Anım Günü Binəqədidə də qeyd edildi — Fotolar

27 Sentyabr Anım Günü ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev və müavinləri, BRİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları II Fəxri Xiyaban, Binəqədi, Xocəsən və Biləcəri qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarət ediblər.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin qarşısında 27 Sentyabr- Anım Gününə həsr olunmuş ümumrayon tədbiri həyata keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri,  sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri  qoyuldu və  tədbir  topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük  Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında – Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş  üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınmışdır. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində  canlarını fəda edən Binəqədi rayon  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301(üç yüz bir)  şəhidlərimizin adı və soyadı həkk olunub və elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar toplanıb.

“Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi  Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı” – deyə Rayon İcra Hakimiyyətinin başçısı söyləyib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov öz çıxışında qeyd edib ki, iki il bundan əvvəl sentyabr ayının 27-si Şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Daha sonra çıxış edən şəhidlərin ailə üzvləri və qazilər xatirələrini bölüşərək  şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin onları duyğulandırdığından bəhs ediblər.


Share: