Amaliya Pənahova dəfn olundu – FOTO/VIDEO

Azərbaycanın xalq artisti Amalya Pənahova“Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı.

***

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başa çatıb.

Amaliya Pənahova alqış sədaları altında son mənzilə yola salınıb. A.Pənahovanın cənazəsi teatrdan “Qurd qapısı” qəbiristanlığına aparılıb.

Aktrisanın vəsiyyətinə əsasən həyat yoldaşı, Xalq artisti Yusif Muxtarovun yanında dəfn olunacaq.

***

“Amaliya Pənahova həmişə yaşayacaq və yeri görünəcək sənətçidir. Əslində, böyük sənətçilərin ömrü bizdən fiziki olaraq ayrıldıqdan sonra başlayır. Hesab edirəm ki, onun böyük və əbədiyyətə qədər davam edəcək ömür yolu bundan sonra başlayır. Nə qədər ki, kino və teatr sevərlər var, Amaliya xanım həmişə bizimlə olacaq, həmişə olduğu kimi…”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı Amaliya Pənahovanın vida mərasimində deyib.

***

Noyabrın 8-də xərçəng xəstəliyindən dünyasını dəyişən Xalq artisti Amaliya Pənahova ilə bu dəqiqələrdə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, vida mərasimində mərhumun yaxınları və tanınmış mədəniyyət xadimləri iştirak edir.

Qeyd edək ki, xalq artisti dünən 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Aktrisa vəsiyyətinə əsasən, həyat yoldaşının yanında, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapıb. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilib. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Share: