“Anasının üzüyünü verib dedi 130 min manat qiyməti var…”

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Maqsud Mahmudov çoxsaylı vətəndaşların etibarından istifadə edərək onlara qarşı külli miqdarda dələduzluqda, tarixi-mədəni irs hesab olunan əşyaları ələ keçirməkdə və sosial şəbəkə vasitəsilə incəsənət xadimləri – Afət Həsənova (Fərmanqızı) və Vasif Məhərrəmli barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməkdə təqsirli bilinib.

Zərərçəkmişlərə dəymiş ümumi ziyan ümumilikdə 1 milyon 600 min manatdır.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə hakim təqsirləndirilən M.Mahmudovu 20 il cəza gözlədiyini deyib.

M.Mahmudov ittihamla razılaşmayıb, özünü təqsirli bilmədiyini deyib:” Özümü qətiyyən təqsirli bilmirəm. Heç kimin pulunu götürməmişəm”.

İlki olaraq məhkəmədə zərərçəkmiş Kamilə Əliyeva ifadə verib. O, ifadəsində əməliyyatla bağlı pul lazım olduğunu, qızıllarını Lökbatan qəsəbəsindəki lombarda qoyaraq 350 manat pul götürdüyünü deyib: “Qızılların dəyəri 600 manat idi. Hər ay faizi ödəyirdim. Sonradan dedilər ki, lombard bağlanıb, qızılları götürüb qaçıblar. 12 noyabr 2019-cu il idi. Polisə gedib ərizə yazdım. On-on beş gün sonra lombarddan zəng etdilər ki, gəl qızılları götür. Pulu ödəyib qızıllarımı oradan götürdüm.”

Zərərçəkmiş şəxs M.Mahmudovdan şikayət və tələbi olmadığını bildirib.

Digər zərərçəkmiş Firudin Bağırov ifadəsində M.Mahmudovla uzaq qohum olduğunu deyib. Zərərçəkmişin ifadəsinə görə, M.Mahmudova 45 min manat pul verib:

 

“Maqsud anasının üzüyünü verib dedi ki, üzüyün 130 min manat qiyməti var. Mən də inanıb ona 45 min manat pul tapıb verdim. Sonradan Maqsuddan pul alıb hissə-hissə 45 min götürdüyüm şəxsə verirdim. 28 min manatını verəndən sonra Maqsud dedi ki, daha verə bilmirəm, get pul aldığın adama de məhkəməyə versin. Mən də pulu Rafiq adlı şəxsdən almışdım.

Bu gün həmin pula görə mənim 3 milyonluq obyektlərim girovdadır”.

Zərərçəkmiş uzun illər rus, çeçen, inquş millətindən olan şəxslərlə biznes əlaqələri olduğunu, lakin heç zaman aldadılmadığını deyib:” Onlar məni aldatmadı, amma gəlib burada öz el-obamda bu adam məni aldatdı.”

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş M.Mahmudov ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

90 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan M.Mahmudov həmçinin Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib.

İnarə Rafiqqızı

Share: