“Allah, qurban olum, Allahsız olma,  O qıza dəymə…”- Yetim Qacar…

Müstəqil.AZ  Yetim Qacarın şeirlərini təqdim edir:

 

O qıza dəymə

Məni qınayanlar, düşün günümə,
Ehtiyac alıbdır əldən arımı.
Sevəni Tanrı da tez başa düşür ,
Tanrı, eşidirsən dualarımı?
O qıza dəymə…

Demirəm mənə ver, deyirəm alma,
Vüsal notlarına ayrılıq salma.
Allah, qurban olum, Allahsız olma,
O qıza dəymə…

Xoşluqla ayrılmaz zərgər zərindən ,
Bəndən bərk yapışıb şah əsərindən.
Qopar lap dunyanı sən məhvərindən,
O qıza dəymə…

Qoyma, mənə baxıb dərdim əl çala,
Qıyma yoxluquna varım alçala .
Günəşi doğrayıb, ayı parçala,
O qıza dəymə…

Demirəm düzdü, səhv mənə inandır,
Demirəm dunyaya hokmu dayandır.
Bəndən nə istəyir, sənə əyandır ,
O qıza dəymə…

Mənə sınamasın dözümdə Şəki,
Zəhərə çevrilər gözümdə Şəki .
Ölər şəhər kimi sözümdə Şəki,
O qıza dəymə…

Məni qınayanlar, düşün günümə,
Ehtiyac alıbdır əldən arımı.
Sevəni Tanrı da tez başa düşür ,
Tanrı eşidirsən dualarımı???
O qıza dəymə….

 

 

Kəlbəcərli

Bilirsənmi, nələr çəkir
Mənim şahım Kəlbəcərli.
Ah çəkirəm, şeir olur,
Mənim ahım Kəlbəcərli?

Bax, govdədən qırılsa şax,
Nə eləsən quruyacaq.
İlk istəyim həmdə ki, bax
Son tamahım Kəlbəcərli.

Qocalıb cana yığıldım ,
Ağladım, yaşda boğuldum.
Baxma Bakıda doğuldum,
Mənim ruhum Kəlbəcərli…

 Səndən başqa kimim var
Səndən başqa kimim var?
De Tanrım, dərd ortağı.
Gəl, bir yerdə qaldıraq,
Sənin dağından ağır,
Hələ mən çəkən dağı.
 
Dənizinlə öyunmə,
Gözümün dənizi var.
Bəndən şikayətçidir,
Bu günki bu halımda
Bir bəndənin izi var.
 
Sənin ayın ləkəli,
Dönüb üzünə baxmır.
Mənim ayım ləkəsiz,
Amma, lakin, təəssüf,
Mənim sözumə baxmır.
 
 
Günəşinə de batsın,
Ürək sevir və məni
Eyni surətdə saxlar.
Amma mənim günəşim,
Məni zulmətdə saxlar.
 
 
Dunyan ağlı, qaralı
Amma bir ahəngdədir.
Mənəsə dünya, Tanrı,
Mənim dünyam gedəndən
Ancaq qara rəngdədir.
Adını soruşmuram,
Bizdə sənin adın O.
Mənim adım da bəlli,
Hamı dərdimi bilir,
Bilməz dərdi bircə o.
 
Səndən başqa kimim var
De Tanrım, dərd ortağı.
Gəl, bir yerdə qaldıraq,
Sənin dağından ağır,
Hələ mən çəkən dağı.
Bir ömür xoşbəxtlik…
 Bir ömür xoşbəxtlik olmur əzizim,
Xoşbəxtlik anlara sığışır çox vaxt.
Sənlə kecirtdiyim o xoşbəxt anlar,
Qurub urəyimdə yıxılmayan taxt.
 
Əlimdə əlinin istisi varsa,
Həsrətin soyuğu mənə nə edər.
Xoşbəxtlik hər zaman kəpənək kimi,
Gözünü yumarsan, açarsan, gedər.
 
Tutmağa cəhd etsən səhv eləyərsən,
Qanadın qırarsan, qolun qırarsan.
Bir sözlə sən onu məhv eləyərsən,
Qaldırıb goylərdən yerə vurarsan.
 
 
Sənin sevincinə qol -qanad verən,
Kədəri ömründən sıxışdırandı.
Nə versə qane ol, artığın umma,
Bir ana bir ömür sığışdırandı.
 
Xoşbəxtlik bir yuxu çox olmayır ki,
Oyanmaq bəxtinin tərs oxu kimi.
O anlar ömründən yox olmayır ki,
İz salır yaddaşda bir yuxu kimi.
 
Getdin, mən özümə gələ bilmədim,
Nə yaxşı ömrümə gələrək getdin.
Bir ömür yaşadım, dadın bilmədim,
Sən məni bir anda bəxtəvər etdin.
 
 
Bir ömür xoşbəxtlik olmur , əzizim,
Xoşbəxtlik anlara sığışır çox vaxt.
Sənlə kecirtdiyim o xoşbəxt anlar,
Qurub urəyimdə yıxılmayan taxt.
Share: