AĞ ÖLÜM

       Təranə FAZİLQIZI

(hekayə)

Saatın əqrəbləri gecəyarını göstərsə də, o yataqda vurnuxur, ağrılardan canını qoymağa yer tapmırdı. Yerini dəyişib yastığı çarpayının aşağı başına tolazladı, az keçməmiş əks tərəfə adladı. Bir hovur yatmaq istəsə də, boğulma imkan vermədi. Düşdüyü hal onu hövsələdən çıxardı, yerindən durub asta addımlarla mətbəxə keçdi. Pəncərəni açıb havanı ciyərlərinə çəkdi. Uzun müddət səmaya, ulduzlara baxdı. Səhərin şehi canını üşütdüyündən çiyninə şal salıb qəfədanı yandırdı. Halsız halda stula çöküb için-için zarıdı…

Xəstəlik onu əldən salmışdı. Dağınıq  düşmüş  müayinə  kağızları,  güncdə-bucaqda  qoyduğu  həblər  üstünə  gəlirdi. Əsəbini ağlamaqla  dağıdar, bir müddətdən sonra sakitləşərdi. Aylarla qapısını  döydüyü həkim- ekstrasensin  seansı nəticə verməmişdi. Həkimlərin dediyinə görə şiş böyüyüb inkişaf etmişdi. Əslində çox geçikmişdi,  təcili əməliyyat lazım idi. Bəzən ağrılardan  özünü tox  tutmağa çalışsa da,  alınmır, hisslərini biruzə verirdi. Ölümdən yaman qorxurdu. Övladlarını  yerbəyer etməyib, dünyadan köçməyi  ağlına gətirəndə havalanır,  bu  amansız xəstəliklə barışa bilmirdi.    Bir zamanlar atasından eşitmişdi:

-“Yaxşı günün dostu olmağa nə var ki, ay bala,  insanın pis gününün dayağı, həmdərdi olasan gərək…”

Atasının söylədiyi zərbi-məsəllər son vaxtlar  tez-tez  yadına  düşürdü.  Bunu da yəqin edirdi ki, insan ölənə yaxın  ata-anasını  daha çox  xatırlayır.  Yaxşı ki, ona can yandıran doğmaları vardı. Təsəllisi bircə onlar idi. Yoldaşının çox işlətdiyi bir cümlə onu qıcıqlandırır, əsəblərinə toxunurdu.

-“Sən ölən deyilsən qorxma, işdi-şayət elə bir şey olsa, uşaqlarına ana gətirmərəm,  uzağı  kənarda  həyatımı sürərəm” – deyib, gülməsi içini didib-parçalayırdı.  Onun iri ağzından bayıra tökülən çürük, seyrək dişlərini xatırladı. Duşuncələrindən özü də çimçəşdi. Gəlin gəldiyi  ilk aylardan   zay adam olduğuna əmin olsa da, ailəsinin xatirinə taleyi ilə barışmışdı. Son günlər onu bir sual çox düşündürürdü.  Maraqlıdı, görəsən öləndən sonra, yoldaşı əməllərindən peşman olub  ağlayacaqdımı?! Düzü inanmağı gəlmirdi.  Amma hara getsə, uşaqlarının anasıydı, qəlbində bir damcı insaf, mürvət varsa yanmalıydı!

***

İşdən gəlib tələsik mətbəxə keçdi. Axşamdan süzüb hazırladığı ət bulyonunu çıxarıb  qaz sobasının üstünə qoydu. Pəncərəyə yaxınlaşıb sərçələrin səsin dinlədi, ətrafdakı gözəllikdən ürəyi atlandı. Yaxınlıqdakı iri gövdəli ağac xurma bolluğundan bəzədilmiş yeni il yolkasına oxşayırdı. Sərçələr ətrafda dövrə vurur, civildəşərək yarpaqların arsında gizlənmiş xurmaları dimdikləyirdilər. Dəymiş xurmanın torpağa  düşüb partlaması ilə perik düşən sərçələr az keçməmiş geri qayıdıb yerdəki meyvələri toyuq təki eşələyirdilər.

Pusquda dayanan boz pişiyin iri pəncəsindən bixəbər sərçələr əcəlin bir addımlığında idilər. Tələsmək lazım idi, yoxsa, sərçələrdən biri pişiyin boğazında olacaqdı. O, bir andaca hay-küy salaraq quşları da, pişiyi də pərən-pərən etdi. Əməlindən razı halda gülümsəyib işinə başladı. Həyat budur, o yaşamalı, övladlarını böyütməli idi. Qəfildən doğrayacağı kələm əvəzinə barmağını kəsdi. Düşüncələri bir andaca dağıldı. Barmağından süzülən qanı sıxaraq dayandırmağa çalışdı, mümkün olmadı.  Əlini yodlayıb bintlə sarıdı. Dəhlizdən  ona zillənən rişxəndli baxışlardan qaçmaq istəsə də, alınmadı. “Nə oldu, əlin bişib, deyirəm də, xəstəliyi bəhanə edib bir iş görməyə də can çəkirsən. Heç olmasa,  çay gətir, zəhərlənək!”  -deməsi, yenicə düzəlmiş ovqatını bir andaca korladı. Bu günlər əli heç nəyə yatmırdı. Hər şeyi atıb getmək, hamının gözündən itmək istəyirdi.  Bəs uşaqlar necə olsun? Onsuz da tezliklə öləcəkdi. Xəstəliyi xoş heç nə vəd etmirdi. Yoox, əməliyyata  hələ bir neçə saat vardı. Hər şeyi Allahın ümidinə  bağlamışdı. Uğurlu keçsə, işıqlı dünyaya yenidən baxa bilsə, qurban kəsəcəkdi öz maaşına. Yenə də   atasının  sözü yadına düşdü. “Dünya  qurddu, insan quzu. Qurd quzunu udmaq istər,  quzu isə qurda aşiq olar”. O zamanlar  bu məsəli anlamayıb güləndə, atası deyərdi: “Dünya  hər halıya  gözəldi.  Ona aşiqsən quzu kimi. Torpaq isə, əvəlli-əzəli qurd kimi insanı ağuşuna alıb udur…”

Stola yaxınlaşıb zəhər kimi həblərdən ikisini atdı. Üz-gözünü turşudub, qaxaca oxşayan əllərinə, ayaqlarına baxdı. Bu görüntüdən üşənib özünü unutmağa çalışdı. Yatmış uşaqlarına, mənzildəki əşyalara son dəfə baxırmış kimi köks ötürdü. Gecənin sükutunda evə çökən səssizlik  ruhunu oxşadı…

***

Əməliyyata gəlmişdi. Qohum-əqraba  ürək-dirək verib, xoş sözlər desə də, özündə deyildi. Bacısının onu əzizləməsinə dözməyib ağladı. Göz yaşları bir-birinə qarışmışdı…

O, özünə gələndə, xəstəxananın kəsif qoxusu ürəyini bulandırdı.  Ölümün bir addımlığında yarımçıq qalmış arzuları qanad açıb uçurdu. Ümidli- ümidsiz beyninin  süzgəcindən  keçirtdiyi anları xatırlamağa çalışdı. Yatdığı palataya ötəri də olsa göz yetirdi. İki nəfərlik otaqda tək idi. Çirkli pəncərəni döyən yağış soyuqdan üşüyərək içəri girməyə can atırdı. Yalqızlıqdan darıxan tənha çarpayı yellənçək kimi irəli-geri fırlanır, onu səsləyirdi. Bir andaca hoppanıb üstünə çıxdı, ağrılar yox oldu, körpə uşaq kimi sevincək oldu bu xoşbəxtliyə. Cismindən çıxan ruh Tanrı dərgahına yol aldı…

***

Onu tanıyanda 19 yaşı vardı. Qonşuları Rüstəmin dostu idi. Yaxından tanışlığı isə lap qəribə olmuşdu. Tələsdiyindən çörək almağa  qaçarkən binanın tinində möhkəm toqquşmuşdular. Ağrıdan ufuldayıb, gözünü açanda, gənc oğlanın üzünə zillənən baxışları canına od salmış, bədənini çuğlayan qəribə hiss onu uzun zaman tərk etməmişdi…

Bu təsadüf onları bir-birinə bağlanmış, günlər aylara çevrilib qəlblərində isti bir ocaq qurmuşdular. 24 yaşlı Vüqar çılğın, davakar, özündən tez çıxan biri idi.  Hər halıyla onu dəli kimi sevirdi. İmkan düşdükcə parkda görüşər, əl-ələ tutub nağıl dünyalarında arzuların gerçək olacağına bütün varlıqları ilə inanardılar. Aşiqlik ağlını başından almışdı. Bir müddətdən sonra, ailələr bu sevdadan xəbər tutmuş, hər ikisini qəti şəkildə görüşməkdən qaçırmışdılar. Maddi imkanları bir araya sığmayan fərqli ailə təfəkkürü sevgilərinə  böyük bir sədd çəkmişdi.  Küçədə gedərkən tanımadığı bir  qadının hökmlə: “Ay qız, gözünü aç mənə yaxşı bax! Oğlumdan əl çək, eşidirsən, yoxsa səninçün pis olar”- deməsi qızı hürkütmüş, bir andaca evlərinə sarı qaçmağa üz qoymuşdu. Bu görüşü heç kimə demədən ürəyinin başında düyün edib saxlamış, ağrıların içində qovrularaq yaşamışdı. Peşmançılıq, qəlb ağrısı, aramsız göz yaşları onu yatağa salmışdı. Dəfələrlə özünə qəsd etmək istəsə də son anda qorxmuş, bu işdən çəkinmişdi.

Artıq beş ay idi ki, Vüqarın varlığından xəbər yox idi. Onun xəyanətini  özünə cəza verməkdə, ac qalmaqda görürdü. Həyat öz dəyərini itirmişdi. Günlər bir-birinin ardınca ötüşürdü. Bir gün onu görmək, xəbər öyrənmək ümidiylə evdən çıxdı. Qapıdan çıxar-çıxmaz qolundan yapışan Rüstəmi gördü. Çaşqın, qorxaq baxışlar  Rüstəmə zillədi: Cavab isə:

“O, öldü! Bir anın içində əlimizdən getdi, həkimlər xilas edə bilmədilər. Çoxlu miqdarda narkotik maddə qəbul etdiyindən ürək dözməyib partlamışdı”.

Rüstəmin boğuq səsi divarlarda qırıq-qırıq əks səda verib deyirdi:

-O, öldü, nar-ko-tik,  ürək döz-mə-di, o, öl-dü…

****

Bütün bədəni ağrıyırdı. Uzaqdan gələn səs onu incidirdi. Aç gözlərini qurban olduğum! İliyinə işləyən bu səsdə məlhəm bir doğmalıq vardı.

-Allahım, sənə inanmayana lənət! Kərəminə şükür, İlahi! Səni övladlarına qaytarana,  mənə  ana, bacı verənə  şükürlər olsun!

Bu bacısının kövrək səsi idi. O, sevincindən ağlayırdı…

 

 

 

Share: