Almaniyada insanların zibil qutularında eşələnməsinə icazə veriləcək

Almaniyanın Kənd Təsərrüfatı Naziri Cem Özdemir zibil qablarından yemək götürən şəxslərin məsuliyyətdən azad edilməsini təklif edib.

Onun sözlərinə görə, Almaniyada hər il 11 milyon ton qida tullantıları əmələ gəlir.  Baxmayaraq ki, problem “bir zərbə ilə” aradan qalxmayacaq, zibil qutularında eşələnmənin dekriminallaşdırılması bu problemin həlli istiqamətində ilk addım ola bilər.

“Tullantı konteynerlərindən hələ də istifadə oluna bilən ərzaqları götürmək istəyən hər kəs buna görə cəzalandırılmamalıdır. Düşünürəm ki, biz hamımız istərdik ki, bunun əvəzinə polisimiz və məhkəmələrimiz cinayətkarlarla məşğul olsunlar”, – nazir deyib.

İndi Almaniyada zibil qutularından yemək götürənlər qanunsuz müdaxilə və oğurluq ittihamı ilə məsuliyyətə cəlb oluna bilər.

Almaniya koalisiya hökuməti daha əvvəl Avropa Komissiyası ilə 2030-cu ilə qədər qida tullantılarının yarıya endirilməsi barədə razılığa gəlib. Amma hələlik kənd təsərrüfatı nazirinin təşəbbüsünün iqtidarda olan digər partiyaların dəstəyini alıb-almadığı məlum deyil.

Mənbə: eurointegration.com.ua

Share: