Dilim quruyaydı “yox” deyəndə mən – Baba Vəziroğlu

Bir şeir rublikası

 

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən “getmə” deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı “yox” deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı “yox” deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha “hə” deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı “yox” deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
“Sənsiz nə günüm var?!” söyləməliydim.
Ömrümdə bircə yol “hə” deməliydim,
Dilim quruyaydı “yox” deyəndə mən!

 

Share: