Alimlər “xoşbəxtlik” rasionunu tərtib etdilər

ABŞ-ın Arizona ştatında Mayo klinikasının əməkdaşları psixi sağlamlığı yaxşılaşdırmaq üçün hansı qidalardan istifadə etmək lazım olduğunu müəyyənləşdiriblər. Məsələn, ispanaq və brokkoli yuxunu bərpa etməyə kömək edir.

Bu barədə Almaniyanın “Focus.de” portalı yazır.

Əhval-ruhiyyəni qaldırmaq üçün isə həkimlər rasiona paxlalılar, balıq, fındıq, brokkoli, ispanaq və yumurta əlavə etməyi məsləhət görürlər.

Məsələn, balığın yağlı növlərində böyük miqdarda Omeqa-3 turşusu olur ki, bu da xoşbəxtlik hormonları olan serotonin və dopaminin istehsalını stimullaşdıraraq depressiyadan çıxmağa kömək edir.

Paxlalılar, çərəz və yumurtaların tərkibində amin turşuları, əsasən isə orqanizmdə serotoninin balansını tarazlıqda saxlayan triptofan olur.  Triptofan, həmçinin normal yuxu rejimi və insanın gümrah qalması üçün vacibdir.

İspanaq və brokkolidə folik turşusu var ki, onun da çatışmazlığı yuxu rejiminin pozulmasına və depressiyaya səbəb ola bilər.

Həkimlər qeyd edirlər ki, bu məhsullar yalnız insanın əhval-ruhiyyəsinin və ümumi psixi vəziyyətinin yaxşılaşmasına kömək edə bilər. Depressiya simptomları və ya təlaş hissi zamanı ilk növbədə həkimə müraciət etmək lazımdır.

Share: