Almaxanımın İstiqlal bayramı ilə bağlı anşlaqla keçən iki günlük konserti…

 

Beynəlxalq Muğam Mərkəzində sevimli müğənnimiz, istedadlı gənc xanəndə Almaxanım Əhmədlinin Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş iki günlük solo konserti olub. Tamaşaçıların alqışları altında muğam və xalq mahnılarının, müəllif və türk bəstələrinin ifası alqışlarla, hərarətlə qarşılanıb. Konserti istedadlı, aranjemançı, pianoçu Rəşadət Fərzəliyevin rəhbərlik etdiyi instrumental ansambl müşayiət edib.
20 yaşlı istedadlı ifaçı Almaxanım Beynəlxalq Muğam Mərkəzinin və AzTV- nin solistidir. 16 yaşından Muğam Mərkəzində dəfələrlə müxtəlif konsertlərdə və solo proqramla çıxış edib. 2017-ci ildə Heydər Əliyev Fondunun, Dövlət Televiziyasının və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Muğam Televiziya Müsabiqəsinin qalibi –“Qran Pri”sinin sahibi olduqdan sonra onun böyük səhnəyə yolunun coğrafiyası daha da genişlənib.16 yaşında Beynəlxalq Muğam Mərkəzində onun ilk solo konserti olub. 2018-ci ildə V Respublika Muğam Müsabiqəsinin qalibi olub. (1- ci yer)
2018-2021-ci illərdə Düşənbə, Yerusəlim, Almaniya şəhərlərində, Tbilisidə Moskvada solo proqramlarla çıxış edərək milli musiqimizi təbliğ və təmsil edib. Onun 13 yaşında muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət ilk solo albomu – “Qarabağ”ı işıq üzü görüb. 2014-cü ildə Türk Xalqlarının Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi olub. Səid Rüstəmov adına Bakı Musiqi Məktəbinin “Muğam” şöbəsini “fərqlənmə” attestatı və Azərbaycan Milli Konservatoriyasını əla qiymətlərlə bitirib.
Hal- hazırda Dövlət Mədəniyyət və İncəsən Universitetinin “Magistratura” sında təhsil alır. Repertuarına muğam, bəstəkar, xalq, estrada mahnıları, eləcə də türk və əcnəbi nəğmələr daxildir. Populyar, milyonların sevimlisi Almaxanımın “Azərbaycanım” adlanan ikinci diski də izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Onu da qeyd edək ki, möhtəşəm keçən solo konsertlərdə tamaşaçılar sonda müğənnini ayaq üstə alqışlayıblar. Tədbirdə ölkəmizin görkəmli ziyalıları, elm və sənət xadimləri iştirak edib. Konsert Almaxanımın solisti olduğu AZ.TV- nin rəhbərinin göstərişi ilə “Mədəniyyət” kanalının peşəkar çəkiliş qrupu tərəfindən lentə alınıb və yaxın günlərdə ekranda nümayiş olunacaq. Gənc, şöhrətli müğənnimizə uğurlar arzulayırıq.

Gülnar Səma

Müstəqil.az

Share: