Arvadını sosial şəbəkədən istifadə etdiyi üçün öldürənlə bağlı QƏRAR

Ali Məhkəmədə arvadını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2021-ci il fevralın 1-i saat 18:00 radələrində Suraxanı rayonunda baş verib.

1992-ci il təvəllüdlü Qasımova Fəridə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Ehtibar Qasımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Fəridə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmədə ifadə verən şəxs arvadını sosial şəbəkədən istifadə etdiyi üçün öldürdüyünü deyib.

Share: