“Aprel günəşinin qələbə ətirli şəfəqləri otağa dolub oranı nura boyadı…” -Sevil Gül Nur

Aprel ayı olmasına baxmayaraq yazın gəlişi gecikir, hava hələ də isinmək bilmirdi. Sanki təbiət qışla ayrılığa tələsmir, çılpaq ağacların yaşıl donunu geyindirməyə can atmırdı. Bahar günəşinin həsrətində olan bağlar göyün üzünü örtmüş buludlara baxıb kədərlə köks ötürürdü. Səhərin soyuq havası bağçaları üşüdürdü.
Pəncərə önündə dayanıb bu mənzərəni seyr etdikcə bir neçə gün əvvəl aprel döyüşlərinin iştirakçısı ilə olan söhbətimizi xatırladım.
“2016-cı ilin apreli idi. Düşmən Talış kəndi yüksəkliyində hücuma keçdi. Mən döyüş yoldaşlarımla birlikdə düşmən təxribatının qarşısını almaq üçün üzbəüz döyüşə girdik. Və düşmənin canlı qüvvəsini məhv etmək üçün əks hücuma keçdik”.
Aprel döyüşlərində iştirak etmiş Babək söhbətə yuxarıdakı cümlələrlə başlamışdı. O, danışdıqca onu böyük maraq və qürurla dinləyirdim – qarşımda Azərbaycanın qəhrəmanlıq tarixində iz qoymuş döyüşçü var idi…
Əliyev Babək Bəxtiyar oğlu 1986-cı il aprel ayının 22-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2008-ci il mart ayının 14də gizir hazırlığı kursuna qəbul olmuş, həmin ilin 31 avqustunda kursu bitirmişdir. Elə o vaxtdan da 2013-cü il oktyabrın 30-na kimi Naxçıvanda qulluq etmişdir.2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xudmət edən Babək 2016-cı il 1-5 aprel döyüşlərində iştirak edərək böyük rəşadət göstərmişdir. 2016-cı il aprelin 4-də gərgin gedən döyüşlərdə tapşırığı yerinə yetirərkən yaralanmış və həmin ilin oktyabr ayında Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən təqaüdə göndərilmişdir. Hal-hazırda ehtiyatda olan gizirdir.
Ömrünün təxminən on ilini hərbə həsr edən igid döyüşçü silahdaşları ilə birgə dəfələrlə düşmən təxribatının qarşısını almışdır. 2016- cı il aprelin 1-də də döyüşə hazır olan cəsur hərbçilər düşmənin hücumunu mərdliklə dəf edib onları geri qovmağa nail oldu. Beş gün davam edən gərgin mübarizədə əsgər və zabitlərimiz qəhrəmanlıqla vuruşaraq torpaqlarımızın bir qismini azad etdilər. Qələbə bayrağımızı Lələtəpə yüksəkliyinə sancıb bir daha gücümüzü düşmənə sübut etdilər. “Aprel döyüşləri” Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu döyüş Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Lakin qələbə qurbansız olmur. Bu döyüşdə biz  şəhid verdik, yaralılarımız oldu. Babək Əliyev onunla birlikdə döyüşüb şəhid olmuş qardaşlarımız polkovniklər Vüqar Yusifov və Raqub Orucov, leytenant Sahil Şirinovun adını çəkdi. Döyüşlərdə həlak olmuş şəhidlərimzin ruhunu hörmətlə yad etdik.
“Səngərdə dayanıb düşmənin etdiklərinə baxmaq çox ağırdır. Döyüşdə isə düşmən sənin qarşında olur, onun murdar sifətini görürsən. O an onların ana-bacılarımıza, körpələrimizə etdikləri gözün önünə gəlir. Onlara qarşı daha amansız olursan, düşməni məhv etmək üçün dayanmadan irəli atılırsan”-deyə Babək qeyd etdi. Qələbə sevincində payı olan hərbçidən “O an nə hiss etdiniz?” deyə soruşduqda, bir cümlə ilə cavab verdi: “Bunu sözlə ifadə etmək çətindir”. Sonra əlavə etdi: “Amma gözəl hiss idi. Çünki uzun illərdən bəri gözlədiyimiz hiss idi. Nə yaxşı ki bu mənə də qismət oldu. Nə yaxşı ki xalqıma qələbə sevinci yaşatmaqda mənim də payım var!”…
Döyüşçü ilə bağlı yazını qələmə alıb bitirəndə artıq günorta olmuşdu. Havanın rəngi açılmış, səmanı tutan buludlar dağılmışdı. Günəş mehribancasına gülümsəyirdi. Ruhu yüksəldən bir hava vardı. Qalxıb pəncərəni açdım. Aprel günəşinin qələbə ətirli şəfəqləri otağa dolub oranı nura boyadı…
Sevil Gül Nur
Share: