Aparacaqdı su gülü, Oyatdı yuxusu gülü. Ay dəli, sən də bu gülü,- Sulu dəribsən, eləmi?

Əlirza HƏSRƏT
Müstəqil. Az tanınmış şair Əlirza Həsrətin son şeirlərini təqdim edir:
QOŞA FAİQ BALABƏYLİ
(Dənizçi-şair Faiq Balabəyliyə və nəvə Faiq Balabəyliyə)
Əcəb nəvəcanlısan ha,
Yaşa, Faiq Balabəyli!
Hamı deyir, belə gəlir-
Xoşa, Faiq Balabəyli.
Dəniz sakit,gəmi gəlir,
İki sevda cəmi gəlir.
Məhəbbət beləmi gəlir,-
Başa, Faiq Balabəyli?
Bu cığırın,bu da izin,
Yoluna çıxıb kənizin.
Mükafatıdır Dənizin,-
QOŞA FAİQ BALABƏYLİ…
ETİRAF
(Ömür-gün yoldaşımın ad gününə)
Gün-gün tökülürük ömürdən, sonam,
Elə bil gəlibdir hayı günlərin.
Nağıl danışmağa varlığımızdan,-
Görünür xatirə boyu günlərin.
Çox dəydim xətrinə mən bilə-bilə,
Salmadın bu dərdi ağıza, dilə.
Sədası düşübdür obaya, elə,
Bizim bu məhəbbət payı günlərin.
Əhsən, tanrı verən bara, bəhərə!
Sevib can, söylədik hər xoş xəbərə
Başıma dönübsən gör neçə kərə,
Çıxıb yadımızdan sayı günlərin.
Sonam, görməyəsən heç ağrı-qada,
Hey uçaq bir yerdə qanad-qanada.
Xatirə-xatirə düşərik yada,
Çıxar gözümüzdən suyu günlərin.
ŞUŞADA
(Şuşada “Vaqif poeziya günü”ndə iştirak edən dostum Dayandur Sevginə)
Gözün aydın,ay Dayandur,
Tanrı payıdır bu qürur.
Belə nə gözəl oxuyur,
Gül üstə quşun,Şuşada.
Nə çox belə gəlib-geçən,
Gah ağlayıb,gülüb geçən.
Şəhid köksün dəlib geçən,-
Neçədir qurşun,Şuşada?
Natəvan divanə ahu,
Hər yan şeir dolu,yahu!
Vaqifin şad olan ruhu,-
Çəkibdir qoşun,Şuşada.
Sevdim bu Şuşanı mən də,-
Yarı Tanrı,yarı bəndə.
Əlirza şeir deyəndə,-
Çağlayın-coşun,Şuşada?
SƏNƏMİ QALIB…
(Sazımızı səsləndirən, sözümüzü sazlandıran,sazın, sözün çiçəyi Çiçək Mahmudqızının şərəfinə)
Sığınıb köksünə yenə saz balan,
Ayrılıq haqdırsa, məhəbbət yalan.
Ay Çiçək, Məcnundan əmanət qalan,
Çölləri yandırmaq sənəmi qalıb?
Əcəb şam tutubsan Günəşi,Ayı,
Baxıb gedənlərin bilinmir sayı…
Belə oda salıb dənizi,çayı,
Selləri yandırmaq sənəmi qalıb?
Sən də qoşun çəkdin sevgi şahıyla,
Sevən məğlub olmaz eşq silahıyla.
Əsli atəşiylə,Kərəm ahıyla,
Elləri yandırmaq sənəmi qalıb?
“Dilqəmi” aşiqin son haqq-hesabı,
Könlüm eşq ocağı,gözüm mey qabı.
Sən allah,yavaş vur simə mizrabı,
Telləri yandırmaq sənəmi qalıb?!
ELƏMİ…
Elə mənim günümdəsən,
Sən də qəribsən, eləmi?
Xatirəsi ələk-vələk,
Ömür sürübsən, eləmi?
Qərib quşsa məhəbbət də,
Yuvası qızmaz əlbəttə.
Süfrə yerinə qürbətdə,-
Ürək səribsən,eləmi?
Aparacaqdı su gülü,
Oyatdı yuxusu gülü.
Ay dəli, sən də bu gülü,-
Sulu dəribsən, eləmi?
Share: