Akademik 200 alimi kəmsavadsılıqda ittiham etdi

Dövlət Dil Komissiyasının üzvü, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru, akademik Nizami Cəfərovun mətbuatda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşlarını tənqid edən yazısı yayımlanıb.

Müstəqil.Az xəbər verir ki, Nizami Cəfərov yazısında İnstitutun peşəkar əməkdaşlarının sözlük təcrübəsini bilmədiklərini deyərək, onlara dərs keçib:

“Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar”.

Akademik Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilərini Tərcümə Mərkəzinin “Sözlüy”ündən nümunə götürməyə dəvət edib:

“Ümid edirik ki, “Sözlük” hazırlanarkən Azərbaycan orfoqrafiya lüğətçiliyinin təcrübəsinə istinad olunduğu kimi, Nəsimi adına Dilçilik İnstitutunun lüğətçiləri də dedi-qodunu bir tərəfə atıb, gələcək işlərində “Sözlüy”ün təcrübəsindən faydalanmağa üstünlük verəcəklər”.

Göründüyü kimi, tanınmış akademik, millət vəkili Nizami Cəfərov illərdir lüğətçiliklə məşğul olan və bu sahə üzrə peşəkarlaşmış professorların, dilçi alimlərin toplandığı qurumu aşağılayır, onların Tərcümə Mərkəzinin, yəni faktiki olaraq başqa sahə üzrə ixtisaslaşmış təşkilatın hazırladığı “Sözlük”dən öyrənməsinin vacibliyini bildirməklə, bu alimləri savadsızlıqda, işini bacarmamaqda suçlayır, təhqir edir.

Bu aşağılanma və təhqirlərə Dilçilik İnstitutunun cavabı nədir?

Nüstəqil.Az bildiriir ki, Axar.az saytı da eyni mövzu ilə bağlı iki gündür etdiyi müraciətə AMEA Nəsimi adına Dilçilik İnstitutundan cavab verməyib. Öz nüfuzunu, elmi ləyaqətini qorumaq üçün Dilçilik İnstitutunun heç bir təşəbbüs göstərməməsi isə böyük suallar doğurur.

Qeyd edək ki, akademik Nizami Cəfərovun üslubu həddən ağır sərt və qarşı tərəfi aşağılayan tərzdə olsa da, elmi polemika üçün böyük fürsət tanıyır. Dilçilik İnstitutunun cavabı və müzakirənin ictimai arenada genişlənməsi əslində dilçi alimlərimizin potensialını cəmiyyətə göstərməklə, dillə bağlı araşdırmaların təqdimatı baxımından maraqlı ola, görüləcək işlərin elmi əsaslarının daha mükəmməl olmasına töhfə verə bilərdi.

Müstəqil.Az

Share: