Professor Elman Nəsirov – Görkəmli və fəxarətli şəxsiyyət…

(Əziz və görkəmli alim, ictimai xadim, millət vəkili və dəyərli şəxsiyyət professor Elman Nəsirova ithaf olunur!)

 

Bu yazıda əziz oxucuların doğma yurdumuz Cəlilabadın tanınmış və görkəmli fəxarətlərindən və ziyalı simalarından sayılan əziz və hörmətli millət vəkili, tanınmış ictimai xadim, siyasi elmlər doktoru, professor Elman müəllim Nəsirovla daha yaxından tanış olmasına çalışacam:

Qısa bioqrafik məlumat:
Elman Xudam oğlu Nəsirov 1968-ci il may ayının 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində bir ziyalı və zəhmətkeş ailədə dünyaya göz açmışdır.
1975-1985-ci illər ərzində Cəlilabad rayonunun indiki Təzəkənd kəndində 8 illik orta təhsil almış, ardınca rayonun Üçtəpə kəndində 9-10-cu siniflər üzrə təhsilini davam etdirərək tam orta təhsil haqqında Attestatını almışdır.
Orta məktəbi kənd məktəbində bitirdikdən sonra 1986-88-ci illər ərzində Moskva şəhərində hərbi xidmətdə olmuş, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində ali təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı almışdır. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır.
2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir.
2008-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır.
2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur.
2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə» elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. 2013-cü ilin 18 sentyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru vəzifəsində çalışır. 2014-cü ildən Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissyasının katibi və eksperti olaraq fəaliyyət göstərir.
Müxtəlif televiziya kanallarında Azərbaycanın xarici siyasəti və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı siyasi şərhlərlə çıxış edir. 2015-ci ilin may-noyabr aylarında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Bizim Planet” proqramının aparıcısı olmuşdur.
2013-cü il 09 oktyabr tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Cəlilabad seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi kimi, həmçinin respublika üzrə müşahidəçi statusunda fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış 2015-ci il 01 noyabr tarixində keçirilən seçkilərdə YAP-ın namizədi olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat seçilmişdir.
2016-cı ildən bərpa olunan Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvüdür. 2016-cı ilin 3-4 iyun tarixində Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
2018-ci il 11 aprel tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat qrupunun üzvü olmuşdur. 2018-ci il 27 fevral tarixində Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü seçilmişdir.
2020-ci il fevralın 09-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə YAP-ın namizədi olaraq 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilmişdir.
Müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s. istiqamətlər onun tədris və tədqiqat sahələrini əhatə edir.
Professor Elman Nəsirov 9 kitabın, 100-dən artıq elmi məqalənin və 6 tədris-metodiki işin müəllifidir. Bir sıra elmi məqalələri ABŞ, Rusiya, Türkiyə, Çexiya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rumıniya, Bolqarıstan, Makedoniya və s. bu kimi xarici ölkələrdə çap edilmişdir. İndiyədək ölkə daxili və xaricində çoxsaylı fəxri fərman, diplom, təşəkkürnamə və medallarla təltif olunmuşdur. Evlidir, 3 övladı (2 qızı və 1 oğlu) var.

Açıklama yok.

Xüsusiyyətləri:
Doğma yurdumuzun əziz, görkəmli və fəxarətli simalarından, sözün həqiqi mənasında dövlətçilik nümunələrindən sayılan tanınmış ziyalı alim və hörmətli şəxsiyyət, professor Elman  Nəsirovun əsas xüsusiyyətləri olaraq aşağıdakıları sadalamaq olar:
1. Həyatda əqidəli və ziyalı şəxsiyyət;
2. Tanrıya bağlılıq;
3. Yüksək ədəb, etika və mədəniyyət sahibi;
4. Həyatın hər bir sahəsində əzmkarlıq və çalışqanlıq;
5. Elm və bilik sahibi;
6. Dövlətçi və vətənpərvər insan;
7. Təvazökarlıq;
8. Ləyaqətli millət vəkili;
9. Diqqət və qayğıkeşlik;
10. Xeyirxah insan;
11. Səmimiyyət sahibi;
12. Gözəl ata və dəyərli ailə başçısı…

Subyektiv baxışım:
Professor Elman Nəsirov barədə çox danışmaq, barəsində daha geniş şəkildə yazmaq olar. Bu qısa təqdimat məqaləsində onun haqqında olan subyektiv baxışımı ixtisarla təqdim etmək istərdim:
Məlum olduğu kimi doğma yurdumuz Cəlilabad minilliklərdən süzülüb gələn öz qədim tarixi, mədəniyyəti, folkloru və eləcə də, öz füsünkar təbiəti ilə yanaşı həm də, görkəmli simaları ilə tanınır. Rayonda eyni zamanda müxtəlif ixtisaslar üzrə çoxsaylı alimlər, elmi dərəcəsi olan mütəxəssislər mövcuddur. Heç şübhəsiz, bu reallıq rayonumuzda hələ 50-60 il öncə valideynlər tərəfindən elm və biliyə verilən yüksək əhəmiyyətin bü günkü nəticələri və müsbət faydalarıdır…
Professor Elman müəllim də, heç bir mübaliğə etmədən və sözün həqiqi mənasında doğma yurdumuzun görkəmli simalarından, öz ixtisası üzrə peşəkar alimlərindən biridir. Siyasi elmlər doktoru və professor elmi dərəcələrə malik olan bu görkəmli şəxsiyyət həm alim kimi alim və ziyalı, həm də insan kimi dəyərli şəxsiyyətdir. Bunu daha çox onunla yaxından ünsiyyətdə olan şəxslər etiraf edə bilərlər. Çünki həyatda bəzən elmin yüksək mərtəbələrinə və eləcə də, elmi dərəcələrə nail olmuş, lakin insanlıq və insani dəyərlərin daşıyıcısı olmayan alimlərə rast gəlir və bundan əziyyət çəkirik. Professor Elman müəllim isə elmin ən yüksək pillələrinə nail olduğu halda həm də təvazökar, sadə, səmimi və insani dəyərləri özündə təsbit etmiş dəyərli və hörmətli bir şəxsiyyətdir. Etiraf edirəm ki, şəxsən mən Elman müəllimi tanıdığım gündən etibarən hər zaman onunla bir həmyerli olduğuma görə fəxr etmiş, onu doğma diyarımız Cəlilabadın və eləcə də, Azərbaycanımızın fəxarətlərindən saymışam. Onun zəngin bioqrafiyası və indiyədək keçdiyi şərəfli həyat yolu bütün bu sözlərin təsdiqi üçün yetərlidir.
Elman müəllim Milli Məclisin dəyərli deputatlarından biri olmaqla yanaşı, öz işi və peşəsini ləyaqətlə yerinə yetirən, işində ciddi və məsuliyyətli olan bir insandır. Bəlkə də onun ən önəmli xüsusiyyətlərindən biri də, sözün həqiqi mənasında vətənpərvər və dövlətçi bir insan olması, dövlətçilik ənənələrinin mahiyyətini olduğu kimi dərk etmiş ləyaqətli bir şəxsiyyət olmasından ibarətdir…

Arzu və diləyim:
Ulu Tanrıdan doğma yurdumuzun belə bir əziz və görkəmli insanı, əslində isə Cəlilabadımızın və Odlar Yurdu Azərbaycanımızın fəxarətlərindən sayılan görkəmli alim, ictimai xadim, millət vəkili professor Elman müəllim Nəsirova uzun və mənalı ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və həyatda daim uğurlar diləyirəm!

İlqar İsmayılzadə

Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru

Azərbaycan Jurnalistlər Birliyinin üzvü
[email protected]
27.06.2022

Share: