“Araz-Naxçıvan”ın baş məşqçisi: “Eyforiyadan söhbət gedə bilməz”

“Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, bu cür qələbələr özünəinamı artırır”.

“Report” xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” üzərində qazanılan qələbənin (1:0) komandaya təsiri barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında uğurlu çıxışlardan sonra arxayınlığın yaranmaması üçün futbolçularla söhbətlər apardıqlarını bildirib:

“Futbolçularla istər kollektiv, istərsə də fərdi söhbətlər zamanı vurğulayırıq ki, zirvəyə qalxmaq nə qədər çətindirsə, orada duruş gətirmək ondan da çətindir. Ona görə də bütün görüşlərə tam köklənməli, bu yanaşmanı digər matçlara də daşımalıyıq”.

Gənc mütəxəssis oyunçularının bu gün “ASCO Arena”da baş tutan məşqdəki durumlarından razılığını bildirib:

“Komandada hər şey qaydasındadır. Bu gün məşqimizi oyunun keçiriləcəyi stadionda reallaşdırdıq. Çalışdıq ki, uşaqlar arenanın örtüyünə uyğunlaşsınlar. Zədəli futbolçularımız sağalıb və komandaya qoşulublar. Yalnız Muhamed Kadiri qırmızı vərəqə cəzalısı olduğundan, meydana çıxa bilməyəcək. Əhvali-ruhiyyə yaxşıdır. Uşaqlar oyunun məsuliyyətini dərk edirlər”.

A.Bağırov çempionatın VII turunda qarşılaşacaqları “Səbail” barədə də xoş fikirlər səsləndirib:

“Səbail” son 3 oyunda qələbə qazanıb, “Qarabağ” kimi iddialı komandanı məğlub edib. Bu da onu göstərir ki, rəqib kəsərli əks-hücumlar qurur. Maraqlı oyun olacaq. Azarkeşlərimizə səslənirəm ki, gəlin, tribunada yerinizi tutun, komandamızı dəstəkləyin”.

Qeyd edək ki, sentyabrın 24-də keçiriləcək “Səbail” – “Araz-Naxçıvan” oyunu saat 19:30-da başlayacaq.

 

Share: