Afaq Bəşirqızı efirdə söyüş söydü, cəza alacaqmı? – Xalq artistindən növbəti biabırçı qalmaqal

Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan 16:00-dək dayandırılması haqda qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub. 

Belə ki, canlı yayımda Afaq Bəşirqızı Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Həmin anlar efirə gedib. Sözügedən görüntülər sosial şəbəkədə və peşəkar mediada yer alıb, müzakirələrə səbəb olub.

İnsanlar xalq artistinin ard-arda atdığı biabırçı addımları tənqid edib. Çünki aktrisanın bir neçə gün əvvəl müsahibələrindən birində dediyi “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” sözləri də qalmaqala səbəb olmuşdu.

O, daha sonra fikirlərinin səhv başa düşüldüyünü və müsahibəsinin təhrif olunduğunu qeyd etmişdi. Xalq artistinin budəfəki addımı da birmənalı qarşılanmayıb. A.Bəşirqızı tənqidlərdən uzaqlaşmaq üçün instaqram səhifəsini silib.

Afaq_Bəşirqızı_01.03.2019.jpg (75 KB)

Musavat.com olaraq onun fikirlərini öyrənməyə çalışsaq da, zənglərə cavab verməyib. Aparıcı Elgiz Əkbər isə sosial şəbəkədə ona dəstək olanlara təşəkkür edib. Daha sonra xalq artisti ilə fotosunu paylaşaraq “Canımın içi” şərhini yazıb.

Bəs Mədəniyyət Nazirliyi və aktrisanın fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaşananlar barədə hər hansı tədbir görəcəkmi?

int.jpg (45 KB)

Mədəniyyət Nazirliyinin mətbuat sözcüsu İntiqam Hümbətov bildirib ki, A.Bəşirqizi teatrın aktrisası olduğu üçün nazirlik bu məsələyə qarışmır: “Afaq xanım Azərbaycan Dövlət Musiqili Teatrın aktrisasıdır. Mədəniyyət Nazirliyinin işçisi deyil. Ona görə də biz bu barədə onunla hər hansı söhbət apara bilmərik. Yaxşısı budur, teatr bu barədə açıqlama versin”.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən saytımıza bildirilib ki, baş verənlərdən xəbərsizdirlər. Afaq Bəşirqızı ilə bağlı hər hansı tədbir görülsə, ictimaiyyətə açıqlama veriləcək.

5bfd390482d34b454c682521b0e1487e.jpg (96 KB)

Media ekspeti Qulu Məhərrəmli Musavat.com-a bildirib ki, efirlərdə baş verən qalmaqalların əsas günahkarı qonaqlardır. Bu məsələdə telekanallar qədər qonaqlar da həssas olmalıdır: “MTRŞ-nin cəzası doğrudur, amma ədalətli deyil. Çünki telekanalın burada günahı yoxdur. Düzdür, texniki cəhətdən bunun qarşısını ala bilərdilər. Çünki canlı veriliş efirə bir neçə saniyə sonra gedir. Buna görə də baş verəcək hadisənin qarşısı alına bilər. Lakin qonaq, efirə zəng edən şəxs bilməlidir ki, o, ictimai fiqurdur, ictimaiyyət qarşısına çıxır. Oturuşuna, duruşuna, dediyi sözlərə fikir verməlidir.

Sən xalq artisti, sənət adamı, həkim, müəllim, hansısa peşə və status sahibi ola bilərsən, bu haqq qazandırmır ki, sən istədiyin kimi danışasan. Bu məsələdə telekanal, veriliş redaktoru, aparıcı qədər qonaq da həssas olmalıdır. Həm öz imicini, həm də ekran qarşısındakı tamaşaçıları düşünməlidir.

Hazırda karantin günləridir. İnsanlar evlərində ekran qarşısındadırlar. Bu bir daha nəzərə alınmalıdır. İnanıram ki, verilən cəzalar, görülən tədbirlərdən sonra efirlərdə yaxşı mənada irəliləyişlər olacaq, qalmaqallar bitəcək və insanlar arzuladığı kimi verilişlərə baxa biləcəklər”.

Könül,
Musavat.com

Share: