Adam var eldən gedir – Etibar Etibarlı Aşıq Vüqardan yazdı

Şirvan aşıq məktəbinin ləyqətli nümayəndəsi, tanınmış sənətkar Aşıq VÜQAR MAHMUDOĞLUNUN dünyasını dəyişməsi xəbəri məni sarsıtdı. İnana bilmədim. Ancaq nə etməli? Sən saydığını say...

…Aşıq Vüqarla ilk dəfə bir neçə il bundan əvvəl şəxsən tanış olmuşdum. Rəhmətlik şair dostum Ələkbər Salahzadə “Qobustan” jurbalının baş redaktoru idi. Onun təşəbbüsü ilə “Ustad aşıqların ustad övladları” mövzusu ilə əlaqədar bir neçə müsahibə hazırladım. O zaman Vüqarla görüşdüm. Çox səmimi söhbətimiz alınmışdı. Məni ən çox mütəəssir edən o idi ki, elə bilirdim Vüqarla yox, atası, Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi, rəhmətlik ustad Aşıq Mahmud Ələsgəroğlu ilə üzbəüz əyləşmişəm. İnsan qoşa yaranır deyirlər. İlahi, insan bir-birinə necə bənzəyərmiş! Başdan ayağa görkəmi, səsi, danışıq tərzi sanki atanaın özü idi. Hələ Vüqarı tanımamışdan ifasını eşidəndə də elə bilmişdim ki, atasının lent yazısıdır.

Vüqar aşığın böyük ailəsinin ilki idi. Mən yeniyetmə və gənclik illərimdə Aşıq Mahmudun toy məclislərində onun ifalarına, dediyi dastanlara saatlarla qulaq asar və heyran olardım. Aşıq Mahmud müəllim idi, ona görə də onun şirin, həm də savadlı diksiyası məclidəkilərə ayrı cür təsir edirdi. Aşıq Vüqar da eynən atası kimi gözəl ifaçı, dastangir ustad aşıq idi. Kiçik yaşlarından atası ilə el şənliklərinə gedən Vüqar, özünün dediyi kimi, sonradan atası ilə “yoldaş, dost-sirdaş” olmuşdular. Vüqar atasından aşıq sənətinin ən incə sirlərini əxz eləmiş, özü də ustad səviyyəsinə qalxmışdı.

Aşıq Vüqar Şirvan aşıq məktəbinin yetirməsi olsa da, qərb aşıq sənətimizin də sirlərini mənimsəmiş və sevmişdir. Qərb havacatları onun ifasında çox şirin səslənirdi. Ən başlıcası, onu xalq sevirdi…

Adam var bir ailədən, adam var eldən gedir. Aşıq Vüqar eldən getdi. El-oba da onun xatirəsini əbədi yaşadacaq.

Mən bir dost kimi aşığın ailəsinə, yaxınlarına, o cümlədən Şamaxı və Qobustan mədəniyyət mərkəzlərinə, Şamaxı Aşıqlar Birliyinə–bütün vüqrsevərlərə dərin hüznlə başsağlığı verirəm. MƏKANI NURLA DOLSUN.

Bakı. 10.01. 2018.

Share: