Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu salnaməsi

[medium=left]http://azforum.az/uploads/posts/2024-04/1713206507_ddf8563c-fd5e-4600-b7ab-c0dd58594727.jpg[/medium]
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, yaratdığı fundamental əsərləri ilə şöhrət qazanmış böyük ziyalı, imzasını əməlləri ilə əbədi olaraq dünyamıza həkk etmiş nurlu bir İNSANDIR. Tibb elminə əvəzsiz töhfələr vermiş Zərifə xanım Əliyeva çoxcəhətli elmi fəaliyyətinin nəticələri olaraq 150 əsərdə, o cümlədən 12 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmaları hər zaman maraqla qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası, məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyətində diqqət mərkəzində saxlayan Zərifə Əliyeva yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmağa əməyi, elmi nailiyyətləri ilə müvəffəq olmuşdur. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində yazırdı: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı”.
Zərifə xanımın beynəlxalq aləmdə alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycanın səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyeva hələ gəncliyinin ilk dövrlərindən ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyaraq 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Bu o dövr idi ki, Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda ona qarşı təsirli müalicə üsulları isə yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Onun bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Elmi tədqiqatarın nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail oldu. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü.
Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir.
Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür, onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanım haqqında belə deyir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Bildiyimiz kimi, Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamı imzalamışdı. Sərəncama əsasən, ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdi.
15 aprel Zərifə xanımın anım günüdür. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur
Zərifə xanım Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.

[b]Təranə Paşayeva, Psixologiya üzrə fəlsəfə doktoru
[/b]

Share: