Gənc alimlər “Zəfər yolu” tamaşasının premyerasında iştirak ediblər

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri Azərbaycan Akademik Milli Dram Teatrında “Zəfər yolu” tamaşasının premyerasında iştirak ediblər. Vətən müharibəsi mövzusunda səhnələşdirilən tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Hicran Nəsirova, əməkdar artist Anar Heybətov və başqaları ifa ediblər. Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin üzvləri tamaşadan sonra Xalq artistləri Azər Paşa Nemətov, Nurəddin Mehdixanlı, bəstəkar Səyavuş Kərimi və Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə görüşüb, tamaşa ilə bağlı fikir mübadiləsi aparıb, xatirə şəkilləri çəkdiriblər.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva İdarə Heyətinin üzvləri adından belə bir premyerada iştirak üçün şərait yaradan Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyliyə və institutun Həmkarlar İttifaqının sədri Samir Səttarova təşəkkürünü bildirib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə Əlaqələr şöbəsi

Share: