“Addım-addım gedənlərin dalınca, Addım-addım ovudarsan şəhəri…”-Gənc şairə Nigar Arifin şeirləri…

Müstəqil.Az  gənc şairə Nigar Arifin yeni şeirlərini təqdim edir:
….Uzaqlara….
 
Salam,dostum,necəsən?
Oralar necədi?..
Orda hava necədi?..
Kulək göyün işinə
Yenə çox qarışırmı?
Günəş buludlar ilə
Küsəndə barışırmı?
Yağış olduğun evin
Gözünə yaraşırmı?
Danış görüm axşamlar,
Oyadıb keçənləri,
Içib xatirələrdən,
Nərd oynayır yuxular?
Heç döyürmü qapını,
Uşaqlıqda sevdiyin,
Anamın bişirdiyi,
Şirin,dadli qoxular?…
Günlər eyvana çıxıb
Günlərə boylanırmı?
Səs gəlirmi uzaqdan,
Qulağına toxunub
Axtaranda o səsi,
Ürəyində arzular
Mənimtək darıxırmı?
Tez-tez köhnə ad çəkib,
Dilin heç karıxırmı?
Orda səhər necədi?
Orda şəhər necədi?
Deyirlər, eşqə düşmüsən,
O düşdüyün yer necədi?…
…..Cızma-qara….
(M.Müşviqə həsr edirəm)
 
Qələmini əyən əydi,
Sözlər dönüb sənə dəydi.
Sağın,solun bir tələydi,
Keçdin elə,düşdün tora.
 
Cavan ömrünə qıydılar,
Şair gözünü oydular.
Kitabını kor qoydular,
Şeirini,üzü qara.
 
Bu nə qismət,bu nə bəxtdi,
Bu nə tale,bu nə dərddi.
Beləcə yırtılıb getdi,
Alnındakı cızma-qara.
….Niye aglayırsan…
 
Qaranlıq evlərdən işıq dilənib,
Qara çadırında şəhər gizlənib.
Yenə  öz dərdinə səssiz bələnib,
Niyə ağlayırsan,söylə,ay gecə?
 
Küçələr yorulub,beli bükülür,
Yarpağın,budağın təri tökülür.
Bəlkə də qaranlıq özü sökülür,
Niyə ağlayırsan,söylə,ay gecə?
 
Hər küncdən,bucaqdan gizli keçmisən,
Əyninə zamanı belə biçmisən.
Əzəldən donunu qara seçmisən,
Niyə ağlayırsan,söylə,ay gecə?
……Çətinki……
 
Bir də bu yerlərdən keçməyəcəyəm,
Burda xatirələr boyumacandı.
Içib gözlərimdən ümidlərimi,
Yeyib ürəyimi doyanacandı.
 
Daha bu yolları tikan,kol basıb,
Keçən günlərimsə ayaqyalındı.
Sənli arzularım quru xəzəl tək,
Sənli xeyalların tozu qalındı.
 
Çətin ki, isinə canı bu yerin,
Nə qədər geyinsə çiçəyi-otu.
Bəlkə kimlərinsə ilk görüş yeri,
Bizim sevgimizin olar tabutu.
…..Addım-addım….
 
Yarpaq-yarpaq tökülərsən içindən,
Şehli qalar dodağında gülüşün.
Qatar-qatar arzuların köçündən,
Əl eyləyər uzaqlara öpüşün.
 
Bir od düşər ürəyinə beləcə,
Qayğıların cüt asılar yaxandan.
Yıxılarsan fikirlərin üstünə,
Ürpənərsən gözündəki baxandan.
 
Neçə küçə baxışına qısılar,
Unudarsan özün boyda kədəri.
Addım-addım gedənlərin dalınca,
Addım-addım ovudarsan şəhəri.
 
Bir də görərsenki yaşa dolmusan,
Bir də görərsənki yaşamamısan.
Heyif ki, bir dəfə gələcək üçün,
Heyif ki, keçmişi boşamamısan.
 
ƏlindƏki əSa döyər ağrını,
Ayaqların daşımaz o yükünü.
Düşüncələr ağarar saçlarında,
Kəsə bilməz dərdlərinin kökünü.
 
Bütün ömrün öz-özünə yad gələr,
Gözün çəkən yollar geri qayıtmaz.
Asta-asta əcəl döyər qapını,
Yuxu deyib heç kim səni oyatmaz.
Share: