Arzusuna çatan şəhid … -Aysel Nəsirzadə yazır…

Fatimə xanımla söhbətə başlayarkən mən suallarımı necə qurum, necə ünvanlayım ki,yaralı ürəyinə toxunmayım deyə çox götür-qoy etdim .

Cəsarətimi toplayıb :
-Fatimə xanım,belə bir kəlam var ,“ Şəhid şam kimidir…”
-Bəli ,“Şəhid şam kimidir,onun işi  yanaraq nur saçmaqdır”. “Şəhidlərə ölü deməyin onlar Allah dərgahında diridilər və məkanları cənnətdir”.Bu fikirləri tez-tez deyirdi, əsil mənasını mənə dərk etdirə-etdirə illərlə qisas hissiylə yaşayan Camal bizi öz şəhidliyinə hazırlayırdı.Mənə onun şəhid olma xəbəri çatanda dedim ki, arzusuna çatdı.Çünki ən böyük arzusu vətən uğrunda döyüşüb,şəhadətə ucalmaq idi.Elə də oldu , layiqincə vuruşub,düşməndən qisas alıb, şəhadətə ucaldı.Mən onun haqında keçmiş kimi danışmaq istəmirəm o hər an bizimlədir.Bizi izləyir,bizi duyur.Mən övladlarımı qoymuram ağlamağa başa salmışam ki,atanız cənnətdədir biz də bir gün gedib ona qovuşacağıq.Düzdür, atamız üçün çox darıxırıq, darıxmaqla yanaşı həm də onunla qürur duyuruq.Çünki Camal illərlə ağrısını duyduğumuz,hər dəfə izləyəndə, oxuyanda kədərləndiyimiz Xocalıdakı günahsız öldürülən körpələrimizin,analarımızın, bacılarımızın,əliyalın öldürülən insanların qisasını aldı.O “Qarabağı tezliklə azad etməliyik, bu yükü gələcək nəsilə ötürməməliyik” duyğusuyla hərbiyə ömrünü həsr etmişdir. Qarabağın azad olması uğrunda da şəhid oldu və o bu gün Vətən uğrunda canını fəda edən QALİB ŞƏHİDDİR.
Sin descripción disponible.
-Çox şəhid olan hərbiçilərimizin  xanımları  yoldaşlarının toya-bayrama gedirmiş kimi evdən ayrıldıqlarını deyirlər.Sizin xatirinizdə necə qalıb vida anı?
-Özü hərbiçiydi gündəlik işə gedib evə gəlirdi .Sentyabrın 24-ü axşam üstü uşaqları anama verib, şəhərə gəzməyə getdik .Bir az gəzib dolaşdıq ,söhbət etdik,amma bir qəribəlik sezirdim fikirliydi,gözü elə hey yol çəkirdi.Dedi sabah ola bilsin  təlimə getdik.O təlimə tez- tez  gedirdi deyə mən adi qarşıladım hər şey yaxşı olacaq sağ-salamat gedib qaydacaqsan inşallah dedim, ancaq qəfil sözümü kəsib mənə güvəndiyini ona bir şey olsa gözünün arxada qalmayacağını övladlarımızı ilk öncə Allaha sonra   mənə və vətənə,dövlətə əmanət etdiyini dedi.Mən də elə danışma bu da həmişəki təlimlərdən biridir, uzaqbaşı bir həftə on günə çıxıb gələcəksiz. Ancaq o yenə də nəyi necə edəcəksən deyə tapşırmağa başladı.Dünyaya gələcək oğlumuzun adını belə qoydu.Dedi adı AlpArslan, soyadı Camal olar.Çox tapşırıqlar verirdi  adi qəbul edirdim, çünki 11 ildə hər dəfə təlimə gedəndə tapşırıqlar verərdi demək olar vəsiyyət yazıb gedərdi.
Qızlarımıza çox bağlı ata olub,onlarla bağlı xeyli arzuları, planları var idi.Dönə-dönə tapşırdı ki,onların təhsilinə xüsusi diqqət ayır, yaxşı oxusunlar Ali təhsillərini xaricdə alıb,yaxşı mütəxəssiz olaraq yetişsinlər ,vətənə millətə xeyirli övlad olsunlar deyə vəsiyyətlər etdi.Şəhərdə bir az da gəzib evə qayıtdıq.Özünə məxsus xüsusi əşyalarını çantasına yığdı.Uşaqların yatmaq vaxtı idi aparıb yatırtmaq istəyirdim, qoymadı xeyli onlarla söhbət etdi,oyunlar oynadı.Sentyabrın 25-i səhər saat 5 idi yenə həmişəki kimi bəzi tapşırıqlar verdi sağollaşdı və “Mən sizi heç vaxt tək qoymaram,mütləq qayıdacağam” deyib ayrıldı.Yola salarkən nigarançılığım,narahatçılığım yoxuydu,ancaq gedərkən dəfələrlə çönüb arxaya baxması ürəyimə izah edə bilməyəcəyim qəribə bir duyğu yüklədi.Son dəfə Allaha əmanət ol deyib evə keçdim…
Sin descripción disponible.
   Camalla Fatimə xanım 2008-ci ildə ailə həyatı qururlar .Onların 2009-cu ildə Əsmət,2011-ci ildə Əsnad adlı qızları dünyaya gəlmişdir.Fatimə xanım şəhidimiz Camal haqqında ömrünə ən gözəl günləri bəxş etmiş dəyərli  bir yoldaş kimi,övladlarının hər daim gülmsəyərək xatırlayacağı ,qürur duyacağı ata kimi, vətənini ülvi məhəbbətlə sevən hərbiçi kimi elə böyük şövqlə danışırdı ki,sözünü kəsmək istəmirdim.Göz yaşları özündən bixəbər ovuc-ovuc göllənmişdi,ancaq şəhid yoldaşının xatirəsini dilə gətirərkən gözlərindəki parıltı sevgisinin böyüklüyünü ,əbədiliyini əxz etdirirdi.İlahi,necə gözəl sevgidir,necə müqəddəs sevgidir  Fatimə xanımın sevgisi.Fatimə xanım deyir hərbiçi yoldaşı olmaq həm möhtəşəm qürurverici,şərəfli duyğudur ,həm də olduqca məsuliyyətlidir.
     -İlk tanış olduğumuz gündən bəri o məni bir gün şəhid ola biləcəyi duyğusuyla həyata öyrədirdi.Hansısa şəhidimizin dəfnindən nümunə gətirib  deyərdi ki, “Gör yoldaşı necə qürurla qarşıladı şəhid yoldaşının tabutunu, çünki o əvvəldən bilirdi yoldaşı hərbiçidirsə, bir gün şəhid ola bilər,çünki biz müharibə şəraitində olan bir ölkənin hərbi qulluçularıyıq.Kəşfiyyatçı olduğu üçün hər şeyi evdə danışmazdı. Mən sadəcə onunla bağlı bəzi məqamları söyləyə bilərəm. Bir çox təlimlərdə iştirak edib, 94 dəfə paraşütdən atlayışı var, xizək, dağçılığın bütün sirlərinə bələd idi. Moskvada Qələbənin 95 illiyi münasibətilə keçirilən paradda iştirak edib, medal alıb. Bayraq Meydanın açılışında iştirak edib.
     Camal Füzuli uğrunda gedən döyüş zamanı döyüş meydanından dostunu xilas edəndə ayağından və qolundan yaralansa da, bizə bildirmədi.Hətda dörd gün hospitalda olduqdan sonra yenidən cəbhəyə qayıdır. Dostu Kamil qucağında keçinib. Hospitalda olmağını özünə sığışdıra bilmirdi. Onunla danışanda gördüm səsi nəsə sakit yerdən gəlir.Soruşdum hardasan dedi ki, kazarmadayam, ayağım burxulub, həkimlər buzlu su qoyub. Sən demə yaralanıbmış. Bunu sonradan bizə döyüş yoldaşları dedilər.Arada telefonla danışanda Qarabağda gəzərkən necə qürurlandığını deyirdi qayıdıb bir gün övladlarını ,məni Qarabağa aparacağı sözü də vermişdi. Döyüş yoldaşlarının sözlərinə görə, son döyüşündə elə təxminən 200-ə qədər ermənini Camal özü öldürüb. Yarısını güllə ilə, yarısını bıçaqla, əlbə-yaxa döyüşərək öldürüb.
    Müharibədə olanda ara-sıra zəng edirdi danışırdıq uzağı 1-2 dəqiqə bəlkə də az hal-əhval tuturdu.Yenə həmişə olduğu kimi o od-alovun içindən olsa belə uşaqların dərslərini oxuyub oxumadıqlarını,kurslara gedib getmədiklərini o qısa dəqiqəyə sıxışdırıb soruşurdu .Bir dəfə də həkimə müayinə etdirmək üçün  gedib getmədiyimi soruşdu. Mən də müayinəyə sən sağ-salamat gəl səninlə bir gedəcəyəm dedim.Güldü inşallah deyib sağollaşdıq.
         -Bəs uşaqlar atalarının şəhidlik xəbərini necə qarşıladı?
  Mənə xəbər çatanda eşidəndə ki,şəhid olub bayaq dediyim kimi dedim arzusuna çatdı.Camal namaz qılıb qurtarıb, dua edəndə eşitməzdim səssiz dua edərdi, sadəcə bir duasını tez-tez eşidərdim deyirdi “Allahım mənə şəhadətə ucalmağı nəsib elə” .
     Əvvəl uşaqlarıma demişdim ki, ata hospitalda yaralıdır, ata qəhrəman ola bilər. Amma uşaqlar artıq neçə vaxtdı deyirlər ki, ana, deyəsən atamız Cənnətdədir, göylərdədir. Qızım deyir, hamı mənlə şəkil çəkdirir, elə fərəhlənirəm, atamla qürur duyuram. Belə az da olsa danışmışam, bəzi məqamları demişəm onlara, amma gözləri hələ də yoldadır, onun yolunu gözləyirlər.Uşaqlara görə, özümü möhkəm tutmuşam ki, onlar kədərlənməsin. Mən bilirəm ki, o harda olsa da, mənim tək qoymayacaq, həmişə bizimlə olacaq.
Amma bir danılmaz həqiqət var biz Camal üçün çox darıxırıq…
   Fatimə xanımla xeyli danışdıq ,bu cür  məğrur şəhid xanımıyla həmsöhbət olmaq onu dinləməkdən  böyük qürur hissi duydum.Əslində veriləcək suallarım çoxuydu, ancaq Fatimə xanımın vəziyyətiylə bağlı çox sual verib ürəyindəki yaranı dərinləşdirmək,onu daha çox narahat etmək  istəmədim.
Sin descripción disponible.
         Şəhid ,Xüsusi təyinatlıların baş giziri,kəşfiyyatçı İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. 1986-cı ildə ailəsi ilə birlidə Rusiyanın Krosnayarski vilayətində köçmüş birinci sinifə orda başlamış 1991-ci ildə yenidən Azərbaycana dönmüş və öz doğma Neftçala rayonunda təhsili davam etdirərək  orta məktəbi burda bitirmişdi.
 Ailədə iki qardaş, bir bacı olublar.  2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal dərin zəkası, bacarığı ilə hərbi hissədə komandanlığın diqqətini çəkir və beləliklə hərbçi olmağa qərar verir. Beləcə Camalın həyatında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan XTQ-nin baş gizir kimi fəaliyyəti başlayır. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir.18 il ərzində cürbəcür kurslarda iştirak etmiş,təhsilini artırmış istər nəzəri,istər praktik cəhətdən çox irəli getmiş və buna görə də hərbi hissə komandirləri tərəfindən dəfələrlə medallara və fəxri fərmanlara layiq görülmüşdür
Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. Doğma Qarabağımızın Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrutun qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında iştirak edir. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulur. Son döyüşündə – Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər düşmənlə döyüşərək, rəhbərlik etdiyi dəstəsilə ilə birlikdə oktyabrın23-ü şəhidlik zirvəsinə yüksəlir.
İsmayılov Camal bundan öncə də 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif edilib.
Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirrlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb. Allah şəhidlərimizə rəhmət eləsin.Biz vətən uğrunda canından keçən şəhidlərimizi əsla unutmayacağıq.
Aysel Nəsirzadə
Müstəqil.Az
Share: