmaz olaraq qalırdı. Baxmayaraq ki, filarmoniyanın, “Azkonsert”in və dövlət televiziyasının solisti idi.
Sabir Mirzəyevə 57 yaşında əməkdar artist adını ona görə verdilər ki, verməyə bilmədilər. Artıq bu ad, hətta xalq artisti adı “dünənki uşaqlara” verilirdi və Sabir Mirzəyev kimi sənətkarın adsız qalması kənardan çox eybəcər görünürdü. Səsi əvvəlki kimi işləməsə də onu heç kim unutmurdu. Adının qarşısında hər hansı titula gərək qalmırdı. Sabir Mirzəyev kifayət idi və onu Cənubdan çıxan sənətçilər arasında yeganə böyük ifaçı kimi hamı qəbul etmişdi.

Yaqub Məmmədovun fanatı idi. Ondan elə həvəslə danışırdı ki, az qalırdı havalana… Bircə bu fakt bəs edirdi ki, Sabir müəllimin sənət sevgisinin miqyasını biləsən.

Yaqub Məmmədovla bağlı danışdığı maraqlı əhvalatların birini heç unutmuram. Deyir, Nardarana toya getmişik, əvvəldən beh də almışıq, tərs kimi Yaqubun səsi işləmirdi. Boğazını sarıyıb toya gəlmişdi ki, hörmətsizlik çıxmasın. Yəni, budur, qarşınızdayam, heç pulunuz da lazım deyil, amma boğazım ağrıdığı üçün oxuya bilməyəcəm. Toy başlandı, məclisin qızğın yerində masabəyi Yaqubun qarşısına bir 25-lik qoyub “Mənsuriyyə” oxumasını istədi. Yaqub kamali-ədəblə ayağa qalxıb pulu masabəyiyə qaytardı və sifarişçilərə baş əyib əliylə boğazını göstərdi. Bir neçə dəqiqədən sonra, 50 manat gəldi stola, dedilər, “Mənsuriyyə” olmasın, istənilən bir şey olsun… Təki Yaqub oxusun. Yaqub yenə ayağa qalxıb ədəblə təzim edərək boğazını göstərdi, lazımdırsa, Sabir oxusun, dedi. Razılaşmadılar. Üçüncü dəfə stolumuza bir yüzlük, bir “zapiska” gəldi. Yaqub açıb oxudu: “Çıx, mikrofonda anamızı söy!” Yaqub əlacsız qalıb mikrofona çıxdı və… – söhbətin bu yerində Sabir müəllim qaşlarını qaldırıb dərindən nəfəs aldı – Həzrət Abbas haqqı Yaqub bəmdən bir oxumaq oxudu, oturduğum yerdə zülüm-zülüm ağladım… O nə idi ilahi?

Dalınca əlini muğam ifaçıları toplaşan stola uzatdı:

– Bunlar da deyir, Yaqubun səsi var, ona görə oxuyur. A kişi, səslə deyil eee, oxumaq ayrı şeydi!

Araya sükut çökdü, Sabir müəllim kiminləsə nərd atmağa başladı. Oyunun bir ortasında gəlib oralarda oxuya-oxuya pul dilənən bir gədəbəyli kişinin səsi gəldi. Kişi saz havalarını xalqa mahnılarına, xalq mahnılarını muğama qarışdırıb çox zildən həftəbecər şeylər oxuyurdu. Sabir müəllimi cərəyan vurdu elə bil. Dayanıb səsə qulaq kəsildi. O, səsi bütün bədəniylə dinləyirdi. Birdən lap həyəcanlandı:

– Atanın goruna lənət, məni qınayan! Alə, xaric oxumur eee… Xaric oxumur eee… Buna bax, xaric oxumur eee…”

Oxuya-oxuya pul dilənən gədəbəyli səs səltənətinin hansı qapısını döymüşdüsə Sabir müəllim ona heyran qalmışdı. Hətta arada gözləri yaşardı, başını bulayıb gədəbəylinin ünvanın yağlı bir söyüş söydü. Dalınca da belə bir söz dedi:

– Atamın goru haqqı bizim xalq artistlərinin heç biri o pərdədə elə oxuya bilməz!

Söyüşcül adam idi və söyüşü elə söyürdü, deyirdin, belə də olmalıdır. Çoxu düşünürdü ki, Sabir müəllim içməsə, özünü ağıllı aparsa, söyüş söyməsə, o biri ifaçılar kimi ağır oturub-batman gəlsə, daha böyük uğurlar qazanar. Məncə elə deyildi. İçki və söyüş olmasa, Sabir müəllim yaşaya bilməzdi. Ürəyi partlayardı.

Çox hikkəli adam idi və onun qəlbindəki həqiqət sevgisi ömrünün son illərində, ən qoca vaxtında da zərrəcə azalmadı.

Özünə münasibətdə də inanılmaz dərəcədə obyektiv idi. Bir dəfə müsahibəyə gedirdim, indi İmişlidə yaşayan şair dostum Valeh Bahaduroğlu da Sabir müəllimlə canlı görüşmək üçün mənimlə gəldi. Söhbətin bir ortasında ərklə ondan soruşdu:

– Sabir müəllim, vaxtıyla “Çahargah”da vurduğunuz o otuz neçə boğazın indi neçəsini vura bilərsiniz?

Sual bir az köntöy idi. İnciyəcəyindən qorxdum. Amma gülümsündü, dedi, bala, o otuz neçə boğazı vuranda hər gecə arvadı yeddi dəfə maç eləyirdim, indi həftədə bir dəfə eləmirəm, indi get özün hesabla gör neçə eləyir…

Başqa bir vaxt jurnalistin “Yəqin muğama uşaqlıqdan həvəs göstərmisiniz?” sualına eynən bu cür cavab verdi:

– Nə uşaqlıq… Nə muğam? Uşaq nə bilir muğam nədi? Mən uşaq olanda kənddə-kəsəkdə eşşək hərləyirdim.

Jurnalistin günahı yox idi. Çünki bizim ifaçılardan heç kim öz uşaqlığı haqqında dürüst danışmayıb. Hamı, az qala muğam sədaları ilə doğulub, böyüyüb və muğam sədaları ilə də dəfn olunacaq. Həyatları da öz təqdimatlarında mələk, peyğəmbər həyatıdır. Adi bir səhv də buraxmayıblar. Hətta fikir verin, başqasından danışanda da özlərini tərifləyirlər. Xanın yubileyidir. Hansısa xalq artisti guya Xandan danışır: “Mənə qulaq asdı, dedi, çox yaxşı oxuyursan. Allah rəhmət eləsin.”

Sabir Mirzəyev yalan danışmırdı və qəribədir ki, həyatı yalan üzərində qurulan həmkarları ona üstdən aşağı baxırdılar, ad ala bilməməsinə sevinirdilər. Sabir müəllimsə azadlığının dadını çıxarırdı.

O, sənətkar azadlığının canlı nümunəsi idi və kimlərinsə addan, orden-medaldan, bahalı maşınlardan aldığı zövqü öz azadlığından, rahatlığından, asudəliyindən alırdı. Ətrafda baş verənlər çox da vecinə deyildi.

“Çox da deyildi” ona görə deyirəm ki, bir az da vecinə idi. Aşağı-yuxarı hamımız insanıq və zəhmətimizin müqabilində dəyər görmək hamımızı xoşbəxt edir.

Sabir müəllim ətrafındakı istisnasız çoxluqdan ona görə seçilirdi ki, bu çoxluq Nəsimidən, Füzulidən, Seyiddən tərkidünya, sufiyanə qəzəllər oxuya-oxuya dünya cifəsi üçün yüz oyundan çıxırdı.

Həmkarlarının anlamadan oxuyub mədh etdiyi böyük Məcnunluq məqamına Sabir Mirzəyev onların hamısından daha yaxın idi.

Bunu heç özü də bilmirdi.

Və yaxşı ki, bilmirdi.

Əsl aşiq, aşiq olduğunu bilməyəndir…

Elə bu aşiqliyə görə Tanrı səs səltənətindən onun üçün çox təmiz, çox saf bir nəfəslik açmışdı və o nəfəslikdən ölümsüzlük iksiri tökülürdü.

Onu sənətdə əbədi yaşadacaq iksir!

Şərif Ağayar

Share: