Asif Ataya üztutma – İnamlı Atalı

xxx

Düşüncələr bolluğunda çaş-baş qalmışdım, Yön göstərdin! Dünyanı yenidən tanımağa başladım.
Dağınıq Duyğular içində azıb qalmışdım, aydınlıq gətirdin! Özümü tanımağa başladım.
Dünyanı öyrəndikcə özümü gördüm!
Özümü öyrəndikcə dünyanı gördüm!
Anladım ki, dünyanın, həyatın, insanın haqqında Həqiqətləri dərk eləmək üçün onların mahiyyətinə doğmalaşmaq gərəkdir.
Müqəddəs Ata Mütləq Həqiqətə yetmək üçün qolumdan qaldır, kömək ol mənə!
“Ağlımı ağlınla,
Qəlbimi qəlbinlə,
İradəmi iradənlə işıqlandır – Sənə layiq olum!

 

xxx

Bir yaşantının hesabatı

 

Mütləqim, Müqəddəsim, Peyğəmbərim Asif Ata!
Evladın İnamlı Atalı sənin Ruhani Qüdrətin qarşısında səcdə ilə bildirir: Atanın canlı söhbətlərindən, 45 Qutsal kitabdan, çoxsaylı qəzet, jurnal yazılarından, Ocaqçıların Ata ilə apardıqları söhbətlərdən Amalın dəyərlərini düşünüb özümləşdirməyə çalışmışam.

Bu yazıdakı düşüncələr Ataya xasdır. Sadəcə bir sıra yerlərdə öz cümlələrimlə səsləndirmişəm. Bu düşüncələrə Atanın hansı kitabında, hansı qəzet yazısında, hansı müsahibəsində, hansı canlı söhbətlərində rast gəldiyimi xatırlamıram. Bu gün yaşımın çox olması, fiziki imkanlarımın az olması hər şeyi yerli yerində araşdırmağıma, aydınlıqlar gətirməyimə mane olur.

Ata Ruhu ilə elə dolmuşam ki, Ataya xas düşüncələr mənə elə gəlir, özümündür. Mən bu yazını yazmağımla istəklərimi dilə gətirdiyimi düşünürəm, ona görə sevinirəm, ancaq üstündə öz imzamı qoymağa utanıram.

Mən özümü Atanın zərrəsi hesab edirəm, ancaq bunu birlik olaraq düşünürəm, həm də buna çox inanıram.

 

xxx

Sorğu

 

– Siz kimsiniz?
– Biz Mütləqə İnananlarıq!
– Mütləqə İnam nə deməkdir?
– Dünyanın, Həyatın, İnsanın özündən böyük, yüksək olan daxili Qüdrətinə, bu Qüdrətin gerçəkləşə bilməsinə İnam deməkdir. Mütləqə İnama görə dünya, həyat, insan öz Mahiyyətindən yaranıb.
Dünya görünən halında bəsit, adi, ən yaxşı halda faydalı tərəfləri ilə insan üçün maraqlı olur. Belə yanaşanda insanın həyatında çirkinliklər bütün gücü ilə ortaya çıxır. İnsan insan kimi yaşaya bilmir. Ancaq Dünya öz mahiyyətiylə insanı qanadlandıran, ruhlandıran bir varlığa çevrilir. Bu halda insanın həyatında gözəlliklər bütün imkanları ilə gerçəkləşə bilir. İnsan insan kimi yaşayır.

 

xxx

Qaranlıqlar yarılsın

 

İnsanın Məna tələbində artıb, böyüyüb yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək.
İnam İşıqdır – qaranlıqları yaran.
Bəşər tarixində insanın tapındığı inamlar nisbi inamlar olub. Bu inamlarda insanın təbiəti, kimliyi bitkin şəkildə açılmamış, ruhani imkanları başlanğıcdan düşüncədən uzaq tutulmuş, məhdudlaşdırılmışdır.
Bütün hallarda insan fövqəltəbii qüvvədən, ictimai münasibətlərdən asılı duruma salınmışdır. Bununla da İnsan öz Mənasından ayrılmış, özünü itirmiş, Mənanı təsdiq etməli olan fitri imkanlarını Mənanın təkzibinə yönəltmişdir. Bu qüdrətli varlıq zəlil günə salınmışdır. İnsanın duyğuları, düşüncələri, əməlləri yanlış istiqamətlərə meyillənmişdir. İnsan yalanlar burulğanında yaşamağa alışdırılmışdır. Özü öz yaratdıqlarının quluna çevrilmişdir.
İctimai münasibətlərin ağırlığından insanın nəfəsi təntidikdə xilası özündə deyil, özündən qıraqda axtarmışdır. Bu səbəbdən də insan şərdən ayrıla bilməmiş, Asif Atanın təbirincə desək, “bir dairədə ilişmiş, ondan qırağa çıxa bilməmişdir”. Tarixi prosesdə az-çox nail olduğu ruhani-mənəvi inkişafa isə insan öz daxili xislətinin tələbləri ilə təbii şəkildə çata bilmişdir.
İnsanın daxili xisləti ona yön, meyar verən Mütləq Mənanın başlıca nişanəsidir.
Kimdir insan? İnsanın dünya, həyat ilə oxşar, fərqli cəhətləri nədir? Bu suallara cavabı insan öncə öz inamında tapır.
Asif Atanın təbirincə, – dünyada, həyatda, insanda insanı duyğulandıran, düşündürən, böyüdən, ucaldan, yüksəldən, ülviləşdirən, gözəlləşdirən, xeyirləşdirən, Mənaya yönəldən nə varsa – İnamdır. İnsanı kiçildən, əskildən, alçaldan kölələşdirən, şərləşdirən, özündən, öz Mənasından ayıran nə varsa – küfrdür.
Həqiqi İnam insanı Məna qənaətinə gətirir, insanda dünyagörüş yaradır, ideal yaradır, əxlaq yaradır, iradə yaradır. İnsan dünyada, həyatda, insanda Məna axtarır, Mənaya qovuşmağa can atır. Mənanı duyğularında görür, düşüncəsiylə təsdiqləyir, əmələ çevirir, gerçəkləşdirir.
Toplum insanın üstünlüyünü pulda, rütbədə, mənsəbdə, təmtəraqlı həyat tərzində, zorda, zahiri görünüşdə görür. Mütləqə üz tutan insan, üstünlüyü – ləyaqətin, mənəviyyatın təsdiqində, saflıqda, doğruluqda, həqiqət aşiqliyində, doğmalıqda, mərhəmətdə, qayğıda, sadəliyə, gözəlliyə vurğunluqda görür. Həyat tərzini də o cür qurur, o cür yaşayır.
İnam gələcəyə yönəlir, sabaha üz tutur. İnsan sabahın özünün bu günündən üstün olmaq imkanına, gücünə inanır. İnsan inanır ki, o, sabah bu günün şərindən azad ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah bu gündən daha xeyirxah, daha ədalətli ola bilər, olmalıdır. İnsan inanır ki, o, sabah qarşılıqlı hörmətə, bərabərliyə, doğruluğa, halallığa əsaslanan Ruhani Cəmiyyət yarada bilər.
Sabaha çatmaq insanın Məna, İnsanlıq qarşısında borcudur. Çünkü insanın ruhani aqibəti özünü yaratmaq, daxili dünyasını zənginləşdirmək imkanına bağlıdır. Bu, Mənanın tələbidir, Mənadan gəlir.
İnsan kimdir sualına cavabı Mütləqlə təmasda anlamaq olar.
Mütləqə İnam təlimi varlıq haqqında aydın təsəvvürlər yaradır. Dünyada, həyatda, insanda baş verən bütün dəyişmələrin bitkin cavabı bu təlimdə aydınlaşıb işığa çıxır.

Mütləqə İnam qismətçilikdən, xurafatdan, uydurmalardan, yalandan, cəfəngiyyatdan uzaqdır. Mütləqə İnam insanı alçaltmır, kiçiltmir, böyüdür, ucaldır, özünə çatdırır. Biliyə, fəlsəfəyə, ruhani idraka, duyğuya əsaslanır. Bu açıdan Mütləqə İnam İnsana, insanın gerçək imkanlarına, daxili dünyasına əsaslanan real təlimdir. Mütləqə İnam dübyabaxışı dünya, həyat, insan haqqında həqiqi bilik yaradır. Mütləqə İnam təliminə görə hər bir insan saflaşa, kamilləşə, müqəddəsləşə bilər. Ənənəvi bir ifadədə deyildiyi kimi, toxumda ağac olmaq imkanı olduğu kimi, insanda da İnsanlaşmaq imkanı var. İnsan daxili dünyasındakı bu imkanı şəri öldürmək, xeyiri becərməklə – özüylə döyüş yolu ilə gerçəkləşdirə bilir. Şəri öldürmək -insanın öz daxilində aşkarladığı şər sifətləri – ağalıq, mütilik, paxıllıq, xudbinlik, hərislik, rəqabət, şəhvət, yalan, zor kimi qəbahətləri əməlsiz qoyması deməkdir.  Xeyiri becərmək, yəni insanın daxili dünyasının təsdiqi olan dostluq, doğmalıq, qutsallıq, kamillik, həqiqət, ədalət, ləyaqət, əxlaq  məhəbbət kimi keyfiyyətləri əmələ çevirməsi deməkdir. Mütləqə tapınan insan ilk növbədə qarşılıqlı münasibətlərində ruhani dəyərləri əsas tutur, bütün əlaqələrini ruhani-mənəvi əsaslar üstündə qurur. Dünyaya, həyata, insana faydaçı kimi deyil, Mənaçı kimi yanaşır. İnsan qəlbini qanadan, insan həyatını ağuya döndərən ictimai çirkinlikləri – pulçuluğu, ağalıq ehtirasını, rəqabəti, yağılığı, yamanlığı, təbəqələşməni rədd edir. İnsan dünyanın həyatın, insanın, təbiətin varlığına qənim kəsilən bütün azğınlığı, zorakılığı şər sayır, rədd edir.

Mən Mütləq Mənaya inanıram, inamımda heç bir dumanlıq, qaranlıq yoxdur. Mən inanıram ki, Mütləqə İnam çətin olsa da doğru yoldur, həqiqət yoludur.
Adam maddi dünya ilə məhdudlandığından dünyanın, həyatın, insanın əslinə varmaqda acizdir. İnsan isə gerçəkliyin tələblərinə uymur, gerçəkliyə uyğunlaşmır, insanlar arasında mövcud ümumi əlaqələr, həqiqi mənəvi qanunauyğunluqlar haqqında düşünür. Əsil dünya nədir, əsil həyat nədir, əsil insan kimdir – suallarına cavab axtarır.

Dünyanın, həyatın, insanın mayasında nə durur? Dünyada dağıdıcı qüvvələrin, həyatda cəngəllik qanunlarının, insanda şər sifətlərin əsli varmı? Yoxsa, onlar nədən gerçəkləşir?
Mütləqə İnam Dünyabaxışına görə dünya, həyat, insan Mənadan yaranıb. Əsil dünya Mənalı dünyadır, əsil həyat Mənalı həyatdır, əsil insan Mənalı insandır.
Ancaq Məna dünyanın daxili halı olduğundan öz-özünə aşkarlana bilməzdi. Bu səbəbdən Məna biçimdə üzə çıxmalı, bəlirlənməliydi. Bu səbəbdən dünya Mənanın təzahürüdür. Həyat Mənanın təzahürüdür. İnsan Mənanın həm təzahürüdür, həm də ifadəsidir. Dünya, həyat, insan biçimdir – Mənanın aşkarlandığı. Dünyanın, həyatın, insanın varlığının səbəbi Mənadır. Dünyadan, həyatdan fərqli olaraq insan Mənanı görmək, duymaq, dərk etmək, ifadə etmək gücündədir.
İnsan gördü ki, dünya özünə sığmır, özündə qalmır, olanla məhdudlanmır. İnsan gördü ki, həyat özünə sığmır, özündə qalmır, olanla məhdudlanmır. İnsan gördü ki, insan özünə sığmır, özündə qalmır, olanla məhdudlanmır. İnsan özüylə barışmır, bioloji varlığından qırağa çıxmağa can atır, xeyirləşir, artır, böyüyür, öz dünyasını yaradır – dünyanın həyatın sığdığı dünyaya, həyata sığmayan insan Yer üzündə (kainat, əzəli, əbədi, sonsuz olduğu üçün insanın yer üzündə varlığı müstəsna deyil) öz aqibətini yaratmaq imkanı daşıyan yeganə varlıq olduğuna inanır. Bu hal Mənanın dünyada, həyatda təzahürüdür. Bu səbəbdən də insan Məna qarşısında, İnsanlıq qarşısında sorumluluq daşıyır. İnsan ruhani-mənəvi imkanlarına görə Məna-İnsanlıq qarşısında borcludur. Çünkü bu imkan insanda Mənadan gəlir.
Mənanın insandakı ifadəsi Ruhdur. Ruh insanın dünyaya, həyata vəcdli, ehtizazlı, eşqli, doğma, ləyaqətli, inamlı, idraklı, mənəviyyatlı, iradəli münasibətidir. Bütün canlılar arasında Ruh yalnız insana xasdır. Ruhani Yol – insanların üzləşdiyi saysız-hesabsız olaylara münasibətində seçdiyi həqiqi yoldur. Ancaq dünyanın, həyatın, insanın təbiətində ikilik var.
Dünya Məna nişanələrini daşımaqla yanaşı fiziki dəyişmələrə məruz qalır. Maddi qanunlardan dağıdıcı qüvvələr – Şər yaranır. Həyat Məna nişanələrini daşımaqla yanaşı kimyəvi dəyişilmələrə məruz qalır. Bioloji tələbatlardan cəngəllik qanunları – Şər yaranır. İnsan Məna nişanələrini daşımaq, ifadə etməklə yanaşı sosial tələbatlara malikdir. Sosial tələbatlardan cəmiyyət qanunları – Şər yaranır.
Dünyanın, həyatın özlərindəki Şəri dərk etmək, dəf etmək imkanı yoxdur. İnsan isə Şəri öldürmək, şərdən azad olmaq Qüdrətini daşıyır. Bu səbəbdən də insan həqiqi inama yiyələnməlidir ki, ilişib qaldığı şər dairəsindən çıxa bilsin. Dairə dedikdə əksər insanların dolanışıq, məişət qanunları ilə uğraşdığını, hakimiyyət pillələrində isə mənfəət, mənsəb, şöhrət, şəhvət uğrunda cəngəllik didişmələri, bu yolda xalqın başında çatlayan məkr, hiylə, qəddarlıq, satqınlıq, hər cür riyakar oyunları başa düşülür. Dairədə ilişib qalanlar dünyanın mənasından xəbərsiz olurlar.
Özüylə döyüşən insan ictimai həyatdan gələn qəbahətlərə uymur, qatılmır, illərlə bəsləyib yetirdiyi daxili ləyaqətini qoruyub saxlamağa çalışır. Burada incə bir məqam var. İctimai həyatda haqqı haqsızlığın ayağına verməmək cəmiyyətin, millətin xeyrinədir. Əgər hürufiləri öldürməsəydilər, dərk edib qəbul etsəydilər, bu gün Azərbaycan xalqı insani münasibətlərdə daha irəlidə olardı. İnsanlıq olan yerdə bütün digər münasibətlər (iqtisadi, ictimai, siyasi) təbii şəkildə öz axarını tapır. Bu günkü maddi, texnoloji tərəqqi insanın, insanlığın xidmətində olardı, insana, insanlığa qənim kəsilməzdi. Bu səbəbdən də Mütləqə inananlar təkcə özləriylə yetərlənmir, öz elini, xalqını, bəşəriyyəti böyütmək, insanın mənəvi səviyyəsini yüksəltmək üçün çalışırlar. Yalnız Mütləqə İnam əsasında insanların bir araya gəlişi əbədi olar.
Hər bir insanın daxilində Mütləqdən nəsə var. Ancaq bədbəxtlik ondadır ki, adamların böyük əksəriyyəti ömrünün axırına kimi özlərindəki Mütləqdən xəbərsiz olurlar. Bütün ömrünü maddiyyat, hakimiyyət, şöhrət, şəhvət uğrunda çalışmalara, döyüşlərə, rəqabətə, xudbinliyə, dedi-qoduçuluğa, mənəmliyə həsr edir. Adamın fəlakəti ondadır ki, sevincini, fərəhini,  tanınıb seçilməyini, özünütəsdiqini mənəmlikdə görür, mənəmlikdə axtarır. Cəmiyyətin səviyyəsi aşağı olduğu üçün belələri nüfuz sahibləri sayılır. Bu cür adamlar insanın Mahiyyətindən xəbərsizdirlər. İnsanlıq açısından ucuz, sönük, yeknəsək bir həyat yaşayırlar. Öz bədbəxtliklərini başqalarına, cəmiyyətə də yoluxdururlar.
Sufilərin deyimi var: “Əgər şahlar bilsəydilər ki, biz hansı fərəhin sahibiyik, bizə müharibə elan edərdilər”. Sufilər vəcd məqamında, daxili ehtizaz halında “hardadır dünyanın şahlarında belə bir ləzzət” – deyərmişlər.
Fərəhin həqiqəti insanlıqdan doğan fərəhdir. Babəklər, Nəsimilər ölümə də fərəhlə getdilər. Babək əsir düşdükdən, hər yerdən əli üzüldükdən sonra belə, düşmənin “bər-bəzəkli” təkliflərini “ölüm” sandı, qəbul etmədi. Tikə-tikə şaqqalanmağı isə qəbul etdi. İnsanlara bu cür daxili tamlıq diləməkdən başqa istək ola bilməz.  Mənim də arzum, istəyim belədir. Çünkü mən Mütləqə inanıram.

 

xxx

Asif Ata kimdir? O, həyata nə verdi? Naşı deyəcək, o, heç öz evinə, ailəsinə yaramadı. Asif Atanın sözüylə desək, zəmanə Asif Atanı anlamadan irad oxudu. Cəmiyyət öz ölçüləri ilə Asif Atanı qiymətləndirdi. Əslində isə Asif Ata min ildən bir yetişən dühalardandır. Zəmanəsini min illərlə qabaqlamışdı. Bu səbəbdən də bu günkü ağıllara, bu günkü zehinlərə sığmadı.
Asif Ata Mütləqə İnam dünyabaxışını yaratdı. Mütləqə İnam pozulmaz, qırılmaz Mütləq Həqiqətin bu vaxta qədərki, bundan sonrakı düşüncə tarixində yeganə səhvsiz ünvanıdır. Kor-korənə irad oxumaq naşılıqdır. İçinə gir, öyrən, onda görərsən ki, insanın Mütləq Xeyirləşmək imkanına inanan insanlar gözəl, xeyirxah cəmiyyət yaratmağa qadirdir. İnsanların min illər boyu axtardıqları, ancaq yoluna düşə bilmədikləri elə bu deyilmi?!
Sözümü Asif Atanın ənənəvi bir kəlamı ilə bitirirəm:
Qaranlıqlar yarılsın! Daxilinizdəki Mütləq sizə yar olsun!

Share: