Xalid Kərimli: “Xiyarın istehsalı ilə müqayisədə ixrac çox kiçikdir”

Ölkənin tərəvəz məhsulları ilə təminatında böyük payı olan Şəmkir fermerləri ciddi problemlə üzləşib. Məlumdur ki, rayonun əksər kəndlərində istixanalar var. Oradan hər gün Bakıya və ölkənin digər şəhər və rayonlarına tərəvəz daşınır. Amma bu gün Şəmkirdə xiyarın satış qiyməti fermerləri qane etmir.

Bakıda xiyarın kiloqramı 50 qəpik olduğu halda, Şəmkirdə 10 kiloqramı 50 qəpikdir, yəni kilosu 5 qəpik. Həmçinin, Şəmkirin ən böyük bazarlarında qiymətlər fermerləri qane etmir. Burada xiyarın 10 kiloqramlıq kisəsinin qiyməti 25 qəpikdən 70 qəpiyə kimi dəyişir. Qiymətin aşağı olması onları ziyana salır. Fermer deyir ki, qiymətin aşağı olması məhsulun çox olması ilə əlaqədardır. Fermerlər qeyd edir ki, yaranmış vəziyyət onları çıxılmaz vəziyyətə salıb. Fermerlər onu da bildirir ki, onlar istehsal etdiyi məhsulu Rusiya bazarlarına göndərməkdə çətinlik çəkir. Ona görə də bu işlə məşğul olan fermerlər 30-40 min manat zərərdədir.

“Rusiya uzaq bazar olduğu üçün Şəmkirdən xiyarın həmin ölkəyə göndərilməsi sərfəli deyil”

İqtisadçı Xalid Kərimli bildirdi ki, bu məhsulun istehsalı ilə müqayisədə ixrac çox kiçikdir. İldə 225-230 min ton istehsal edilir, ixrac isə cəmi 4 min tondur, yəni cəmi 2-3%-i ixrac edilir: “Məhsulun xarici bazara çıxarılmasında müəyyən problemlər yaşanır. Rusiya uzaq bazar olduğu üçün Şəmkirdən xiyarın həmin ölkəyə göndərilməsi sərfəli deyil. Məhsul Rusiya bazarına çatana qədər təzəliyi itir və xarab olur. Bu səbəbdən də xiyar fermerlərin əlində qalıb. Nəzərə almaq lazımdır ki, xiyar tez xarab olan tərəvəzlər siyasındadır. Həmçinin, bu sahədə bir sıra prorblemlər var. İxracda gömrükdə problemlər, sərhəddən keçidi zamanı ləngimələr, xiyar istehsal edən sahibkarların işini düzgün təşkil etməməsi, xarici bazara çıxmaq üçün, vaxtında treyder və brokerlərlə müqavilə bağlamaması kimi səbəblər var”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Şəmkirdə örtülü sahədə 201 hektarda xiyar əkilir ki, burada hər hektardan məhsuldarlıq 1162 sentnerə çatır. Açıq sahədə isə 162 hektarda əkin aparılır, hər hektardan məhsuldarlıq 175 sentnerdir.

Günel CƏLİLOVA

Bakı Xəbər

Share: