Antalyadan İrəvana 50, Bakıya isə 274 dollara təyyarə bileti…

Türkiyəli bloqer İbrahim Hayta özünün “Hayta yollarda” yutub kanalı üçün İrəvandan süjet hazırlayıb. Ermənistanın paytaxtına Antalyadan gəldiyini qeyd edən aparıcı təyyarə biletinə cəmi 50 dollar ödəniş etdiyini qeyd edib.   

O bildirib ki, Antalyadan İrəvana təyyarə biletinin qiyməti adətən 60-70 dollar civarında dəyişir. Bir neçə həftə əvvəl alınsa, biletə cəmi 50 dollar ödəniş də kifayət edir.  

“Qafqazinfo” xəbər verir ki, türkiyəli bloqerin bilet qiyməti ilə bağlı söylədikləri məlum mövzunu yenidən gündəmə gətirib. Sosial şəbəkənin Azərbaycan seqmentində qeyd olunur ki, qardaş ölkə vətəndaşlarının Türkiyəyə, münasibətləri heç də xoş olmayan Ermənistan vətəndaşları ilə müqayisədə dəfələrlə baha getməsi sual doğurur. 

Nəzərə alsaq ki, ölkənin quru sərhədləri bağlıdır, artıq sentyabrdan ölkə xaricində təhsil almağa gedəcək tələbələrin vəziyyəti daha acınacaqlı olacaq. Aviabiletlərin qiymətləri az qala tələbələrin xaricdə təhsil haqlarını da üstələyir. Bəs təxminən eyni məsafəyə Azərbaycandan uçuşların bu qədər yüksək olması necə izah oluna bilər? 

Müqayisə üçün AZAL-ın saytında sentyabr ayına olan Antalya-Bakı bilet qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, sözügedən şəhərdən Bakıya AZAL-la ən yaxın uçuş tarixi sentyabrın 11-nədir və qiyməti də 274 dollardır. Bakıdan Antalyaya isə sentyabrın 1-i tarixinə olan ən ucuz təyyarə biletinin qiyməti 457.28 manatdır. Növbəti günlər üçün də təxminən buna yaxın məbləğ təşkil edir. 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə isə artıq AZAL-ın bilet qiymətləri heç kimi təəccübləndirmir: “Bu məsələ uzun müddətdir həll olunmur. Həm hava nəqliyyatı sisteminin infrastrukturunu bu qurum idarə edir, həm də hava nəqliyyatı xidmətini təşkil edir, monopoliya formalaşdırıb. Ölkənin hava nəqliyyatı ilə sərnişindaşıma siyasətini, turizm siyasətini məhv edib, ölkənin əlçatanlığını aşağı salıb, dövlət vəsaitlərini qeyri-səmərəli idarə edir. Təəssüf ki, bu günə qədər problemin həlli ilə bağlı təklif edilən beynəlxalq təcrübə, müasir yanaşmalar da nəzərə alınmaqla həllərin heç biri hökumət tərəfindən qəbul olunmur. Artıq insanlar da bundan yorulublar. Çox anlaşılmaz, izaholunmaz, niyə sualının cavabı olmayan vəziyyətdir”.

Ekspertin sözlərinə görə, AZAL-ın bilet qiymətlərinin insanların gəlirləri ilə eyni səviyyəyə düşməsi üçün milli brendi ləğv etmək lazımdır: “Həmişə sadəcə bir fikirlə çıxış edirlər ki, bu, milli brenddir. Məşğul əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə bizə bu qədər bahalı – bəzən 15 dəfəyə, bəzən 48 dəfəyə qədər yüksəyə qalxan milli brend olan şirkət lazımdırmı? İnsanlara xidmət lazımdır, yoxsa brend lazımdır? Hökumət bunu aydınlaşdırmalıdır və buna son verilməlidir. Ən geridəqalmış Orta Asiya ölkələri belə bu yanaşmadan, bu idarətmə modelindən imtina ediblər. Azərbaycan da bundan imtina etməli, bu günə qədər bu sahədə yaradılmış vəziyyətə görə cavabdeh olan hər kəs cəzalanmalıdır. Xaricdə təhsil alanlardan tutmuş, xaricdə səhiyyə xidmətlərindən istifadə edənlərə qədər hər kəs bundan zərər çəkib. İnsanı sağlamlığı ilə, təhsili ilə, sınağa çəkməzlər, amma biz AZAL-ın timsalında bunu görmüşük”. 

Qeyd edək ki, bundan əvvəl də İrəvandan İstanbula uçuş qiymətlərinin fonunda Azərbaycan Hava Yollarının qiymət siyasəti kəskin tənqidə səbəb olmuşdu. Lakin dəfələrlə tənqidlərə tuş gələn milli aviadaşıyıcı bununla bağlı verdiyi açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişməsi ilə əlaqələndirib.

Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir: “Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır. Bu, sərnişinləri aviabiletləri öncədən almağa sövq edir, aviaşirkətlərə isə təyyarədə kifayət qədər sərnişinlərin olacağına zəmanət verir”.



Share: