Hesablama Palatası BŞİH-in yalnız bir qurumunun audit nəticəsində külli miqdarda mənimsəmə faktı ortaya çıxarıb
Noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərini davam etdirir. Dekabrsn 26-da BŞİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsaslı tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.
Bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.
Qeyd edək ki, vəzifədən azad edilən hər 3 şöbə müdiri keçmiş mer Hacıbala Abutalıov tərəfindən vaxtilə vəzifəyə təyin edilib. Sani Nəsibov isə H.Abutalıbov Suraxanının icra başçısı işlədiyi dövrdə onunla birlikdə işləyib.
Qeyd edək ki, Eldar Əzizov hələ BŞİH başçısının səlahiyyətlərini icra edəndə qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Məmmədov vəzifəsindən azad edilib və onun yerinə Ayaz İmaməliyev təyin olunub.
Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Vahid İsmayılov da vəzifəsindən azad olunub. Onun vəzifəsinə Coşqun Cəbrayılov təyinat alıb.
Bundan başqa, BŞİH-in Aparat rəhbəri Rasim Quliyev səhhəti ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Onun yerinə Elgün Həbibullayev təyin olunub.
BŞİH-də işçilərin orta yaş həddi 60-dan yuxarıdır. Kadr dəyişiklikləri də İH-də yenilənmə və gəncləşmə siyasəti ilə bağlı olduğu iddia olunur.
Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov bu ilin aprelində prezident İlham Əliyev sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Bir müddət əvvəl BŞİH-də inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılır. Bu inventarlaşdırma BŞİH-in saysız-hesabsız qurumlarında yol verilən çox ciddi pozuntuları, korrupsiya və mənimsəmələri üzə çıxartmaq prosesinin başlanğıcıdır. Onun gedişində çoxsaylı meriya məmurlarının vəzifələrini itirəcəyi, hətta hüquq-mühafizə orqanlarında cavab verəcəyi istisna olunmur.
BŞİH-də korrupsiya və rüşvətxorluğun ən çox tüğyan etdiyi sahələrdən biri isə təmir-tikinti sahəsi olub.
Məlumata görə, Hesablama Palatası BŞİH-in yalnız bir qurumunun auidit nəticəsində külli miqdarda mənimsəmə faktı da Eldar Əzizova təqdim edilib.
Güman edilir ki, həyata keçirilmiş auditin nəticələri hüquq-mühafiə orqanlarına göndəriləcək və istintaq başlayacaq. Bu isə Hacıbala Abutalıbovun kadrları ilə bağlı ilk cinayət işinin başlanması demək olacaq. Bununla da Hacıbala Abutalıbovun məsuliyyətini gündəmə gətirəcək.
Ümumiyyətlə, BŞİH-də baş vermiş korrupsiyanın bir çox məmurların istintaqa cəlb olunması ilə nəticələnəcəyi iddia olunur. Hələlik Hacıbala Abutalıbov baş nazirin müavini kimi toxunulmazdır. Ancaq hər kəs bilir ki, onun bu toxunulmazlığına istənilən an son qoyula bilər. Digər tərəfdən, Hacıbala Abutalıbovun kadrlarının istintaqa cəlb olunması elə onun özünün də istintaqa cəlb olunması demək olacaq.
Mənbə: “Yeni Müsavat”