Ali məktəbə yalnız bu kollec məzunları imtahansız qəbul ediləcək – Ekspert açıqladı

Azərbaycanda orta ixtisas təhsilini bitirən subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı Təhsil Nazirliyində hazırlanan qaydalar Nazirlər Kabinetinə təqdim edilib.
Bakupost.az xəbər verir ki, təklifə görə kollec məzunları oxuduqları ixtisas üzrə ali məktəblərin eyni ixtisaslarına qəbul ola biləcəklər.
Təhsil eksperti Kamran Əsədov Bakuposta.az deyib ki, əgər yeni qaydalar təsdiqlənərsə, hər kəs yalnız kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə qəbul ola biləcək, başqa ixtisas seçə bilməyəcək: “Layihədə kolleclərdə təhsil alan şəxslərin təhsil aldıqları müddətdə əldə etdikləri qiymətlərin hesablanması qaydası ilə həyata qəbul keçirilməsi təklif olunur. Yəni bütün qiymətlər cəmlənsin, yekun bal kimi qəbul edilib, ixtisas seçiminə buraxılsın”.
Təklif olunan dəyişikliklərə görə, kolleci yüksək nəticələrlə bitirən məzunlar ali məktəblərin eyni ixtisaslarına, yəni kollecdəki ixtisasın eyni adı ilə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna bilərlər.
Təhsil ekspertinin fikrincə, belə subbakalavrlar ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda iştirak etməyərək, müsabiqənin birbaşa ixtisaslaşma mərhələsinə buraxılacaqlar. Subbakalavrların qəbul olunacaqları ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Kollec məzunlarının ali məktəblərə qəbulu 2019-cu il həyata keçiriləcək. Bütün ixtisaslar üzrə kollec məzunları ali məktəblərə qəbul ola bilməyəcək. Yalnız müəyyən ixtisaslar üzrə qəbul aparılacaq. Bu ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
Ekspertin sözlərinə görə, bakalavr pilləsində təhsilini yarımçıq qoymuş şəxslər kolleclərə birbaşa qəbul ola biləcəklər. Onu da deyək ki, kollec məzunlarının ödənişli, ya ödənişsiz təhsil alması isə layihədə əks olunmayıb. Həmçinin layihə kolleci hansı ildə bitirməkdən aslı olmayaraq hər kəsə şamil olunur.
Share: